RU

“İndiki dövr olsaydı, 21 yaşında məşqçiliyə başlamazdım” - Qəzənfər Abbasov futbol karyerasını vərəqlədi

Bilindiyi kimi, ötən mövsüm Azərbaycan futbolunun ən yaddaqalan hadisəsi Xankəndidə ölkədaxili oyunun keçirilməsi idi. Söhbət ölkə kubokunun MOİK – “Qarabağ” oyunundan gedir. Tarixi matçda ağdamlılar son dəqiqə qolu ilə qələbə qazandı.

Amma biz “hərbçilər”in çalışdırıcısı Qəzənfər Abbsovla həmin oyun yox, başqa suallar ətrafında söhbətləşdik.

- Qəzənfər bəy, 41 ili geridə qoyduz. Futbolda keçən illəri necə xatırlayırsız, nələr göz önündən keçir?
- Futbolçu karyeramda problem olub. Ona görə ki, 1990-cı illərə, yəni müharibə vaxtına təsadüf etdi. Onda indiki kimi şərait yox idi. Hər yer süni meydançalar, geyimlər... İstədiyimiz ayaqqabılar belə olmayıb. Demək olar ki, uşaq vaxtı futbolla məşğul ola bilməmişəm. Həvəskar səviyyədə oynamışıq. Hazırda yaranan liqalar, fürsətlər olsaydı, bəlkə də harasa gedə bilərdik. Uşaqlığım müharibə dövrünə təsadüf etdiyindən, elə bir futbol karyeram olmadı.

- İndiki dövrə düşsəydi necə olardı, "bəlkə"niz nədi?
 - İndiki dövrdə oynasaydım, futbolçu kimi daha çox və zəngin keçərdi. Həyatım futbolla olardı. Uşaq vaxtımdan futbolla yaşamışam, yəqin ki, daha uzun davam etdirərdim. Ən azı 21 yaşda məşqçiliyə başlamazdım. O yaşlardakı gənclər var ki, yeni-yeni parlayır. Bayaq sadaladığım problemlər üzündən alınmadı. Bəlkə də olsaydı, az-çox sözümü deyə bilərdim.

- Bəs legioner həyatı yaşamaq arzunuz olubmu?
- Futbolçu kimi də, indi məşqçi kimi də legioner həyatı yaşamaq istərdim. Əlbəttə, maraqlı olardı. İndi məşqçi kimi danışacam. Hansısa ölkədə legioner həyatı yaşayıb, oranın adət-ənənəsini, futbol mədəniyyətini öyrənməyi arzulayıram.

- Futbola marağınız nə zaman və necə yarandı?
- Uşaq futboluna Sumqayıtda başlamışam. Beynəlxalq Universitetdə oxuyarkən universitetlərarası turnirdə ABU komandası ilə çıxış etdim. Sonra diz qapağımda problem yarandığından futbol oynamadım. Ondan sonra peşəkar səviyyəyə çıxa bilmədim.

- Kimlərdən dəstək almısız?
- Karyeramda bir çox insanın rolu olub. U-21-də məşqçiliyə başlayanda o vaxt Şimal Regional Futbol Federasiyasının prezidenti Yaşar Şamilov mənə dəstək oldu. 2009-da Məhərrəm Həsənov "Neftçi" İdman Klubuna dəvət etdi. Cavan yaşda U-15-də işlədim. Yəni həyatda mənə dəstək olan insanlar çox olub. Hazırda məşqçilikdə bir balaca uğurum, nəticələrim varsa, o insanlara borcluyam. Qarşıma çıxanların çoxu, hazırda premyer-liqada çalışan məşqçilərin əksəri ilə də dostluq münasibətim olub və məsləhətlər almışam. Futbol ictimaiyyətində yaxşısı da, pisi də var. Mənim bəxtimə yaxşılar düşüb.

