RU

Azərbaycan dəmir yollarında CO2 emissiyasına qarşı mübarizə trendləri – TƏHLİL 

Qloballaşan dünyamızda sivilizasiyanı narahat edən məsələlərdən biri də dəmir yolunda karbonsuzlaşmanı sürətləndirməkdir. Çünki iqlim dəyişikliyində dəmir yolunun istismarı zamanı atmosferə atılan karbon emissiyasının - CO2-nin həcmi iləbəil artır. Bu mənfi tendensiyanın qarşısını almaq üçün dünyanın aparıcı ölkələri davamlı tədbirlər görür.

Məsələn, Şimali Amerika və Avropanın bir sıra aparıcı dəmir yolu şirkətləri 2030-cu ilə qədər CO2 emissiyasını müvafiq olaraq 25-36 faiz azaltmağı planlaşdırır. Texnoloji tərəqqi və alternativ enerji mənbələri hesabına 2030-cu ilə qədər dizeldən istrifadə maksimum dərəcədə azaldıla bilər. Bu hesabada 2030-cu ilə qədər yük və sərnişin lokomotivləri üçün dizel yanacağı ilə paritetə çata bilər və bu zaman FCH-nin xərcləri dizellə müqayisədə 15-25 faiz azalar. 
 

Dünyada dəmir yolunda dizeldən istifadə kifayət qədər yüksək həddədir. 

Çin, Hindistan və digər Asiya ölkələrində bu sahədə vəziyyət kifayət qədər ciddidir. Avropa ölkələrdində də vəziyyət o qədər ürək açan deyil. Məsələn, Fransada dəmir yolunda istifadə edən lokomotivlərin və digər struktur avadanlıqlarının 30 faizi hələ də dizellə qidalanır. Ekologiya və Həmrəylik Keçid Nazirliyinin məlumatına görə, dizel Fransa dəmir yolu şəbəkəsinin üçdə birini təmin edir ki, bu da təxminən 3000 kilometr dəmir yolu xəttinə bərabərdir. 


Bu sahədə ən yaxşı vəziyyət ABŞ-dadır. Nəzərə alaq ki, nəqliyyat sektoru ABŞ-ın bütün sektorları arasında ən yüksək miqdarda istixana qazı (İQ) emissiyasını formalaşdırır. Ancaq, dəmir yolu sektorunda bu emissiyaların həcmi cəmi 2%-dir.

Ona görə də dəmir yolu sektorunda CO2 emissiyalarına qarşı mübarizə dünyada ön sıralardadır. Təsadüfi deyil ki, 2015-ci il Paris sazişi 2050-ci ilə qədər emissiyaların 1990-cı il səviyyəsinə nisbətən 90% azaldılmasını tələb edir. 

Bəs, ölkəmizin dəmir yolu sistemində CO2 emissiyalarının azaldılması və dəmir yolllarında ekoloji tarazlığın bərpası üçün hansı işlər görülür?
 

Bəri başdan deyək ki, son 20 ildə Azərbaycanın dəmir yolu sistemi əsaslı şəkildə yenidən qurulub. Bu hesaba da həm daşımaların həcmi artıb, həm də bu sektorda atmosferə atılan CO2-nin həcmi xeyli azalıb.

Azərbaycan dəmir yollarının inkişafından danışan Azərbaycan Prezidenti İlham Əliyev bildirib ki, beynəlxalq hesabatlara əsasən, dəmir yollarının səviyyəsinə və keyfiyyətinə görə Azərbaycan dünya miqyasında 34-cü yerdədir:

“Bu, kifayət qədər yüksək göstəricidir, son illərdə aparılan işlərin təzahürüdür. Onu da əlavə etməliyəm ki, nəqliyyat infrastrukturunun səviyyəsinə görə biz dünyada 31-ci yerdəyik.Yəni, Azərbaycanda bütün nəqliyyat infrastrukturu yeniləşir, müasirləşir. Bir sözlə, Davos hesabatında bizim yüksək yerə malik olmağımız reallığı əks etdirir. Ancaq bununla paralel olaraq biz gələcəkdə bu sahəyə daha böyük diqqət göstərməliyik”.


Təbii ki, dünya reytinqində irəliləmə təkcə texniki göstəricilərə görə deyil. Həm də ekoloji faktor bu məsələdə önəmli yer tutur. Etiraf edək ki, hazırda Azərbaycan dəmir yolları əsasən elektrikləşdirilib. Bu isə o deməkdir ki, dizel yanacağının yaratdığı güclü karbon emmissiyasının həcmi böyük ölçüdə aradan qaldırılıb. 

Məlumdur ki, dəmir yolunda CO2 emissiyasını azaltmaq üçün əsas tələb  sistemin modernləşdirilməsi, enerjiyə qənaətli olmaq, qatarın çəkisi və uzunluğu, enerji istehlakının optimallaşdırılması və yeni qatar satınalmaları üçün  yaşıl poladdan istifadədir.

