Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının D qrupunda bu gün üz-üzə gələcək Niderland və Avstriya milliləri daha əvvəl böyük turnirlərdə (dünya və Avropa çempionatlarında) iki dəfə qarşılaşıblar.
"Far.Az"un məlumatına görə, 1978-ci ildəki mundialda "narıncılar" 5:1 hesablı qələbəyə seviniblər.
AVRO-2020-də isə Niderland yığması rəqibini iki cavabsız qolla üstələyib.
D qrupunun digər görüşündə Fransa Polşanı sınağa çəkəcək. Tərəflər üçüncü dəfə böyük turnirlərdə bir-birilərinə rəqib olacaqlar. 1982-ci ilin dünya çempionatında Polşa (3:2), DÇ-2022-də isə fransızlar (3:1) qalib gəliblər.
C qrupunda yer alan Danimarka və Serbiya kollektivləri ilk dəfə irimiqyaslı yarışda görüşəcəklər. Danimarka AVRO-1984-də Yuqoslaviyanın qapısından 5 cavabsız top keçirib.
Digər matçda isə İngiltərə Sloveniyanın müqavimətini qırmağa çalışacaq. Millilər böyük turnirlərdə, sadəcə, bir dəfə üz-üzə gəliblər. Bu isə 2010-cu ildə Cənubi Afrika Respublikasında gerçəkləşən mundiala təsadüf edib. Britaniyalılar həmin vaxt qrup mərhələsində minimalhesablı qələbə qazanıblar - 1:0.
Qeyd edək ki, Fransa - Polşa və Niderland - Avstriya matçı Bakı vaxtı ilə saat 20:00-da, Danimarka - Serbiya və İngiltərə - Sloveniya dueli isə 23:00-da start götürəcək.