RU

Fransanın Ermənistanı ölümcül silahlarla silahlandırması ciddi təhlükə yaradır - RƏY

Fransa aqressiv siyasətini Cənubi Qafqaza qədər sürdürür.

APA xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Tural Gəncəliyev deyib.

Deputat bildirib ki, Fransanın Ermənistanı ölümcül silahlarla silahlandırması ciddi təhlükə yaradır: “Cənubi Qafqazda biz sülh yaratmışıq. Bizim üçün Cənubi Qafqazın döyüş meydanına çevrilməməsi əsasdır. Təəssüflər olsun ki, bu gün özünü Napelon hesab edən Makron yeni “Makron müharibələri” aparmaq istəyir və bunu Cənubi Qafqazda da etmək istəyir. Makronun, Fransanın bu hərəkəti təkcə Azərbaycana qarşı deyil, beynəlxalq sülhə qarşı atılmış addımdır. Fransa işğal altında saxladığı ölkələrdə insan hüquqları pozuntularına yol verilməsinin qarşısını almalıdır”.

Deputat Elşad Mirbəşir hesab edir ki, Qərb Fransa vasitəsilə Cənubi Qafqaz regionunda dərin, eyni zamanda çox təhlükəli plan həyata keçirməkdədir: “Ermənistana özüyeriyən CAESAR artilleriya qurğularının verilməsi haqqında razılığa gəlinməsi region üçün çox ciddi təhlükələr yaradır. Bu, həm də onun göstəricisidir ki, Ermənistan özünün sülh ritorikasında tam saxtadır. Bir tərəfdən Azərbaycanla sülh imzalamağa hazır olduğunu bildirir, digər tərəfdən Qərbdən özünə əlavə təhlükəsizlik təminatları tələb edir. Cənubi Qafqaz regionunun tarixində ilk dəfə olaraq, Azərbaycan dövlətinin iradəsi, Prezident İlham Əliyevin strateji baxışları sayəsində təhlükəsizlik mühiti keyfiyyətcə tamam yeniləndi. Münaqişə potensialı tarixən yüksək olan Cənubi Qafqaz regionunda ilk dəfə olaraq regional təhlükəsizlik sisteminin formalaşması imkanı yarandı. Bütün bunları Azərbaycan dövləti, Azərbaycan Prezidenti etdi. Amma Ermənistanın hücum təyinatlı silahlarla silahlandırılması bir daha olduqca təhlükəli planlardan xəbər verir. İkinci Dünya müharibəsindən sonra Almaniyanın və Yaponiyanın silahlı qüvvələrinin yaradılmasına ciddi məhdudiyyətlər tətbiq olundu. 30 il Azərbaycan torpaqlarını işğal altında saxlamış Ermənistanın silahlandırılmasının təhlükəli məqsədlərini bir daha ortaya qoyur. Bu baxımdan, Azərbaycan-Ermənistan münasibətlərinin normalaşdırılması və ya sülhün imzalanması üçün bizim əsas şərtlərimizdən biri də ondan ibarət olmalıdır ki, Ermənistana hücum silahları verilməsin. Biz bu tələbimizi müvafiq beynəlxalq təşkilatlar qarşısında da qaldırmalıyıq".

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
28
apa.az

1Источники