RU

Qərbin müəmmalı susqunluğu və…

Azərbaycanın Ermənistanla sülh müqaviləsinin imzalaması üçün hazırda irəli sürdüyü şərtlərdən biri təcavüzkar ölkənin konstitusiyasından və digər qanunvericilik aktlarından ölkəmizə və qardaş Türkiyəyə qarşı ərazi iddialarının çıxarılmasıdır. Bu fikir artıq Prezident İlham Əliyev tərəfindən ən yüksək tribunalardan dəfələrlə səsləndirilib. Məsələn, iyunun 6-da TÜRKPA-ya üzv ölkələrin parlament sədrləri ilə keçirilən görüşdə bu problemi bir daha gündəmə gətirən dövlətimizin başçısı bildirib ki, hazırda iki ölkə arasında sülh prosesi ilə əlaqədar bir neçə açıq məsələ qalmaqdadır. Onlardan biri Ermənistanın konstitusiyasıdır ki, orada Azərbaycana qarşı ərazi iddiaları var: “Ermənistanın hazırkı konstitusiyası dəyişməz qaldığı halda Ermənistanla Azərbaycan arasında sülh sazişinin bağlanması, sadəcə, mümkün deyil”. Bunu dünyanın əksər ölkələrinin rəsmiləri də yaxşı dərk edirlər. Amma Ermənistan hələ də bu istiqamətdə əməli addımlar atmır. Digər tərəfdən, Qərb Ermənistandan Azərbaycan torpaqlarını işğal və ilhaq etməyi nəzərdə tutan konstitusiyasında dəyişiklik etməyi tələb etmir. Halbuki, son günlər ABŞ və digər ölkələrin rəsmiləri Ermənistana mütəmadi səfərlər edir, intensiv görüşlər keçirirlər. Amma həmin görüşlərin heç birində sülh üçün önəmli olan bu məsələdən söz açmırlar. Sadəcə, tərəfləri tezliklə sülh müqaviləsini imzalamağa dəvət etməklə kifayətlənirlər. Hətta ölkəmizə qarşı qərəzli fikirləri ilə tanınan, ermənidən betər erməni olan Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi/Aİ Komissiyasının vitse-prezidenti  Cozep Borrel də Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşdırılması prosesini dəstəklədiyini bəyan etməklə yanaşı, “Cənubi Qafqazda davamlı sülh bizim ümumi məqsədimizdir” deyir.

Artıq sülh müqaviləsinin əksər elementlərinin razılaşdırılmasına baxmayaraq, Emənistan bu susqunluqdan istifadə edərək onu silahlandıran Qərbin, xüsusilə iki ölkə arasında  sülh müqaviləsinin imzalanmasına maneə törətməkdə davam edən Fransanın diktəsi ilə oturub-durmaqla sülh danışıqlarını uzatmaqdadır. Yeri gəlmişkən,  Qazaxın 4 kəndinin işğaldan azad edilməsinin ardınca, digər 4 kəndin də geri qaytarılması müzakirə mövzusu idi. Lakin son vaxtlar bu istiqamətdə tutarlı məlumatlar verilmir.  Hazırda görünən odur ki, Ermənistan qeyri-konstruktiv mövqe ortaya qoymaqdadır. İşğalçı dövlət xüsusilə konstitusiya və qanunvericilik aktlarında dəyişikliklərin edilməsindən boyun qaçırır. Şübhəsiz, bütün bunlar Ermənistanın başının silahlanmağa qarışmasından irəli gəlir. Son günlər haylar tərəfindən şərti sərhəddə, daha doğrusu, Kəlbəcər və Naxçıvan istiqamətlərində atəşkəsin pozulması, Azərbaycan Ordusunu təxribata sövq etmək cəhdləri də elə bu kimi amillərdən qaynaqlanır. Bu isə Ermənistan rəsmilərinin sözdə bir şeyi deyib, arxada fərqli hərəkətlər nümayiş etdrimələrini bir daha sübut edir. Amma tərəfləri tezliklə sülh müqaviləsini imzalamağa dəvət edən Qərb bəs niyə Ermənistana demir ki, bu nə hoqqabazlıqdır? Halbuki, ABŞ da, Qərb də Ermənistanın daxilində və xaricində hansı qüvvələrin nə kimi oyunlar qurmaq istədiklərini yaxşı dərk edirlər.

İyunun 20-də ABŞ Dövlət katibi Antoni Blinkenin Prezident İlham Əliyevlə telefon danışığında da bunun şahidi olduq. Telefon danışığı əsnasında Antoni Blinken Ermənistanla Azərbaycan arasında sülh gündəliyinin irəlilədilməsi baxımından əldə olunmuş nəticələri təqdir edərək, ABŞ-ın iki ölkə arasında münasibətlərin normallaşdırılması prosesinə dəstəyini davam etdirməyə əzmli olduğunu vurğulayıb və tərəfləri tezliklə sülh müqaviləsini imzalamağa dəvət edib. Prezident İlham Əliyev regionda sülhün təmin edildiyini, sülh müqaviləsinin əsasını təşkil edən prinsiplərin və onun mətninin təşəbbüskarının Azərbaycan tərəfi olduğunu qeyd edərək, ikitərəfli əsasda normallaşma prosesi və sülh gündəliyinin irəli aparılması səylərinin davam etdirildiyini bildirib. ABŞ-ın sülh gündəliyinə töhfə vermək əzmini yüksək qiymətləndirən dövlətimizin başçısı Ermənistanda konstitusiya, müvafiq qanunlar və ölkədaxili normativ-hüquqi aktlar əsasında Azərbaycana qarşı olan ərazi iddialarına son qoyulmasının sülh gündəliyinin irəli aparılması baxımından vacibliyini bir daha vurğulayıb. Bununla da hazırda əsas problemin bundan ibarət olduğunu diqqətə çatdırıb. Şübhəsiz,  həmin problemin həlli istiqamətində əməli addımlar atılarsa, bu, sülh prosesinin tezliklə reallaşmasına vəsilə ola bilər.

Dövlətimizin başçısı, həmçinin artıq keçmişin qalığı olan münaqişə səhifəsinin tamamilə bağlanması üçün qeyri-funksional olan ATƏT-in Minsk qrupu və onunla bağlı olan bütün institutların fəaliyyətinə rəsmən xitam verilməsinin vaxtının çoxdan yetişdiyini də Blinkenə xatırladıb. Bu isə o deməkdir ki, rəsmi Bakı konstitusiya dəyişikliyi və Minsk qrupundan imtina ilə bağlı məsələlərdə qətiyyət nümayiş etdirir. İndi necə deyərlər, növbə Qərbindir. Tərəfləri tezliklə sülh müqaviləsini imzalamağa dəvət edən Qərb bu istiqamətdə əməli addımlar atmalıdır. Çünki “halva-halva deməklə ağız şirin olmur”. Ağız şirinliyi üçün sadəcə İrəvanı  zəruri addımlar atmağa məcbur etmək lazımdır.

Qvami Məhəbbətoğlu, “İki sahil”

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
10
ikisahil.az

1Источники