RU

Təhsil və idman bir arada – Yamalın nümunəsində

Hazırda futbol üzrə Avropa çempionatı davam edir. Həm turnir ərzində, həm də ondan əvvəl bir sıra maraqlı hadisələr baş verib. Onlara diqqətlə nəzər yetirdikdə, çox da sezilməyən müxtəlif məqamlar ortaya çıxır.

Misal üçün , hamının diqqətini çəkən hadisələrdən biri İspaniya milli komandasının heyətindəki 16 yaşlı Lamine Yamaldır. Gənc futbolçu artıq çempionatda oynamağı ilə bir neçə rekordu təkrarlayıb, yeniləyib. Üstəlik, istedadlı futbolçu komandasının qollarından birinin məhsuldar ötürməsini də edib.

Ancaq Yamalla bağlı vurğulamaq istədiyimiz məsələ onun meydandakı bacarıqları deyil. Bir neçə gün əvvəl yayılan məlumata görə, futbolçu məşqlərdən boş qalan vaxtlarda dərslərini hazırlayır. Təsəvvür edin ki, Avropa çempionatında iştirak edən futbolçu bir kənara çəkilib dərsləri ilə məşğul olur.

Belə bir şeyi təsəvvür etmək bir qədər çətin gəlir. Səbəbi də idmanla təhsilin bir-birindən bir qədər uzaq olmasıdır. Əslində, bu stereotip süni şəkildə yaradılmayıb. Həqiqətən də, savadlı olan idmançı tapmaq asan məsələ deyil. Bunu azərbaycanlı idmançıların timsalında xüsusilə görmək mümkündür. Bu gün ölkəmizdə həm gözəl nitq qabiliyyətinə, həm də elmi biliklərə malik olan peşəkar idmançı tapmaq müşkül məsələdir. Belə idmançıları yalnız barmaqla saymaq olar.

Bunu qəbahət hesab eləmək də düzgün deyil. Qeyd etdiyimiz kimi, bu, artıq bütün dünyada bir qaydaya çevrilib: idman təhsilə, təhsil də peşəkar idmana mane olur.

Zəmanəmizdə valideyn qarşısında duran əsas sualardan biri uşağı hansı sahəyə yönəltməkdir. Adətən ölkəmizdə əksər ailələrdə uşaqların idmanla məşğul olmasına şərait yaradılır. Lakin təqribən 7-8-ci siniflərdən başlayaraq onlar idmandan uzaqlaşdırılaraq təhsil dalınca, daha dəqiqi repetitor yanına gedirlər. Bu, əksər uşaqların könlüncə olmasa da, danılmaz faktdır. Uşaq vaxtı perspektiv vəd edən yüzlərlə istedad idmandan kənarda qalır.

Praktika və araşdırmalar göstərir ki, idmanın təhsilə, təhsilin də idmana heç bir maneəsi yoxdur. Əksinə, bu iki sahə bir-birini tamamlaya bilər.

blank

İdmanla məşğuliyyət təhsil prosesnə yardım edir. İdman nizam-intizamı artırır, çətinliklər qarşısında əyilməmək xüsusiyyətini formalaşdırır, yaddaş və konsentrasiyanı yaxşılaşdırır. Digər tərəfdən, yaxşı təhsil idmançıya strategiya və taktikanı düzgün müəyyənləşdirməyə , əlaqələrin qurulması və sosiallaşmaya yardım edir.

Əsas olan balansı düzgün tapmaq və uşağı motivasiya etməkdir. Burada məşqçilərdən də çox şey asılıdır. Onlar öz yetirmələrindən məktəbdə yaxşı qiymət almağı tələb etməlidirlər. Bu mənada, valideyn və məşqçilərin əlaqəsi mütləqdir. Onlar bir uşağın bitkin yetişməsi üçün təmasda olmalıdırlar.

Bir sözlə, idman və təhsilin vəhdətinin inandırıcı görünməməsi düzgün fikir deyil. Hər şey insanın özündən asılıdır. Lazım olduqda, hər iki tərəf üçün kifayət qədər vaxt tapmaq olar. Əsas olan istəkdir. Əgər bu istək varsa, idmançı savadı ilə, alim də fiziki göstəriciləri ilə ətrafındakıları heyran edə bilər. Elə bizim güləşçi Rafiq Hüseynov kimi…

CAVAD

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.

Sahə: Uşaq və gənclərin fiziki və mənəvi inkişafında idmanın rolu

blank
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
15
futbolinfo.az

1Источники