RU

Bütün ömrünü hərbə bağladı, 27 yaşında şəhid oldu- şəhid anası Ülkər Xasıyeva...

Image

Ülkər Xasıyeva: “Oğlum Röyal 160 döyüşçü yoldaşını qəhrəmancasına erməni mühasirəsindən çıxarıb...”

İyunun 12-də Mədəniyyət Nazirliyi Respublika Xatirə Kitabı redaksiyasının Şəki Şəhər Heydər Əliyev Mərkəzində təşkil etdiyi “44 gün – Tarixi zəfər” adlı kitabın I və II cildinin təqdimat mərasimi çərçivəsində Şəki, Oğuz və Qəbələdən olan şəhid valideynlərindən övladları, Vətənin igid, ölməz oğulları barədə müsahibələr götürdük.

Ataların, anaların ürəyinin nidasını, ağrısını dinləmək, sözlə də olsa onlara təsəlli vermək, yanlarında olmaq onlara bir az təskinlik verir. Analar anadil quşuna dönüb gecə-gündüz ağlayır, beli bükük atalar ah çəkib köks ötürürlər, gedib qayıtmayan balalarına yas tuturlar. Budəfəki müsahibimiz 1993-cü il aprelin 19-da Şəkinin İkinci Biləcik kəndində anadan olan, Vətən müharibəsində şəhid olmuş Azərbaycan Silahlı Qüvvələrinin baş leytenantı Xasıyev Röyal Abuzər oğlunun anası Ülkər Xasıyevadır. 

“Deyirdi ki, mən canımı qurban versəm də olar, təki Vətən yaşasın, təki torpaqlarımız işğaldan azad olunsun” 

Ülkər xanım bildirdi ki, Röyalın ən böyük arzusu hərbiçi olmaq imiş. Lakin o, oğlunun bu çətin və məsuliyyətli, sonu ölümlü olan arzusuna qarşı gəlirmiş. Buna baxmayaraq, R.Xasıyev  IX sinfi bitirdikdən sonra Cəmşid Naxçıvanski adına Hərbi Liseyi, daha sonra isə Heydər Əliyev adına Ali Hərbi Məktəbi bitirir. Ananın sözlərinə görə, oğlu artilleriya komandiri kimi müharibə başlayan ilk günlərdən döyüşlərə qatılır. “Röyalla eyni cəbhədə digər oğlum Təmraz Xasıyev də döyüşüb. Röyal  son döyüşdə ayağından yaralanıb. Onu hospitala göndərmək istəsələr də, razı olmayıb. Oğlum Röyal əsgərlərini, 160 döyüşçü yoldaşını qəhrəmancasına erməni mühasirəsindən çıxarıb. Özü isə salamat çıxmayıb. Oğlum Füzuli uğrunda gedən döyüşlərdə 7 oktyabr tarixində şəhidlik zirvəsinə ucalıb”.

Ana bildirdi ki, Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Röyal Xasıyev ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı, "Vətən uğrunda" medalı və "Azərbaycan Bayrağı" ordeni ilə təltif edilib.

“Şəhid Röyal Xasıyevin anası kimi oğlumun qəhrəmanlığı ilə fəxr edirəm. Dediyim kimi, oğlum ali hərbi təhsil almışdı. Yeddi il idi ki, orduda xidmət edirdi. Baş leytenant idi, tabor komandiri vəzifəsi daşıyırdı. Çox səmimi, mehriban oğlan idi. Öz əsgərləri ilə öz əzizi, doğması kimi rəftar edirdi. Hələ aşağı siniflərdə oxuduğu vaxtlarda deyirdi ki, ana, mən hərbiçi olacağam, torpaqlarımızı işğaldan azad edəcəyəm. Mən heç bir vaxt onun hərbiçi olmağını istəmirdim. Özünə də deyirdim ki, oğul, bu mübarizənin sonunda ölmək də var axı. O da cavab verirdi ki, ay ana, bu işin sonu ölüm də olsa, torpaqlarımızı azad etmək borcumuz da var. Deyirdi ki, mən canımı qurban versəm də olar, təki Vətən yaşasın, təki torpaqlarımız işğaldan azad olunsun. Gecəsi-gündüzü bu amalla bağlı idi”. 

Ülkər xanım deyir ki, Röyal evli deyildi, bu dünyadan nakam getdi, subaylığı sultanlığa dəyişə bilmədi. “İstədiyi qız vardı. Amma həmişə deyərdi ki, ana, mən hərbiçiyəm, qarşımda böyük vəzifələr var, gec evlənəcəyəm. Kiçik qardaşı nişanlı idi. O da hərbiçi olmaq istəyirdi, amma qoymadı. Deyirdi ki, ana, mən sizin yanınızda ola bilmirəm, heç olmasa qardaşım yanınızda olsun”. 

