RU

Natıq Qasımova “Azərbaycanın Milli Qəhrəmanı” adı verildi - SƏRƏNCAM

Prezident İlham Əliyev Azərbaycanın qəhrəman oğlu Natiq Qasımova “Azərbaycanın Milli Qəhrəmanı” adının verilməsi ilə bağlı Sərəncam imzalayıb. 

FED.az xəbər verir ki, sərəncamda deyilir: 

N.S.Qasımova “Azərbaycanın Milli Qəhrəmanı” adının verilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikasının ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə və döyüş tapşırığını yerinə yetirərkən göstərdiyi şəxsi igidliyə görə Natiq Səlim oğlu Qasımova “Azərbaycanın Milli Qəhrəmanı” adı verilsin (ölümündən sonra).

Natiq Qasımov Birinci Qarabağ Müharibəsinin qəhrəmanlarından biridir.

Xatırladaq ki, Natiq Qasımov 1971-ci il yanvarın 2-də Gədəbəy rayonunun Kiçik Qaramurad kəndində anadan olub. 1975-ci ildən ailəlikcə Mingəçevirə köçüblər. Natiq burada səkkizillik məktəbi bitirdikdən sonra qaynaqçı ixtisası üzrə peşə məktəbində təhsil almışdır. Rusiyanın Krasnoyarsk vilayətində Daxili Qoşun hissələrində xidməti başa vurduqdan sonra 1991-ci ildə Azərbaycana qayıtmışdır, elə həmin il də könüllü olaraq cəbhəyə getmişdir. 1992-ci ildə Xocalının Pirlər kəndindəki kilsədən əsir alınıb, daha sonra ermənilər tərəfindən qətlə yetirilib. 

Natiq Qasımov, erməni işğalçıları ilə mühasirədə sonadək qəhrəmanlıqla döyüşməsi, yalnız dinc əhalinin güllələnəcəyi elan ediləndən sonra silahı yerə qoyması, eləcə də əsir düşdükdə belə Azərbaycan Bayrağını qoruması ilə Azərbaycan xalqının qəlbində yer tapıb. 

Qeyd edək ki, 2019-cu ildə, Türkiyədə azərbaycanlılar tərəfindən erməni lobbisinə qarşı informasiya mübarizəsi aparmaq məqsədilə yaradılan "ASASmedya", Natiq Qasımovun sağ olması və Ermənistandakı kimya zavodların birində işlədilməsi barədə məlumat yayıb. Bununla yanaşı, Natiq Qasımov barədə məlumat verən şəxsə 1000 dollar, onu Rusiya, İran, Gürcüstan və Türkiyədən təhvil verəcək şəxsə isə 10.000 dollar pul mükafatı təqdim ediləcəyi barədə vəd verib.

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının məlumatına əsasən, ermənilər tərəfindən əsir və girov götürülmə faktı danılan şəxslərin siyahısında Natiq Qasımovun da adı vardır. Dövlət Komissiyasının dəfələrlə etdiyi müraciətlərə baxmayaraq, erməni tərəfi indiyədək Natiqin sonrakı taleyini Azərbaycandan və beynəlxalq təşkilatlardan gizlətməkdədir.

Natiq Qasımov erməni zabitləri tərəfindən dindirilən zaman italyan müharibə fotoqrafı Enriko Sarsini də orada olub. Natiq Qasımovun erməni separatçılarının rəhbərlərindən olmuş Vitali Balasanyan tərəfindən qətlə yetirlidiyi bildirilir. 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
43
fed.az

1Источники