RU

AÇ-2024: Avstriya qrup qalibi kimi 1/8 finalda!

Almaniyada təşkil olunmuş futbol üzrə Avropa çempionatında (AÇ-2024) qrup mərhələsinin 3-cü turunun oyunları keçirilir.

Arena.az xəbər verir ki, 12-ci oyun günündə daha 2 qarşılaşma baş tutub.

Bu gün D qrupunda mübarizəyə yekun vurulub. Qrup mərhələsinin sonuncu turu çərçivəsində Fransa yığması Polşanı, Niderland millisi isə Avstriyanı sınağa çəkib. Müvafiq olaraq Dortmund və Berlin şəhərlərində baş tutan bu oyunlara eyni saatda (Bakı vaxtı ilə 20:00-da) start verilib.

Bu qrupda son tur ərəfəsində yalnız Polşa yığmasının 1/8 finala yüksəlmək şansı qalmamışdı. Digər komandaların isə qrupdan çıxmaq şansı qalırdı və buna hansı yerlə nail olacaqları son oyunların ardından bəlli olacaqdı.

Fransa – Polşa matçında qalib müəyyənləşməyib. Tərəflər hərəyə 1 qol və 1 xalla kifayətləniblər. Beş qolun qeydə alındığı Niderland – Avstriya matçında isə sonuncular qalib gəliblər. Nəticədə Avstriya millisi qrup qalibi kimi növbəti mərhələyə yüksəlib. Fransa yığması isə buna ikinci yerlə nail olub. Niderland millisi 4 xalla üçüncü yeri tutub. Böyük ehtimalla hollandlar da ən yaxşı qrup üçüncülərindən biri kimi 1/8 finalda iştirak edəcəklər.

Bu gün həm də C qrupunda Danimarka millisi Serbiya ilə, İngiltərə yığması da Sloveniya ilə üz-üzə gələcək. Münhen və Köln şəhərlərində təşkil olunacaq bu görüşlərin start fiti isə saat 23:00-da səslənəcək.

Xatırladaq ki, daha öncə Almaniya, İspaniya və Portuqaliya yığmaları qrup birincisi kimi 1/8 finala vəsiqəni erkən təmin ediblər. İsveçrə və İtaliya yığmaları isə qrup ikincisi kimi növbəti mərhələyə adlayıblar.

AÇ-2024
D qrupu
25 iyun

Fransa – Polşa 1:1
Qollar: Kilian Mbappe, 56-pen – Robert Levandovski, 79-pen.
Baş hakim: Marko Quida (İtaliya)
Dortmund. “Siqnal İduna Park”.

Niderland – Avstriya 2:3
Qollar: Kodi Qakpo, 47. Memfis Depay, 75 – Donyel Malen, 6-öz qapısına. Romano Şmid, 59. Marsel Zabitser, 80.
Baş hakim: İvan Krujlyak (Slovakiya).
Berlin. Olimpiya stadionu.

Xallar: Avstriya – 6. Fransa – 5. Niderland – 4. Polşa – 1.

Избранный
114
1
arena.az

2Источники