- Məşqçi karyeranızda ən unudulmaz illər?
 - "Sumqayıt"da uşaq futboluyla başlasam da, "Neftçi"də təcrübəmi artırdım. 2016-cı ildə həvəskarlar liqasında Sumqayıtın "Uğur" klubu yarandı və orda davam etdim. Həmin ili çempion olaraq, ölkə kubokunu da qazandıq. İlk dəfə həvəskar liqasında böyüklərlə nailiyyətim oldu. Daha sonra "Uğur"la AFFA-nın yaratdığı Region Liqasına qatıldıq. Onda da ilk dəfə yaranan liqanın qalibi kimi tarixə düşdük. Yəni birinci dəfə Region Liqasının qalibi "Uğur" olub ki, onun da məşqçisi mən olmuşam. İkinci il də eyni nəticəni təkrarladıq. Pandemiyada böyük futbol fəaliyyətim dayandı və uşaq futboluna yönəldim. Amma 2022-ci ilin yanvarında MOİK-ə gəldim. İlk dəfə gələndə 8-ci yerdə olan komandanı götürüb, 5-ci yerdə təhvil verdim. Geridə qoyduğumuz mövsümü isə ilk “üçlük”də başa vurduq. Bundan sonra çalışacam ki, peşəkar liqada da birinci olaq.

- Gənc məşqçi kimi böyük klublardan təklif alırsızmı və ya gözlədiyiniz təklif yoxdumu?
- Hazırda 2-3 klubdan təklif var. Əvəzedicilər, 1-ci və 2-ci liqadan da dəvətlər almışam. Amma MOİK-dəyəm və heç yerə getmək istəmirəm. Burda işim yarımçıq qalıb. Komandanı çempion etmək niyyətindəyəm. Burdakı istəyimə çatım, gələcəkdə hədəfim premyer-liqada məşqçi işləməkdi.

- Xankəndində ilk tarixi oyunda baş məşqçi kimi yadda qaldız. Hətta MOİK-in oranı təmsil edəcəyi ilə bağlı fikirlər dolaşırdı. Həmin məsələ nə yerdədi?
- Bəli, mənim üçün ən unudulmaz günlərdən biri idi. Orda çıxış etmək məsələsini dəqiq deyə bilmərəm, çünki rəhbərlik tərəfindən hələ bir söz deyilməyib. Amma olsa, mənim üçün böyük şərəf olar. Can-başla orda çalışaram.

 -Bildiyimə görə, Oğuzdansız.
 - Bəli, elədi. Bu dəqiqə bütün bölgələrdə futbol inkişaf edir. Bizim rayonda da, başqalarında da uşaq məşqçilərinin savadı, şərait onu deməyə əsas verir ki, get-gedə inkişaf var. Məsələn, 2003-06-da Oğuzda futbol yox idi. Liqalar yarandıqdan, məşqçilərin kateqoriyaları olduqdan sonra bütün bölgələrdə futbol da, məşqçilik də inkişaf edir. Futbolçularımız peşəkarlaşır, uşaqlar bu sahəyə yiyələnir. Bunun da bəhrəsi olacaq.

 - Ailənizdə necə, yolunuzu davam etdirmək istəyənlər varmı?
- Hazırda oğlum və qardaşım oğlu futbola gedir. Amma heç vaxt qarşılarına şərt qoya bilmərəm ki, futbolçu olmalısan. Özlərinindən aslıdı, həvəsləri varsa, irəli gedəcəklər.

- Məşqçi kimi futbolçu övladınızla bağlı arzunuz nədi?
- Təbii ki, məşqçi kimi öz məsləhətimi verirəm. “Sumqayıt”da başlayıb. Gələcəkdə özü haranı seçər, ya da onu futbolçu kimi kimsə bəyənərsə, gedər, orda oynayar. Yəni bu öz seçimidi. Mən isə lazım olanda mələhət verəcəm.

RÖYANƏ OĞUZ

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
29
football-plus.az

1Источники