Bu yay “Brayton”dan ayrılan italyan mütəxəssis Roberto De Zerbi Marsel “Olimpik”inin baş məşqçisi vəzifəsinə təyin edilib.
Arena.az bu barədə Fransa klubunun rəsmi saytına istinadən məlumat verir:
“Hazırda klub bütün maraqlı tərəflərlə italyan məşqçinin və onun heyətinin “Olimpik”in ehtiyat oyunçular skamyasına gəlişini rəsmiləşdirmək və onun yaxın günlərdə Marselə gəlişinə hazırlaşmaq üçün çalışır”, – Fransa nəhənginin rəsmi saytındakı bəyanatında deyilir.
Xatırladaq ki, mayın 18-də Roberto De Zerbi daha əvvəl çalışdırdığı “Brayton”la, aralarındakı müqaviləyə qarşılıqlı razılıq əsasında xitam vermək qərarına gəliblər.
Roberto De Zerbi “Brayton”un sükanı arxasına 2022-ci ilin sentyabrında keçib. İtalyan mütəxəssisin “qağayılar”la müqaviləsi 2026-cı ilin iyun ayının sonuna qədər hesablanmışdı.
De Zerbi “Brayton”u 88 oyuna çıxarıb, 38 qələbə, 20 heç-heçə və 30 məğlubiyyət yaşayıb. İtalyan mütəxəssisin rəhbərliyi altında “qağayılar” 161 qol vurublar, 137 qol buraxıblar.
Cari mövsümdə De Zerbi “Brayton”u Avropa Liqasının 1/4 final mərhələsinə qədər daşıyaraq, burada “Roma”ya məğlub olub.
İngiltərə Premyer Liqasının cari mövsümündə 37 turdan sonra “Brayton” 48 xalla 10-cu pillədə qərarlaşıb.