RU

Silahlı Qüvvələr Günü təkcə hərbçilərin deyil, bütün xalqımızın bayramıdır -ŞƏRH

Silahlı

Bakı, 26 iyun, AZƏRTAC

Hərbi qüdrətimizin bugünkü səviyyəsi, heç şübhəsiz, vaxtilə Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu ordu quruculuğu siyasətinin məntiqi nəticəsidir. Məhz Ümummilli Liderin gərgin fəaliyyəti və prinsipial mövqeyi nəticəsində ordumuzda güclü təşkilatlanma aparıldı, islahatlar nəticəsində Silahlı Qüvvələrimiz dövlətin dayağına çevrildi. Bu missiya İlham Əliyev Prezident seçildikdən sonra da qətiyyətlə davam etdirildi və ordumuzun qüdrətini ən yüksək səviyyəyə qaldıra bildi. Bütün bunların nəticəsidir ki, güclü ordumuz otuz illik işğala son qoydu, ərazi bütövlüyümüzü bərpa etdi.

1918-ci ildə Şərqdə ilk Azərbaycan Xalq Cümhuriyyəti dövründə milli identifikasiyanın və suveren dövlətin əsasları qoyuldu ki, onun da ən mühüm atributu Silahlı Qüvvələrdir. Silahlı Qüvvələr Günü, ilk növbədə, milli dövlətçilik bayramıdır və təkcə hərbçilərin deyil, bütün Azərbaycan xalqının da bayramıdır.

Bu fikirləri AZƏRTAC-a siyasi şərhçi Emin Bağırov söyləyib.

O qeyd edib ki, Ümummilli Lider Heydər Əliyev 1998-ci ildə imzaladığı Sərəncama əsasən 26 iyun Azərbaycanda Silahlı Qüvvələr Günü elan edildi. Bu gün hərbi inkişafın ən təsirli faktı ondan ibarətdir ki, ordumuz dünyanın 200 ölkəsinin ən güclü ordusu sırasında layiqli yer tutur. Buna əlbəttə ki, dövlət müstəqilliyinin əldə edilməsi kömək etdi, lakin ən başlıcası liderin müdrikliyi, xalqın ona olan inamı və gümanı, eləcə də son illərdəki hərbi islahatlar, güclü bir ordu yaratmağa və gələcək inkişafının əsasını qoymağa imkan verdi.

Nümunə üçün Vətən müharibəsinin nəticələrini xatırlamaq kifayətdir. O zaman rəşadətli Silahlı Qüvvələrimiz ay yarım ərzində “güclü erməni ordusu” mifini alt-üst etdi. 20 sentyabr antiterror tədbirlərindən sonra isə ordumuz 200 illik erməni separatizmini tarixin zibil yeşiyinə atdı.

44 günlük müharibədə qalib gəlməklə rəşadətli ordumuz ermənilərin vəsf etdikləri “Ohanyan xətti”ni dağıtdı, “məğlubedilməz erməni ruhu”nun çürük boşboğazlıq olduğunu isbatladı. Bir sözlə, Vətən müharibəsi Azərbaycan Ordusunun gücünü və qüdrətini göstərdi, hərb tarixinə XXI əsrin müharibəsi kimi daxil oldu, gücümüzü düşmənə və bütün dünyaya nümayiş etdirdi.

Əlbəttə, milli ordumuz istər ötən əsrin əvvəlində, istərsə də SSRİ-nin dağılmasından sonra müstəqil dövlət kimi siyasi arenaya qədəm qoyduğu illərdə indiki qədər güclü olmamışdı. 1920-ci il aprelin 28-də Azərbaycan bolşevik Rusiyası tərəfindən işğal edildikdən sonra ordumuz buraxılmış, bir çox generalımız bolşeviklər tərəfindən güllələnmişdi.

Sovet rəhbərliyi də azərbaycanlı zabitlərin irəli çəkilməsinə, milli zabit korpusunun formalaşdırılmasına hədsiz qısqanclıqla yanaşmışdı. Azərbaycan milliyyətindən olan yeni hərbi kadrların yetişməsinin qarşısını almaq üçün onlar xüsusi bilik və hazırlıq tələb olunmayan hərbi hissələrə göndərilirdi. Amma Azərbaycan xalqının tarix boyu formalaşmış hərbi ənənələrini qırmaq mümkün olmadı. Buna bariz sübut kimi İkinci Dünya müharibəsinin döyüş meydanlarında hərbçilik peşəsində uğurlar qazanan, layiqli və şərəfli döyüş yolu keçən Azərbaycan övladlarının misilsiz qəhrəmanlığı və şücaəti oldu.

1991-ci ildə Sovet İttifaqının dağılmasından sonra Azərbaycan öz müstəqilliyini bərpa etdi və ordu quruculuğu prosesi yenidən başlanıldı. Ancaq həmin illər ordumuzun ən müasir tarixinə çətin dövr kimi düşdü. Ona görə ki, erməni separatçılarının işğalçılıq siyasəti yürütdüyü vaxtda ölkədəki naşı siyasi qüvvələrin ordumuzun möhkənlənməsinə səbəb olacaq zəruri addımları atmadılar. Əksinə, ölkəni siyasi burulğana sürüklədilər və yalnız Ulu Öndər Heydər Əliyevin siyasi hakimiyyətə qayıtmasından sonra həyata keçirilmiş dərin və genişmiqyaslı islahatlar ordumuzun güclənməsinə gətirib çıxardı. Nəticədə, 1994-cü il 6 yanvar gecəsi uğurlu əməliyyat zamanı düşmənin qüvvələri darmadağın edildi, nəticədə Füzuli rayonunun 20-dən çox kəndi, Cəbrayıl rayonunun Horadiz qəsəbəsi və Cocuq Mərcanlı kəndi işğaldan azad edildi. Bütün bu əməliyyatlar xalqın orduya inamını qaytardı və bu, məhz Heydər Əliyevin hakimiyyətə qayıdışı sayəsində gerçəkləşdi.

Emin Bağırov yekunda qeyd edib ki, bu gün Azərbaycan Silahlı Qüvvələri sürətlə inkişaf edir, güclənir. Ölkədə hərbi-sənaye kompleksinin, müdafiə təyinatlı məmulatların istehsalının təkmilləşdirilməsi siyasəti uğurla davam etdirilir. Prezident İlham Əliyevin dediyi kimi, Azərbaycan elə bir güclü ordu yaratmışdır ki, istənilən vəzifəni icra edə bilər: “Ordumuzun müasir texnika ilə təchizatı, müntəzəm olaraq keçirilmiş təlimlər, ordumuzun döyüş potensialının gücləndirilməsi, hərbi sənayenin yaradılması və idxaldan müəyyən dərəcədə asılılığın azaldılması – bütün bunlar məqsədyönlü şəkildə aparılan siyasətin tərkib hissəsidir”.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
40
50
azertag.az

10Источники