RU

Qlobal ekoloji təhlükəsizliyə ən böyük töhfə

Bakı Enerji Həftəsində dünyanın 37 ölkəsini təmsil edən iştirakçılar qısa müddət ərzində Azərbaycanda hər istiqamətdə - neft, təbii qaz və indi isə yaşıl enerji sahələrində əldə olunmuş uğurlarla tanış ola biliblər. Eyni zamanda, burada digər önəmli hədəf bu ilin payızında paytaxtımızda keçiriləcək COP29 kimi mötəbər beynəlxalq tədbirdə qlobal həmrəyliyə və birliyə nail olmaqdır. Prezident İlham Əliyev iyunun 21- də «Euronews»a verdiyi müsahibədə deyib ki,  Bakı Enerji Həftəsi enerji siyasətinin neft, qaz, emal, ixrac və əlbəttə ki, yaşıl enerji də daxil olmaqla bütün seqmentlərini əhatə edir. Dövlət başçısı, eyni zamanda, sərmayə mühitinin hər il daha da yaxşılaşdığını qeyd edib: «Yaxşı sərmayə mühiti var. Bu, həqiqətən göstərir ki, ölkə ənənəvi enerjidən əldə etdiyi gəlirləri hazırda bərpaolunan enerjiyə yönəldir. COP29-a ev sahibliyi edəcək ölkə kimi yaşıl enerjiyə keçid prosesində öndə gedənlərdən olmaq bizim üzərimizə düşən öhdəlikdir.»

Bu gün məhz Prezident İlham Əliyev tərəfindən həyata keçirilən uğurlu enerji siyasəti sayəsində nüfuzlu beynəlxalq şirkətlər ölkəmizə iri həcmli sərmayələr qoyurlar. Hazırda ölkəmizin «Masdar», «ACWA Power» və BP kimi böyük tərəfdaşları var. Məhz həmin tərəfdaşlarla birgə fəaliyyətin nəticəsi olaraq yaşıl enerji sahəsində işlərin həcmi genişlənir ki, bu da son nəticədə ölkəmizin milli enerji şəbəkəsini gücləndirir.

Ölkəmizin qarşısında duran digər önəmli hədəf istehsal olunan mümkün qədər çox enerjini qəbul edəcək bazanın və nəql edəcək loqistik mərkəzlərin yaradılmasıdır. Məhz hazırda ötürülmə xətləri ilə bağlı qonşu ölkələrlə fəal çalışmalar aparılır. Azərbaycan üçün əsas məqsəd yaşıl enerjinin dünya bazarlarına ixracını təşkil etmək və onun miqyasını artırmaqdır. Digər önəmli məsələ isə odur ki, Azərbaycan hazırda ənənəvi enerjidən əldə etdiyi gəlirləri hazırda bərpaolunan enerjiyə yönəldir.

Prezident İlham Əliyev müsahibəsində bildirib ki, ölkəmiz sərmayədarların verdiyi mümkün qədər çox enerjini qəbul etmək iqtidarında olmalıdır. Eyni zamanda, Azərbaycanın özünə planlaşdırdığı qədər bərpaolunan enerji lazım deyil və bu səbəbdən əsas hədəf ixracdır: «Bir sözlə, biz neft və qaz sahəsində hər şeyi başdan-ayağa bilirik. Burada isə biz təzə başlayırıq. Çətinliklərə gəldikdə, bu, milli enerji şəbəkəsi ilə bağlıdır, çünki biz onu gücləndirməliyik ki, sərmayədarların verdiyi mümkün qədər çox enerjini qəbul edə bilsin. Digər çətinlik ötürülmə xətləri ilə bağlıdır, çünki bu halda biz öz qonşularımızla fəal çalışmalıyıq. Azərbaycanın özünə planlaşdırdığımız qədər bərpaolunan enerji lazım deyil və bu səbəbdən hədəfimiz ixracdır. Bərpaolunan enerjidən istifadəyə olduqca düşünülmüş yanaşma tətbiq edilməlidir ki, elektrik enerjisi maksimum istehsal olunsun və təbii qaza qənaət edilsin ki, o, əsasən indi Avropaya lazım olan qaydada nəql olunsun.»

Bərpaolunan enerjinin həcminin artırılması ilə ölkəmiz eyni zamanda tullantıların azaldılmasına da nail olur. Xüsusilə  respublikamızın həm quruda, həm də dənizdə yaşıl enerjinin, xüsusən külək enerjisinin inkişafı üçün böyük potensialı var. Burada hidrogen kimi digər təmiz enerji texnologiyaları da mühüm rol oynaya bilər. Hidrogen tullantıları azaltmağa kömək edən ən mühüm texnologiyadır. Böyük miqyasda bərpaolunan resurslara, eləcə də «Şahdəniz» yatağında təbii qaz ehtiyatlarına birbaşa çıxışa malik olan Azərbaycan həm «yaşıl», həm də «mavi» hidrogenin hasilatı üçün qabaqcıl imkanlara malikdir.

Qeyd edək ki, ölkəmizdə bərpaolunan enerji istehsalı potensialı böyükdür. Prezident İlham Əliyev cari ilin  iyunun 4-də üç elektrik stansiyasının təməlqoyma mərasimində iştirak edib. «Masdar» şirkəti  Biləsuvarda (445 MVt) və Neftçalada (315 MVt) iki günəş elektrik stansiyası və Abşeron-Qaradağda isə 240 MVt gücündə bir külək elektrik stansiyası inşa edəcək. Bu elektrik stansiyalarının ümumi qoyuluş gücü 1000 MVt olacaq.

Ümumiyyətlə, 2023-cü ilin sonunda Azərbaycanda bərpaolunan elektrik enerjisinin istehsalı üzrə quraşdırılmış güc 7,5 QVt təşkil edib.  Bu isə hələ son deyil. Belə ki, gələcəkdə onun həcmi daha da artırılaraq təqribən 27 QVt-a çatdırıla bilər. Burada günəş enerjisi əsas hissəni, yəni 23 GVt, quruda külək potensialı isə təqribən 3 GVt təşkil edəcək. Azərbaycan, həmçinin Xəzər dənizində 157 GVt həcmində qiymətləndirilən  külək enerjisi potensialına da malikdir ki, bu da mövcud quraşdırılmış gücdən 20 dəfə çoxdur.

Elçin Zaman, «İki sahil»

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
7
ikisahil.az

1Источники