Dəmir yollarının inkişaf trendləri

Azərbaycan dəmir yolunun arteriyası olan 850 kilometrlik Bakı–Tbilisi–Qars dəmir yolunun 500 kilometrdən çoxu Azərbaycan ərazisindən keçir. Bu hissə ən müasir səviyyədə qurulub. Bu xətt üzrə teplovozlardan ümumən imtina edilib. 2021-ci il mayın 15-də Qəbələ Dəmir Yolu xətti istifadəyə verildi. Ox üzrə 42,3 kilometr, yan yollarla birlikdə isə 44,5 kilometr olan infrastrukturda  enerji mənbəyi elektrikdir.


Abşeron yarımadasında son 10 ildə 100 kilometrə yaxın dəmir yolu xətti inşa edilib. Qatarların hərəkət dövriyyəliyi təmin edilib və bu istiqamətdə hərəkət edən qatarların enerji mənbəyi elektrik xətlərindəndir.

Yol infrastrukturunun müasirləşdirilməsi istiqamətində 363 km uzunluğunda Sumqayıt-Yalama dəmiryol xəttinin yenidən qurulması qrafikə uyğun davam etdirilir. Hazırda uzunluğu 140,6 kilometr olan Horadiz-Ağbənd və 47,1 kilometr olan Bərdə-Ağdam dəmir yolu xətlərinin inşası davam etdirilir. Bu layihələrin icrası zamanı ənənəvi mühərrik sistemlərini yaşıl alternativlərlə əvəz etməklə, karbon izini azaltmaq üçün innovativ metodlardan istifadə edilir. Bu dəyişikliklər standart mühərrikin performansına uyğunlaşmaq üçün bir neçə uyğunlaşma tələb edir.

Müasir dünya həlləri və ADY

Bu gün dünyada çoxlu alternativ həllər var: hidrogen, akkumulyatorlar, hibrid sistemlər və bioyanacaq. Təbii ki, hər bir texnologiyanın həm faydaları, həm də çətinlikləri var. Ona görə də belə qərarlar asan qəbul edilmir və daha çox multifaktorial təhlildən asılıdır. Bu təhlil xətlərə görə dəyişən iqtisadi, texniki, ərazi, əməliyyat və ən əsası ekoloji aspektləri nəzərə alır.

Bu gün dünyada aparıcı dəmir yolu şirkətləri elektrik enerjisi ilə yanaşı hidrogen istehsalını da nəzərdən keçirir. Hidrogen istehsalı üçün "sənaye qovşaqlarının" yaradılması bu sahədə mənzərəni tamamilə dəyişdirə bilər. 

Beynəlxalq Enerji Agentliyinin (IEA) araşdırmasına görə, yaşıl hidrogen 2050-ci ilə qədər qlobal enerji tələbatının təxminən 18%-ni təşkil edə bilər və bununla da CO2 emissiyasını hər il 6 milyard tondan çox azalda bilər.

Məhz bu səbəbdən Azərbaycanın dəmir yolu sektorunda elektrik dartı sistemindən daha geniş istifadə edilir. Bu isə ekoloji cəhətdən təmiz nəqliyyat növünün imkanlarından daha çox istifadə edildiyini göstərir.


ADY-də son illər həyata keçirilən genişmiqyaslı layihələr çərçivəsində innovativ texnika və texnologiyaların tətbiqi, o cümlədən dəyişən cərəyanlı dartı və mikroprosessor idarəetmə sistemlərinə keçid, ikisistemli və dəyişən cərəyanlı yeni elektrovozların və “Evolution” tipli magistral teplovozların, yüksək komfortlu elektrik qatarlarının və yol təmiri maşınlarının tətbiqi, mövcud magistral və manevr teplovozlarının modernizasiyası, yeni inşa edilmiş istehsalat sahələrində ekoloji təmiz enerji mənbəyi olan günəş panellərinin istifadəyə verilməsi və s. tədbirlərin icrası ekoloji tarazlığın saxlanılmasına öz müsbət təsirini göstərməkdədir.  

Hazırda daşımaların 60 faizi əsasən elektrovozlar hesabına həyata həyata keçirilir. Sərnişin daşımada isə elektrik dartıcılardan istifadə 100%-dir. Hazırda Bakı-Ağstafa-Bakı, Ləki-Qəbələ və Bakı-Sumqayıt-Bakı istiqamətlərində bütün daşımaları müasir elektrik qatarlar hesabına həyata keçirilir. Sərnişin daşımada istifadə edilən “Stadler” qatarları ən son nəsl qatarlardır. 

Nəzərə alaq ki, bu qatarların atmosferə CO2 emissiyalarının atışı demək olar ki, yox səviyyəsindədir. Bundan əlaqə bu qatarlar əsasən 4-5 vaqondan ibarət olur. Bu qatarlara sərf edilən enerjinin azlığı da ətraf mühitə tulantıları sıfıra endirir. 