Danışdıqca haldan-hala düşən ana bildirdi ki, oğlu şəhid olanda heç 27 yaşı tamam olmayıb, 27 yaşını şəhidlikdə bitirib. “Oktyabrın 7-də Füzulinin Alxanlı kəndi uğrunda gedən döyüşlərdə şəhid oldu. Öz taborunu öz taktikası ilə xilas etdi, onları ermənilərin əlindən çıxardı, amma  özü qəhrəmancasına şəhid oldu. 

Röyalın uşaqlığını xatırlayanda da qürur hissi keçirirəm, həm məktəbdə  yaxşı oxuyurdu, həm çox səmimi, mehriban uşaq idi. İki oğlum vardı, ikisi də bir-biri ilə çox səmimi idilər. Balalarım bilikli uşaqlar olublar. Hey Röyala deyirdim ki, biliyin var, nə olar get başqa sahə üzrə oxu, amma o mənim dediyimin yox, öz istəyinin ardınca getdi. 

Çox kasıb olmuşuq. Deyirdi ana, o məktəblərdə oxumağa gücümüz çatası deyil.    

O, heç zaman hərbidən yorulmadı, bezmədi, usanmadı. Deyirdi ki, hərbiçi olmaq çətindi, amma mən yorulmuram, bezmirəm. 

Röyal hərbiçi idi və bizimlə hər vaxt danışa bilməzdi. Sonuncu dəfə biz onunla danışanda sentyabrın əvvəli idi. Dedi ki, narahat olmayın, hər şey yaxşıdır. Tez-tez danışan deyildi. Çox danışmağı sevməzdi, azdanışan idi. Heç bizə deməmişdi ki, müharibə olacaq. 

Biz burada dolana bilmədiyimiz üçün Bakıya getmişdik...

Röyalın şəhid olduğuna ilk  vaxtlar heç inanmırdım. Əvvəllər tez-tez yuxuma gələrdi, həmişə də üzü gülərdi, “ana, mən ölməmişəm” deyərdi. Çox ağladığım günlərdə gələrdi yuxuma. Heç ağlamadığım gün var ki...

Kiçik oğlum nişanlı idi, evləndirdik. O da Vətən müharibəsində iştirak edib, heç qardaşının şəhid olmağından xəbəri yox idi. 21 gün müharibədə olub, sonra Prezidentimizin verdiyi qərara əsasən, onu gedib gətirdik”.

Röyal Xasıyevin doğulduğu İkinci  Biləcik kəndində dəfn olunduğunu deyən ana bildirdi ki, yaxın olduğu üçün oranı seçib: “Mən özümə yaxın yeri seçdim ki, hər gün gedib məzarını ziyarət edim. Hər gün gedib onu ziyarət edirəm, danışıram, dərdləşirəm, oğlumun ətrini məzar daşından alıram (ağlayır). Çox şən idi balam, çox zarafatcıl idi. İki qardaş torpağımızı bölüşərdi, o deyərdi ki, mən burda ev tikəcəyəm, qardaşına evinin planını verərdi, mənə belə ev tikərsən deyirdi. Biz kənddə yaşadığmız üçün həyətyanı sahəmiz var. Röyal deyərdi ki, mənim həyətimə çoxlu meyvə ağacı əkərsiniz...Onun danışdığı belə şeylər idi. Qohum-qardaşı çox istəyərdi, həmişə gələndə hamının evinə bir-bir gedərdi...Belə uşaq idi. Balaca vaxtından iki qardaş mənə çox kömək edirdilər. Röyal elə bir uşaq idi ki, mənim ona məktəbə gedəndə verdiyim pulu xərcləmirdi, sonra qaytarıb özümə verirdi...”

Ülkər xanım bəy otağını bəzəmədiyi oğlunun acısını yaşasa da, onunla qürur duyduğunu da dilə gətirir. Ana bildirdi ki, Xatirə Kitabı Redaksiyasının şəhidlərlə bağlı çap etdiyi kitablar onlara böyük təsəllidir, bu kitablarda oğullarının adı, qəhrəmanlığı yaşayır...

Qəhrəman Röyalın anası da özü kimi qürurlu və vüqarlıdır, qaralar bağlasa da, gizlin-gizlin ağlasa da, amma oğlunun əbədi yolçuluğu ilə fəxr edir, çünki onun ucaldığı zirvənin adı şəhidlikdir!

İradə SARIYEVA
Şəki-Bakı






Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
41
baki-xeber.com

1Источники