RU

YAP Nizami rayon təşkilatı Cəbrayıl rayonunda DSX-nin “N” saylı hərbi hissəsində konsert-tədbir keçirib

Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatı 26 iyun – Silahlı Qüvvələr Günü münasibətilə Cəbrayıl rayonunda Dövlət Sərhəd Xidmətinin “N” saylı hərbi hissəsində konsert-tədbir keçirib.

“İki sahil” xəbər verir ki, öncə hərbi hissənin ərazisindəki Şəhidlər Kompleksi ziyarət edilib, önünə gül dəstələri qoyularaq şəhidlərin əziz xatirəsi böyük ehtiramla yad olunub.

Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayan konsert-tədbirdə Ulu Öndər Heydər Əliyevin, eləcə də Vətənimizin azadlığı və ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə YAP Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov, Nizami Rayon İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Taleh Əliyev, Milli Qəhrəman Yuriy Kovalyovun qızı Regina Kovalyova, Vətən müharibəsi qazisi Denis Quzlayev, şair-jurnalist, Prezident mükafatçısı, Milli Dəyərlər üzrə Maarifləndirmə İctimai Birliyinin sədri Gülşən Behbud və başqaları çıxış ediblər, əsgər və zabitləri Silahlı Qüvvələr Günü münasibətilə təbrik ediblər.

Qeyd olunub ki, Ulu Öndər Heydər Əliyevin ən böyük arzusu Qarabağın düşmən tapdağından azad edilməsi, ərazi bütövlüyümüzün bərpası olub. Rəşadətli Azərbaycan Ordusu müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Qarabağı azad edib, xalqımızın 30 illik yurd həsrətinə, torpaq nisgilinə son qoyub, Azərbaycanın suverenliyi tam olaraq təmin edilib. Bu gün isə Azərbaycan bayrağı Şuşada, Xankədidə, Xocalıda, o cümlədən Qarabağ və Şərqi Zəngəzurun digər ərazilərində qürurla dalğalanır. Diqqətə çatdırılıb ki, bu parlaq Zəfər milli yaddaşımızın qızıl fonduna çevrilməklə, dünyada azərbaycanlıların timsalında “Qalib xalq” düşüncəsini və fəlsəfəsini formalaşdırıb.

Çıxışlardan sonra tanınmış, gənc və istedadlı müğənnilərin iştirakı ilə konsert təşkil edilib. Hərbi vətənpərvərlik ab-havasının hakim kəsildiyi tədbirdə əsgərlərin və zabitlərin zövqünü oxşayan rəngarəng mahnılar alqışlarla qarşılanıb, onlarda xoş təəssürat yaradıb.

Konsert proqramından sonra hərbi hissənin ərazisi ilə tanışlıq olub, hərbçilərlə birgə naharda iştirak edilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
12
ikisahil.az

1Источники