Nəzərə alaq ki, elektrikli qatarlar daha az səs-küy yaradır və ətraf mühitə zərər vermir. Bu, xüsusilə şəhər mərkəzlərində və sıx məskunlaşmış ərazilərdə insanların rahatlığını təmin edir.

15-20 il əvvəl sərnişindaşımada istifqadə edən qatarlara qoşulan vaqonların sayı 10-15 və hətta 20-ə çatırdı. Bu qədər qatarın dartılmasına sərf edilən enerji də təbii ki, kifayət qədər yüksək olurdu. Ən pisi də odur ki, sərnişindaşımada teplovozlardan çox istifadə edilirdi. Bu da karbon emissiyalarının çoxluğundan xəbər verirdi. 

Amma bu gün sərnişin daşımada yığcam və komfortlu qatarlardan istifadə edilir. Bu qatarların ətraf mühitə ziyanını azaldan daha bir üstünlüyü isə sərnişinlərin bayırla təması olmamasıdır. Əvvəlki qatarlarda sərnişinlər vaqonun şüşəsini endirməklə istədikləri tullantını bayıra atırdı. Bunun nəticəsində də dəmir yolu kənarlarında hər zaman zibil yığnaqlarına rast gəlinirdi. 
 

Lakin hazırkı sərnişin qatarlarında bayırla əlaqə yoxdur. Daxili havalandırma sistemi olduğu üçün vaqonların pəncərəsi açılmır. Üstəlik, bütün vaqonlarda zibil qutuları var. Bundan əlavə bütün stansiyalarda çeşidlənmiş tullantı qabları tətbiq olunur. 

Təsadüfi deyil ki, bu və digər tədbirlər hesabına ADY-da kağız tullantıları çeşidlənərək toplandıqdan sonra təkrar emal üçün müvafiq şirkətə təhvil verilir. Bu isə əlavə dəyər yaratmaq deməkdir.

Bundan əlavə, bütün dəmir yolu stansiyalarında, eləcə də təhkim zolaqlarında mövcud boş torpaq sahələrinin yaşıllaşdırılması istiqamətində mütəmadi olaraq tədbirlər görülür. Aşağı Güzdək dəmir yolu stansiyasında dəmiryolçular böyük bir meşə zolağı saılıblar. Ümumilikdə isə son zamanlar 860 hektar yaşıllıq zolağı salınıb.

Bərbaolunan enerji ADY-da

Dəmir yolu nəqliyyatı alternativ enerji mənbələrindən istifadə üçün geniş imkanlar yaradır. Günəş, külək və hidrogen enerjisi kimi yenilənə bilən mənbələr dəmir yolu nəqliyyatında tətbiq edilə bilər.ADY-da son illərdəki fəaliyyətində bərpaolunan enerji mənbələrinin tətbiqi əsas yer tutur. Belə ki, bərpaolunan enerjinin istehsalı üçün dəyişən cərəyanla işləyən lokomotivlərin texniki baxış və təmirinin həyata keçirilməsi məqsədi ilə yeni inşa edilmiş Biləcəri lokomotiv deposunda gücü 66 kilovat olan 147 ədəd günəş paneli və isitmə məqsədi ilə 160 ədəd günəş paneli, yeni inşa edilmiş Gəncə lokomotiv deposunda isə gücü 66 kilovat olan 210 ədəd günəş paneli və isitmə məqsədilə 140 ədəd günəş paneli quraşdırılıb.  

Ətraf mühitə təsirlərin müəyyən edilməsi, təbiətin qorunması işində norma və qaydalara riayət olunmasının təmin edilməsi məqsədilə İSO 14001-in tələbi və ekoloji qanunvericiliklə tələb olunan ekoloji-normativ sənədlərin hazırlanması prosesi həyata keçirilir.

Ədalət naminə deyək ki, ADY-nin CO2 emissiyasının atmosferə tullanmasında payı nəqliyyataın digər sferaları ilə müqayisədə kifayət qədər azdır. Dəmir yolu nəqliyyatı, avtomobil və təyyarələrə nisbətən daha az karbon emissiyası yaradır. Nəzərə alaq ki, 2024-cü il Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili”  elan olunub. Təbii ki, bununla bağlı ADY-nin öz planları var. Ona görə də həm bu il, həm də yaxın illərdə ekoloji təmiz dəmir yolu nəqliyyatının inkişafında yeni trendləri görəcəyik.

Surxay Atakişiyev, Bizim.Media

QEYD:
“Azərbaycan Dəmir Yolları” QSC və Azərbaycan Mətbuat Şurasının ilə kütləvi informasiya vasitələrinin təmsilçiləri arasında keçirdiyi iqlim təşəbbüsləri müsabiqəsinə təqdim olunur”


 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
10
bizim.media

1Источники