RU

Peyklər Ozon təbəqəsinə necə təsir göstərir?

"Müasir dövrümüzdə aparılan son araşdırmalar göstərir ki, kosmosda uçuş fəaliyyətinin əhəmiyyətli dərəcədə artması,  həmçinin növbəti 20 il ərzində karbohidrogenlə işləyən peyk aparatlarının 10 dəfə artması yaşadığımız bir planetdə qoruyucu Ozon təbəqəsini zədələyə bilər".

Bunu "Operativ Media"ya açıqlamasında meteoroloq Cavid Hüseynov bildirib.

"Yer səthindən 20-30 km yüksəklikdə stratosferdə əmələ gəlmiş Ozon təbəqəsi planetimizdəki həyatı- canlılar aləmini Günəşin ultrabənövşəyi radiasiyasının zərərli təsirlərindən (insanlarda dəri xərçəngi, immunitetin azalması və s.) və ekoloji təhlükələrdən (ekosistemlərin pozulması, flora və faunanın məhv olması) qoruyur. 1980-ci illərdə aparılan araşdırmalar zamanı Ozonun atmosferdə tükəndiyi, təbəqənin incəldiyi və cənub yarımkürəsində, sentyabrdan noyabr ayına qədər Antarktida üzərində böyük bir dəliyin açılması aşkar edildi. 
Beynəlxalq ictimaiyyət 1989-cu ilin əvvəlində qüvvəyə minən Monreal Protokolu çərçivəsində xloroflorokarbonlar (CFC) və hidrofluorokarbonların istifadəsini mərhələli şəkildə dayandırmağa razılaşdı".

Meteoroloqun sözlərinə görə, tədqiqatçılar  iqlim modelindən istifadə etməklə müəyyən etmişdir ki, atmosferə hər il atılan min tonlarla raket tullantıları stratosferdə illik temperaturu artıracaq ki, bu da qlobal atmosfer sirkulyasiyasını dəyişə və ciddi iqlim pozulmalarına gətirib çıxara bilər:

"Aşağı orbitli peyklərin əksəriyyəti kerosinlə işləyən raketlərlə hərəkətə gətirilir. Peyklər əsasən,  alüminiumdan və çoxsaylı elektron hissələrdən, batareyalardan, karbon fiber, titan, kadmium, litium, nikel, kobaltdan ibarət metallardan və sair nanohissəciklərdən hazırlanır.  Peyk kütləsinin, təxminən 50-90 %-ni təşkil edən kimyəvi maddələr və metallar istifadə zamanı kosmosda davamlı olaraq parçalanması və atmosferə atılması ozon itkisinə səbəb ola bilir".

O qeyd edib ki, geomühəndislər, peyk şəbəkələrinin kosmik orbitə buraxılması və onların sıradan çıxması nəticəsində planetdə alüminium oksidinin miqdarının müvafiq olaraq artmasının, Yerin Günəşdən gələn işığı əks etdirmək və səpələmək qabiliyyətinin dəyişməsinə gətirib çıxaracağını düşünürlər:

"Kiçik peyklər 1-5 il müddət ərzində  kosmosdakı hava vəziyyətini izləməkdən və Yer atmosferinin temperaturunu ölçməkdən tutmuş, daha böyük peyklər üçün texnologiyaların sınaqdan keçirilməsi və telekommunikasiyaları dəstəkləməsinədək geniş tətbiq sahəsinə malikdir. Qlobal internet şəbəkəsinə tələbatın artması kiçik rabitə peyklərinin buraxılışlarının sürətlə artmasına səbəb olur.
Kosmik agentliklər hazırda yeni kiçik peyklər üçün yod daşıyıcı sistemləri sınaqdan keçirir və mövcud kiçik peykləri bu texnologiya ilə əvəz etməyə hazırlaşırlar".

Sevinc İbrahimzadə

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
12
operativmedia.az

1Источники