RU

Banklar ucuz kredit elanları ilə vətəndaşları aldadır- "banka gələndə ayrı şeylər görürsən"...

Image

Əkrəm Həsənov: “Konkret olaraq vətəndaşa sms və ya reklam materialında filan faizlə kredit veriləcəyi bildirilibsə, o zaman bank buna əməl etməlidir”

Mütəmadi olaraq vətəndaşlara fərqli banklardan aşağı faizlərlə kredit təklif olunur. Kredit təklifi onlara ya mesaj kimi göndərilir, ya da reklam formasında sosial şəbəkədə yayımlanır. Lakin banka üz tutan müştərilər fərqli mənzərə ilə qarşılaşırlar. Bu zaman onlara ya təklif olunandan daha yüksək faizlə kredit təklif olunur, ya da ümumiyyətlə imtina edilir. 

Banklar öz reklam çarxlarında əhaliyə düzgün olmayan məlumat verirlər. Onlar kreditin ağır şərtləri barədə məlumatları gizlətməklə əhaliyə natamam məlumatlar verirlər və bununla da əhalini cəlb edirlər. Məsələn, banklardan biri reklamların birində bayramla əlaqədar faizsiz kredit kampaniyası apardığını elan etdi. Müraciət etdikdə aydın oldu ki, həmin kampaniya çərçivəsində 6 ay müddətinə verilən və faizsiz hesab olunan kreditə görə müştəri 12 faiz həddində komisyon haqq ödəməlidir. Bu isə təxminən illik 24 faizlə təklif edilən kreditə bərabərdir.

“Banklar yalan reklama görə İqtisadiyyat Nazirliyinin tabeliyində olan Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən cərimələnə bilər” 

Mövzu ilə bağlı fikir bildirən bank sahəsi üzrə ekspert Əkrəm Həsənov “Bakı-Xəbər”ə şərhində bildirdi ki, banklar müştəri cəlb etmək üçün müxtəlif üsullara əl atır: “Bankların bu addımı yalan reklam kimi qiymətləndirilməlidir. Adətən banklar filan faizdən başlayaraq kredit verilişinin mümkün olması barədə məlumatlar yayır. Konkret olaraq vətəndaşa sms və ya reklam materialında filan faizlə kredit veriləcəyi bildirilibsə, o zaman  bank buna əməl etməlidir. Bank vətəndaşı aldadırsa, şəxs bununla bağlı aidiyyəti qurumlara  şikayət edə bilər. Banklar yalan reklama görə İqtisadiyyat Nazirliyinin tabeliyində olan Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən cərimələnə bilər. Vətəndaş ora müraciət etməlidir. İkincisi, bu, kreditlərin verilməsi qaydalarının pozulmasıdır. Mərkəzi Bankın kredit verilməsi üçün müəyyən edilmiş qaydaları var. Həmin qaydaya əsasən, bank mütləq vətəndaşın gəlirini təsdiq edən sənəd tələb etməlidir. Yəni bununla bağlı Mərkəzi Bank da həmin bankları cərimələyə bilər. Üçüncü məsələ isə odur ki, burada vətəndaşa mənəvi zərər vurulur. Həm vətəndaş vaxtını itirir, həm də istədiyinə nail ola bilər. Bu halda vətəndaş həmin bankı məhkəməyə verə bilər. Ona dəyən mənəvi zərərin qarşılığını tələb edə bilər”.

Günel CƏLİLOVA





Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
0
baki-xeber.com

1Источники