RU

“Bu gün keçmişə qayıtmaq mümkün olsaydı, yenə Tərlan Əhmədov getdiyinə görə orda qalmazdım” - Kantariya

“Şamaxı” yeni mövsümə hazırlığı davam etdirir.

Yaxınlarda baş məşqçi postuna əyləşən Ayxan Abbasov yeni heyət formalaşdırmaqdadı. Bir neçə futbolçu ilə sağollaşan “şirlər” yeni legionerlər də dəvət edib. Onlar srağagün Georgi Kantariya ilə birillik anlaşmanı ictimaiyyətə açıqladı.

27 yaşlı futbolçunun ötən ilin yayınadək “Kəpəz”də forma geyməsi bu transferi maraqlı edib. Hətta Livanın “Nejmeh” klubunda olarkən onun “sarı-göylər”ə dönəcəyinə dair söhbətlər dolaşırdı. Ancaq gürcü yarımmüdafiəçi “Şamaxı” ilə anlaşdı. Futbolçu ilə əlaqə saxlayıb, transferlə bağlı məqamlara aydınlıq gətirməyə çalışdıq.

- “Şamaxı” ilə yeni müqavilə bağladın. Bura necə gəldin? Təkliflər arasından niyə məhz seçimin bura oldu?
- Bəli, başqa ölkələrdən, başqa variantlar var idi. Təbii ki, Azərbaycandan təklif yox idi. Mən Azərbaycana qayıdıb “Şamaxı”da oynamaq istədim. Komanda elitaya yenicə yüksəldi. Təbii ki, bura gəlişimdə Ayxan Abbasovun böyük rolu oldu. Çünki onun oynatdığı futbolu çox bəyənirəm.

-Maliyyə tələblərin rəhbərlik tərəfindən qəbul olundu, yoxsa bununla bağlı güzəşt etdin?
- Ayxan Abbasovla görüşüb söhbətləşdikdən sonra iki-üç gün ərzində hər şeyi razılaşdırdıq. Pul əsas rol oynamadı. Azərbaycan çempionatına qayıtmaq istədim.

- Hamı səni “Kəpəz”dən tanıyır. Amma ötən il Azərbaycanı tərk etməyin müzakirələrə səbəb oldu...
- Bəli, məni “Kəpəz”dən hamı tanıdı. Birgə premyer-liqada qalmağa çalışıb, komandanı xilas edə bildik. Ordan gedəndə çox söz-söhbət oldu. Amma “Kəpəz”dən pul xatirinə getmədim. Tərlan Əhmədov gedəndən sonra bu qərarı verdim. Tərlan müəllim komandadan getməyimi istəmirdi, bu, mənim qərarım oldu. Heç o vaxt onunla bu barədə danışmadım. Tərlan Əhmədov kimi peşəkarın komandadan qovulmasının ədalətsiz qərar olduğunu və növbəti mövsüm yüksək yerlər uğrunda mübarizə aparacağımıza ümidlərimizi öldürdüyünü əsas götürərək belə qərar verdim. Mən ilk növbədə kişiyəm, sonra futbolçu. Bu gün keçmişə qayıtmaq mümkün olsaydı, yenə eyni hərəkəti edərdim və heç nəyi dəyişməzdim. Sizin vasitənizlə Tərlan Əhmədova öz təşəkkürümü bildirirəm. Bizə göstərdiyi peşəkarlığa görə sağ olsun.

- “Kəpəz”ə qayıtmaq variantı var idi? Bəs çempionatımızın hansı xüsusiyyətləri səni geri qayıtmağa sövq etdi?
- Heç bir təklif etməmişəm, heç kimlə danışmamışam. Bu o demək deyil ki, mənim “Kəpəz” rəhbərliyi ilə münasibətim pisdi. Onlarla yaxşı münasibətim qalır. Amma öz prinsiplərim var.

- Bəs Azərbaycandan getdiyin bu 1 il ərzindəki karyeran ürəyincə oldumu?
- Mən “Kəpəz”i Livana görə tərk etməmişəm. Yüksək liqada qalmalarına kömək etmək üçün Gürcüstandakı keçmiş komandama - “Telavi”yə qayıtdım. Elə oldu ki, onlar liqada qaldılar. Bundan sonra mən “Nejmeh”ə gəldim. Hazırda Livanda çempionluq üçün mübarizə aparırıq. Bura çox yaxşı ölkədi, yaxşı insanları var. Düşünürəm ki, onlar indi irəliləməyə başlayırlar və böyük potensiala malikdirlər.

- Azərbaycan çempionatını Livan çempionatı ilə necə müqayisə edərdin?
- Ümumiyyətlə, xüsusiyyət fərqlidir: Azərbaycan Avropadadı, Livan Asiyada. Burda oynamaq asan deyil, Azərbaycanda da asan deyil, çox keyfiyyətli futbolçular var.

- “Şamaxı” ilə birillik müqavilə bağladın. Niyə belə az? Gələcəkdə Azərbaycanda qalıb oynamaq fikrin varmı?
- Belə razılaşdıq. Gələcəkdə nəyin necə olacağını zaman göstərəcək.

- Ayxan Abbasovla ilk dəfə işləyəcəksən.
- Bəli, Ayxan Abbasov mənə zəng etdi və birgə işləməyi təklif etdi. Çox yaxşı komandası var idi, çox keyfiyyətli məşqçidi. “Şamaxı”da da yaxşı komandası olacağına şübhə etmirəm.

- Hazırda hardasan, yeni komandana nə vaxt qoşulacaqsan?

- İndi Livandayam, son oyunumuz qalır. Mövsüm iyunun 30-da bitir. Azərbaycana çempion kimi gəlmək istəyirəm. İyulun 8-də “Şamaxı”ya qoşulacam.

RÖYANƏ OĞUZ

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
31
football-plus.az

1Источники