RU

“Türk NATO-su”: Ortaq türk ordusu hər bir turançının arzusudur, amma...

Qırğızıstanın Azərbaycandakı keçmiş səfiri Kayrat Osmonəliyev NATO və ya KTMT-nin analoqu olan regional təhlükəsizlik sisteminin yaradılmasını təklif edib. K.Osmonəliyev Şuşada keçirilən beynəlxalq konfransda çıxışı zamanı türk dövlətlərinin əməkdaşlığının və inteqrasiyasının dərinləşdirilməsinin zəruriliyini vurğulayıb.

Onun sözlərinə görə, hər bir ölkənin təhlükəsizliyinin bütün regionumuzun təhlükəsizliyinin açarına çevriləcəyi Türk dünyası üçün təhlükəsizlik sisteminin yaradılması məsələsini gündəmə gətirməyin vaxtıdır:

"Başqa sözlə, əgər onu Türk Dövlətləri Təşkilatını Aİ ilə yanaşı, mövcud dünya analoqları ilə müqayisə etsək, gələcəkdə müdafiə ittifaqı kimi "Türk NATO-su” və ya “Türk KTMT-si”nin yaradılması haqqında düşünməliyik".

Bəzi ekspertlər bu təklifi təqdirəlayiq saysalar da, hələlik reallaşmasının çətin olduğunu düşünürlər. Çünki eyni dövlətlərin iki hərbi blokda təmsil olunması mümkün görünmür. Məsələn, Qazaxıstan və ya Qırğızıstanın həm “Rusiya KTMT-sində”, həm də “Türk KTMT-sində” təmsilçiliyi mümkün deyil. Türkiyə NATO-dan, Qazaxıstan və Qırğızıstan isə KTMT-dən çıxmalıdırlar. Buna baxmayaraq, türk dövlətləri arasında hərbi əməkdaşlığın zəruri olması barədə təklifin səsləndirilməsini və bu ətrafda müzakirələrin aparılmasını müsbət qiymətləndirmək olar.

Analitiklərə görə, hərbi əməkdaşlığı elə Türk Dövlətləri Təşkilatı çərçivəsində də başlamaq və inkişaf etdirmək mümkündür.

AĞ Partiya sədri Tural Abbaslı Bakıvaxtı.az-a deyib ki, Türk Dövlətləri Təşkilatı çərçivəsində çoxlu şəbəkələr qurula, birliklər yaradıla bilər.

Onun sözlərinə görə, Türk Dövlətləri Təşkilatı nəzdində "türk dövlətlərinin iqtisadi zonası", "türk dövlətlərinin mədəni birliyi", eyni zamanda ayırca hərbi birliklərin formalaşması mümkündür:

"İllərdir Turan ideyasının daşıyıcıları kimi bu fikirləri səsləndiririk. Ortaq türk ordusu, hərbi birlik hər bir turançının ürəyində əsas arzu, istəkdir. Bunun vaxtının yetişdiyini dəfələrlə vurğulamışıq. Amma reallıqları da nəzərə almaq lazımdır. Reallıqlar belə bir birliyin yaranmasına nə dərəcədə imkan verir? Yaxud, Türk Dövlətləri Təşkilatına daxil olan dövlətlər bu fikrə nə qədər hazırdır? Türk dövlətləri öz aralarında ünsiyyəti tam formalaşdıra bilməyiblər. Lakin hərbi birliklə bağlı müzakirələrin başlaması önəmli və lazımlıdır”.

Tural Abbaslı: Türk Dövlətləri Təşkilatı nəzdində ayırca hərbi birliklərin formalaşması mümkündür

Dünya bir neçə qütbə bölünür. T.Abbaslı hesab edir ki, gələcəkdə ya türk dünyası, ya da türk-islam aləmi ayrıca bir qütb olmalıdır. Onnu fikrincə, əks halda hansısa qlobal qütbün tərkibində qalmağa davam edəcəyik:

“O baxımdan arzumuz odur ki, türk dünyasında güclü siyasi, hərbi, iqtisadi birliyimiz olsun. Bu istiqamətdə ciddi işlər görülməlidir. Türk dövlətləri Türkiyə-Azərbaycan münasibətlərini nümunə götürməlidirlər. Azərbaycan-Türkiyə arasındakı hərbi sahədə əməkdaşlıq, birlik digər türk dövlətləri ilə ittifaqın yaranmasına zəmin yarada bilər".

Aydın Baxış

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
23
bakivaxti.az

1Источники