RU

Əziz Orucovun həbsdə saxlama müddəti uzadılıb

Yayımlandı: 25 İyun 2024 14:50 Prokuror hesab edib ki, onun istintaq dövründə azadlıqda olması məqsədəuyğun deyil “Kanal 13” internet televiziyasının Bakı ofisinin rəhbəri Əziz Orucovun istintaq dövründə həbsdə saxlanma müddəti uzadılıb. İyunun 25-də Səbail Rayon Məhkəməsində onun haqqında həbs qətimkan tədbirinin müddətinin artırılması üçün prokurorun təqdimatına baxılıb. Məhkəmə prosesində müstəntiq təqdimatı müdafiə edərək bildirib ki, Əziz Orucov haqqında qaçaqmalçılıq ittihamıyla aparılan istintaq hələ başa çatmayıb. Bir sıra atılası addımlar var. İstintaq davam etdiyi müddətdə isə onun azadlıqda olması məqsədəuyğun deyil. Çünki istintaqdan yayınmaq, prosesin gedişinə təsir göstərmək ehtimalı var. Təqsirləndirilən jurnalist və onun vəkili təqdimata da, müstəntiqin dediklərinə də etiraz edib. Onlar bildiriblər ki, təqdimat əsassızdır, təmin olunmamalıdır. Əziz Orucov heç bir cinayət törətmədiklərini, qaçaqmalçılıq ittihamının əsassız və saxta olduğunu vurğulayıb. Onun sözlərinə görə, məqsəd “Kanal 13”ü susdurmaqdır. Lakin hakim təqdimatı təmin edib – Əziz Orucov haqqında həbs qətimkan tədbirinin müddəti daha 3 ay uzadılıb. Əziz Orucov noyabrın 27-də saxlanılıb. Əvvəl ona qarşı Cinayət Məcəlləsinin 188.2 (Mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsi üzərində özbaşına tikinti və ya quraşdırma işləri aparma) maddəsilə ittiham irəli sürülüb. İddia olunub ki, “Kanal 13” rəhbəri inşasına icazə olmadan ev tikib. Dekabrın 19-da Əziz Orucova Cinayət Məcəlləsinin 206.3.2 (qaçaqmalçılıq – qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsilə əlavə ittiham verilib. Dekabrın 22-də isə kanalın əməkdaşı Şamo Eminov da eyni cinayət işi üzrə Cinayət Məcəlləsinin 206.3.2 maddəsilə təqsirləndirilərək həbs olunub. Onların hər ikisi bu ittihamları rədd edir, “Kanal 13”ün fəaliyyətinə görə cəzalandırıldıqlarını deyirlər. Son 8 ay ərzində Azərbaycanda müxtəlif media qurumlarını təmsil edən 20-yə yaxın jurnalist qaçaqmalçılıq ittihamıyla həbs olunub. “AbzasMedia”, “Toplum TV” və s. media orqanlarının ofislərində axtarış aparılıb. İddia olunur ki, adları çəkilən media orqanlarının əməkdaşları xaricdən qaçaqmalçılıq yolu ilə pul gətiriblər. Lakin jurnalistlər bu ittihamları rədd edir, hakimiyyətdə təmsil olunanların korrupsiya əməllərini ifşa etdiklərinə görə cəzalandırıldıqlarını bildirirlər. Meydan TV

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
77
xural.com

1Источники