RU

Meyvə-tərəvəz, su, bütöv dənli bitkilər... İsti havada sağlamlığı qorumaq üçün necə qidalanmalıyıq?

Son günlər havalar elə isti keçir ki, sözün əsl mənasında nəfəs almaq mümkün deyil. Belə isti havalarda qidalanmaq heç yada düşmür. Amma heç nə yeməmək də olmaz. Bəs nə yeməliyik ki, həm yeyə biləsən,həm də bu istidə yemək də əhvalını pozmasın. Mütəxəssislər deyir ki, isti havalarda həddindən artıq yağlı və şəkərli qidaların əvəzinə, meyvə-tərəvəz və bütöv dənli bitkilər əsasında su, vitamin və mineral tərkibi yüksək olan pəhriz daha uyğundur. İsti havalarda balıq, zeytun yağı ilə tərəvəz, meyvə və salat ən yaxşı seçimdir. Bundan əlavə, isti havalarda tərləmə sürəti artdığından, elektrolit balansını təmin edən qatıq, ayran, və mineral su istehlakı da unudulmamalıdır. Dietoloq Aynurə Əhmədova Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, qızardılmış yeməklər və həddindən artıq yağlı qidalar əvəzinə, yağları çıxarılaraq qrildə, buxarda və ya qaynadılmış şəkildə hazırlanmış ətlər yeyilməlidir. Tərkibində Omeqa-3 yağ turşuları olan balıq həftədə iki dəfə istehlak edilməlidir. Qan şəkərinin sürətlə yüksəlməsinə və düşməsinə səbəb olan yağlı, şəkərli, ağır desertlər yerinə dondurma və ya südlü desertlər istehlak edilməlidir. “Yay aylarında ilk növbədə gündə 5 porsiya tərəvəz və meyvə istehlak etməyə diqqət etməliyik. Tərəvəz və meyvələr tərkibindəki antioksidanlar (A, C, E vitaminləri) sayəsində immunitet sistemini gücləndirir və orqanizmi xəstəliklərdən qoruyur. Fol turşusu, selenium kimi minerallar, oliqosakaridlər və bəzi fenolik birləşmələr bədənin müqavimətini artırır. Xüsusilə; cəfəri, itburnu, yaşıl bibər, çiyələk və limon artishokunda yüksək miqdarda C vitamini, zeytun yağı, qoz, badam, fındıq və onların törəmələrində E vitamini, pomidor, brokoli, balqabaq kimi tərəvəzlərdə də "beta karoten", A vitamini törəməsi var. Bu səbəbdən də, mətbəxinizdən bu tərəvəz və meyvələri əksik etməməliyik”-deyə dietoloq qeyd edib. Aynurə Əhmədova bildirib ki, sarımsaq da insan sağlamlığı üçün önəmlidir. “Sarımsaq təkcə yeməklərimizin əvəzolunmaz dadı deyil, əsrlər boyu insan sağlamlığı üçün mühüm vasitə kimi istifadə edilmişdir. Sarımsaq, güclü antioksidant təsirə malikdir. Bu sayədə immunitet sistemini dəstəkləyir və bir çox xəstəliyin yaranmasının qarşısını alır. Sarımsaq yay aylarında istehlak edilməsi lazım olan qidalar arasındadır”-deyə Aynurə Əhmədova qeyd edib. Dietoloqun sözlərinə görə, son illərdə aparılan bir çox araşdırmalar göstərir ki, probiotik təsiri olan qidalar xüsusilə bağırsaq florasını yaxşılaşdırmaqla immunitet sistemini gücləndirir. Bundan əlavə, araşdırmalar göstərmişdir ki, probiotik qidalar iltihablı xəstəliklərin əmələ gəlməsinin qarşısını alır və antioksidant təsir göstərir. Bu səbəbdən süfrələrimizdə ağartı məhsulları da mütləq olmalıdır. Dietoloq vurğulayıb ki, yayın isti günlərində yaşıl çay içmək də sağlamlıq üçün faydalıdır. Yaşıl çay ürəyi gücləndirir və qan şəkərini balanslaşdırır. Ancaq yaşıl çayın sidikqovucu təsiri olduğu üçün təzyiq və böyrək xəstələri həkim və dietoloqla məsləhətləşdikdən sonra içməlidirlər. “Dəniz balıqlarında antioksidan təsir göstərən yüksək miqdarda Omeqa 3 var. Bir çox araşdırmalar göstərir ki, Omeqa 3 yağ turşuları immunitet sistemini gücləndirir. Bu səbəbdən də həftədə iki dəfə balıq istehlak edilməlidir. Pəhrizinizdə şəkər və şəkərli qidaları mümkün qədər azaldın. Gündəlik maye tələbatı metabolizmə uğrayan hər kalori üçün 1 ml-dir. Yəni orta hesabla 2000 kalori üçün qadınlara 2000 ml (2 litr), kişilərə 2500 ml (2,5 litr), idman edənlərə isə hər yarım saatdan bir 1-2 stəkan lazımdır. 3 litr maksimum ehtiyacdır. Su istehlak etməkdə çətinlik çəkirsinizsə, bir-iki damcı meyvə suyu və ya təzə meyvə tikələri, nanə, limon və soyuq bitki çayları içə bilərsiniz”-deyə Aynurə Əhmədova əlavə edib. İradə Cəlil, Bizimyol.info

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
33
bizimyol.info

1Источники