RU

Makron Fransasının “uğuru”: repressiv rejim və diktatura - ŞƏRH + FOTO

Fransa hakimiyyəti son addımları ilə ən repressiv rejim, prezident Emmanuel Makron isə “diktator” lider adı qazanması ilə öyünə bilər. Dənizaşırı vilayətlərdə atdığı son repressiv addımlar bu qənaəti gücləndirib. Xüsusən də Yeni Kaledoniyada Yelisey sarayı kütləvi həbslərə başlayıb. İnsanlar həbs olunur, əlləri qandallı, gözübağlı halda Fransaya aparılır.
 
Maraqlıdır ki, etirazlardan sonra Yeni Kaledoniyaya səfər edən Emmanuel Makron baş verənlərin araşdırılacağını elan etmişdi. Kütləvi həbslərin aparılması, etirazların təşkilatçısı Kristian Teynin orta əsrlər üsulu ilə qolu qandallı Fransaya aparılmasını da bu “araşdırmanın” nəticəsi hesab etmək olar.
 
Repressiv addımlar artıq onu deməyə əsas verir ki, Paris Yeni Kaledoniyada baş verənlərdən ciddi şəkildə narahatdır. Makron hökuməti sadəcə Niger, Burkina-Faso, Qabon və s. yerlərdə baş verənlərin Yeni Kaledoniyada təkrarlanmamasına çalışır. Makron hökumətinin atdığı addımlar da onu deməyə əsas verir ki, həddən artıq sərt tədbirlər görüləcək. Məsələn, bəlli olub ki, Teyni ilə yanaşı, Fransaya daha altı fəal qolubağlı göndərilib. Onlara qarşı artıq saxta və qondarma ittihamlar - silahlı qarət və qətl törətmək maddələri irəli sürülüb. Qeyd edək ki, etirazlar zamanı 300 nəfər saxlanılıb, adaya dəyən ziyan 1,6 mlrd. dollar məbləğində ölçülür.
 
 
Hələlik 11 nəfər saxlanılsa da, həbslərin davam etdiriləcəyi gözlənilir. Teyninin vəkilləri də artıq müvafiq bəyanatlarla çıxış edib, onu siyasi oyunların qurbanı adlandırıblar. Bu xüsusda Fransanın daxili işlər naziri Jerald Darmananın Teyniyə qarşı ittihamları isə hər kəsi şoka salıb. Nazir onun rəhbəri olduğu Yerli Fəaliyyət Koordinasiya Mərkəzini "mafiya tipli" bir quruluş adlandırıb. Bu da onu deməyə əsas verir ki, Fransa hüquq-mühafizə orqanları nəinki təhqiqat prosesini saxlamaq istəyir, əksinə, ən ağlasığmaz ittihamlarla çıxış etmək niyyətindədirlər.
 
Bu işin sona çatdırılmasını Makronun müəyyən “nailiyyəti” hesab edənlər də var. İndiyə qədər rəsmi Parisə qarşı səslənən ittihamlarda bildirilirdi ki, Fransa iqtidarı keçmiş müstəmləkələrində kifayət qədər sərtlik nümayiş etdirmir. Məhz Afrikada Fransanın nüfuzunun sürətlə aşağı düşməsində də onun kifayət qədər sərt olmaması, qətiyyətsizliyi göstərilir. Lakin bu iddiada olanlar yəqin ki, Yeni Kaledoniyada törədilənlərdən sonra fikirlərindən əl çəkərlər.
 
İlk növbədə, onu deyə bilərik ki, Yeni Kaledoniyada müdafiə hərəkatının rəhbərliyinin həbs olunması və Parisə gətirilməsi Makron hökumətinin orta əsrlərdəki üsul-idarəçilikdən istifadə etdiyindən xəbər verir. Beynəlxalq hüquq müdafiə təşkilatları isə Emmanuel Makrona yeni diktator titulunu asanlıqla təqdim edə bilərlər.
 
Dənizaşırı əyalətlərdə genişmiqyaslı etirazlardan sonra Makronun burada da təslim olacağı qorxusu var idi. Bununla belə, prezident adaya səfəri zamanı heç bir güzəşt olmayacağını və etirazçıların zorakılığının əsassız olduğunu bildirmişdi.
 
 
Yeri gəlmişkən, etirazlarda “əcnəbi iz” axtaran Makron və komandası bu müddət ərzində hətta Azərbaycanı ittiham etməkdən də çəkinməmişdi. Bu ölkənin DİN rəhbərindən tutmuş deputatlarına, mediasına qədər Azərbaycanı ittiham edənlər olub. Hesab ediblər ki, baş verənlərin arxasında Azərbaycan dayanıb. Halbuki Azərbaycan sadəcə neokolonializmə qarşı mübarizəni prioritet elan edib, əzilən xalqların hüquq və azadlıqlarının qorunması uğrunda çalışdığını bəyan edib.
 
Qeyd edək ki, Parisdən təxminən 17 min kilometr uzaqlıqda yerləşən Yeni Kaledoniyada Fransa hökumətinin yerli əhalinin seçkilərdə təsirini azaltmaq məqsədilə konstitusiya islahatları təşəbbüsü adadakı müstəqillik tərəfdarlarını ayağa qaldırmışdı. 1988-ci ildə yerli əhali ilə imzalanan Numea müqaviləsinə zidd olaraq ən azı 10 ildir adada yaşayan fransızların seçkilərdə səs verməsinin yolunu açmaq cəhdi etirazlara səbəb olub. Fransa hökuməti təxminən bir ay davam edən etirazları yatırmaq üçün adaya polis və jandarm göndərib. Burada baş verən insidentlərdə 9 nəfər həlak olub. Mayın 13-də elan edilən fövqəladə rejim mayın 27-də paytaxt Numeada vəziyyət nəzarət altına alındıqdan sonra ləğv edilib. Fransa Prezidenti Emmanuel Makron adaya səfəri zamanı konstitusiya islahatı layihəsini geri götürməyib və onun tərəfdarları ilə əleyhdarlarına dialoq üçün vaxt verib.
 
 
Beləliklə, görünən də odur ki, Yeni Kaledoniya siyasi səviyyədə çox kritik bir dövr yaşayır. Fransa ölkəni yenidən remilitarizasiya etməklə bölgə əhalisinə psixoloji və sosial baxımdan mənfi təsir göstərməkdədir.
 
Digər bir mühüm məsələ ondan ibarətdir ki, dünya birliyi hələ də bu ərazidə baş verənlərə susqunluq nümayiş etdirir. Hazırda Yeni Kaledoniya adasını öz müstəmləkəsi kimi idarə edən Fransanın yerli kanak xalqına qarşı yürütdüyü imperialist siyasətə, eləcə də insan hüquqlarının pozulmasına, onların azadlıq mübarizəsinə və bu mübarizədə üzləşdikləri çətinliklərə toxunulmur. Fransa Yeni Kaledoniya xalqının öz müqəddəratını təyin etməsi və müstəqil olması ilə bağlı üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmir, konstitusiyaya, seçki qanunvericiliyinə müdaxilə edərək yerli xalqın hüquqlarını məhdudlaşdırmağa çalışır. Dünya mediası və beynəlxalq hüquq-müdafiə təşkilatları isə hələ də bu məsələyə biganə yanaşır. /Report/
 
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
22
2
moderator.az

3Источники