RU

Azərbaycan məktəblərində şagirdlərə nə təbliğ olunur? - Təhsil yoxsa özbaşınalıq... 

Xəbər verdiyimiz kimi, Samuxda “Son Zəng”lə bağlı təlimatın pozulduğu məktəbin direktoru ilə əmək müqaviləsinə xitam verilib.


Bu haqda Gəncə-Daşkəsən Regional Təhsil İdarəsi məlumat yayıb.


Bildirilib ki, ümumi təhsil müəssisələrinə “Son Zəng” tədbirlərinin keçirilməsi qaydalarını tənzimləyən müvafiq təlimat öncədən göndərilib:


“Bəzi hallarda təlimatın tələblərinin pozulduğu hallar da müşahidə olunub. Həmin hallarla bağlı araşdırma aparılıb. Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin müvafiq əmrinə əsasən Samux rayon İnstitut qəsəbə tam orta məktəbin direktoru ilə bağlanmış əmək müqaviləsinə xitam verilib”.


Qeyd edək ki, Samuxda keçirilən “Son Zəng” tədbirində kriminal aləmə aid mahnı səsləndirilmişdi. Məktəbin məzunlarının müəllim heyəti ilə bu mahnının sədaları altında rəqs etməsi birmənalı qarşılanmayıb.


Lakin sosial şəbəkələrdə yazılan rəylərə nəzər salsaq, vətəndaşların bəziləri uşaqların bunu sadəcə əylənmək üçün etdiyini, direktorun işdən çıxarılmasının olduqca sərt qərar olduğunu yazanlar da var.


Məktəblərdə belə tədbirlərin keçirilməsi üçün təlimatlar nələrdən ibarət olur? Bu məqamda işdən çıxarılma barədə qərar yerində verilmiş qərardır?


Bu sualları təhsil eksperti Cahid İmanlı Referans.az" target="_blank">Referans.az-a açıqlamasında cavablandırıb.




“Elm və Təhsil Nazirliyi məktəblərdə kütləvi tədbirlərin keçirilməsi zamanı müəyyən qaydalar və ya "qadağalar" qoya bilər. Bu ildə "Son zəng" tədbirlərində Nazirlik öz sosial şəbəkələri üzərindən müəyyən qaydalara riayət edilməsini açıqladı. Bu qərar həm də  rəsmi qaydada bütün məktəblərə göndərilmişdi. Direktor bu təlimata uyğun hərəkət etməli, qabaqcadan tədbirin gündəliyi ilə, səslənəcək mahnıların siyahısı ilə tanış olmalı idi. Ola bilsin ki, direktor bu işi sadəcə Təşkilatçı müavinə və ya bu vəzifəni daşıyacaq digər bir şəxsə etibar edib. Son nəticədə məsələyə peşəkar, ciddi yanaşma olmadığına görə belə bir hal baş verib. Hadisənin bilərəkdən baş verdiyi inandırıcı görünmür. Bu məsuliyyətsizliyə görə müəyyən "cəza"nın verilməsi əlbətdəki düzgündür, amma birbaşa işdən çıxarılma məncə cəzanın ən ağır formasıdır. Ola bilsin ki, Nazirlik bizim görə bilmədiyimiz digər nüansları da nəzərə alaraq bu qərarı verib. Digər tərəfdən belə halların təkrar olunmamasına görə, Nazirlik, verdiyi qərarlarının qəti olduğunu, onların yerinə yetirilməsinin vacib olduğunu göstərmək üçün də öz nöqteyi-nəzərindən haqlıdır”.


Təhsil eksperti Elçin Əfəndi isə bildirib ki, “Son zəng” tədbirində yaşanan bu hal təkcə bir məktəbdə deyil, bir neçə məktəbdə də baş verib. Digər məktəblərlə də bağlı uyğun qərarın verilməsi gözləniləndir.




“Məktəb rəhbərliyi haqqında belə bir qərar verilibsə, olduqca doğru qərardır. Çünki məktəb rəhbərliyi birbaşa şagirdlərin davranışına, onların məktəb daxilində hərəkətlərinə nəzarət edən şəxsdir. Təhsil müəssisəsindən kənarda hər hansısa hadisə və ya hal baş verirsə, bu, məktəb rəhbərliyinin məsuliyyət zonasından kənarda baş verən bir haldır. Amma məktəb daxilindədirsə, məkətb rəhbərliyi buna görə məsuliyyət daşıyır”.


Ekspert qeyd edib ki, direktorun işdən çıxarılmasına üzülərək qərarın səhv olduğunu düşünən qisim yanlış fikirdədir. Bu hadisədə şagirdlər kriminal həyata, “oğru” həyatına təşviq olunub ki, bunun təhsil müəssisəsində baş verməsi yolverilməzdir.


“Nəzərinizə çatdırım ki, belə tədbirlər hazırlanmazdan əvvəl nazirlik tərəfindən müəyyən təlimatlar, tapşırıqlar verilir. Bu təlimatlarda oxunacaq mahnılar, danışılacaq nitqlər, şeirlər hər biri bu təlimatlar çərçivəsində hazırlanmalıdır. Burada şagirdlərlə yanaşı valideynlər, müəyyən qurumlardan gələn nümayəndələr və s. qonaqlar da olur. Buna görə də məlum məsələdir ki, həmin tədbirin əvvəlcədən ssenarisi yazılır, direktora təqdim olunur. Buna görə də direktor bu məsələdə birbaşa məsuliyyət daşıyır və verilən qərar da tam olaraq yerindədir”.

 

Fidan Vəlisoy 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
14
referans.az

1Источники