RU

“Anklavlar tezliklə Azərbaycana qaytarılmalıdır, əks təqdirdə...” - mövqe

Politoloqlar deyir ki, Ermənistanın yeganə çıxış yolu  Azərbaycanın qanuni tələblərini yerinə yetirməkdir

“Azərbaycanın Ermənistandakı anklav kəndlərinin qaytarılması prosesi iyulda başlayacaq”.  Belə bir iddianı erməni politoloq Varujan Qeqamyan irəli sürüb (Teleqraf.com). O, Azərbaycanla yanaşı, Türkiyənin də bu məqsədlə Ermənistana təzyiqi artırdığını bildirib. 

“Azərbaycan iyulda başlaması planlaşdırılan prosesi sürətləndirir. Paralel surətdə Türkiyə Ermənistana təsirini daha da artırır”, - Qeqamyan bildirib. 

Qeyd edək ki, söhbət Sofulu, Yuxarı Əskipara, Barxudarlı və Kərki kəndlərindən gedir. Qeqamyanın iddiaları nə dərəcədə əsaslıdır? Bu yay, yəni imzalanacaq sülh sənədinədək və ya COP-29-dan öncə həqiqətən də anklav kəndlər Azərbaycana qaytarıla bilərmi?

fikret.jpeg

Fikrət Yusifov

Sabiq maliyyə naziri, iqtisadi və siyasi məsələlər üzrə ekspert Fikrət Yusifov COP29-dan sonra problemin tam çözüləcəyini düşünür: “Ermənistan Qazağın 4 kəndini necə qaytardısa, eləcə də, Qazağın eksklav olan Sofulu, Yuxarı Əskipara, Barxudarlı kəndlərini və Naxçıvanın Kərki kəndini geri qaytaracaq. Hesab edirəm ki, bu nə mübahisə, nə də müzakirə mövzusudur. Ermənistan yaxşı anlayır ki, bu məsələnin çözülməsində başqa yol tutmağa qalxarsa, o halda Azərbaycan Ordusu məsələni bir neçə saat ərzində həll edəcək. Hesab edirəm ki, biz indi Zəngəzur dəhlizinin açılması üzərində daha çox çalışmalı və bu yolun açılmasının optimal variantları üzərində düşünməliyik. Bu gün Cənubi Qafqazda Rusiya ilə Qərb arasında gizli savaşın başlıca səbəbi bu yola kimin nəzarət etməsi ilə bağlıdır. Düzdür, nə Qərb, nə də Rusiya bu qarşıdurmanın açıq müstəviyə keçməsini hələlik istəmir. Lakin bütün yollar belə bir qarşıdurmaya aparır. Bu məsələdə Rusiya, Türkiyə, İran və Azərbaycan bir tərəfdə, ABŞ, Avropa Birliyi - xüsusilə də Fransa və Ermənistan isə bir cəbhədən çıxış edirlər. Düşünürəm ki, problem yekun olaraq öz həllini Amerika Birləşmiş Ştatlarında bu ilin noyabr ayının əvvəlində keçiriləcək prezident seçkisindən sonra tapacaq. Bütün hallarda nə Azərbaycan, nə Rusiya, nə də Türkiyə ilə İran bu dəhlizə Qərbin nəzarət etməsinə imkan verməyəcək. Qərbin isə Cənubi Qafqazla və xüsusilə də Zəngəzur dəhlizi ilə bağlı öz planları var. Məsələnin hansı şəkildə həll edilməsi digər tərəfdən Rusiya-Ukrayna müharibəsinin necə yekunlaşmasından çox asılı olacaq. Eksklav kəndlərimizin qaytarılması isə bu ilin sentyabr ayına qədər sülh yolu ilə həll ediləcək. Əgər Ermənistan rəhbərliyi ağlını itirib bu məsələnin həlli zamanını uzadarsa, o halda problem COP29 bitdikdən dərhal sonra Azərbaycan Ordusu tərəfindən çözüləcək”.

Asim

Asim Mollazadə

Demokratik İslahatlar Partiyasının sədri, deputat Asim Mollazadə erməni tərəfin hələ düzəlmək fikrində olmadığını qeyd etdi: “Ermənistan rəhbərliyinin çox vaxt bəyanatlarına və sözlərinə inanmaq çətindir. Çünki onlar müsbət bəyanatlar verməklə yanaşı, eyni zamanda zəruri addımları atmırlar. Bəhanə kimi, radikal Ermənistan müxalifətindən çəkindiklərini və ölkədə vəziyyətin gərginləşməsini bəhanə kimi önə sürürlər. Çox güman ki, onlar təzyiqlər altında hansısa addımlar ata bilərlər. Biz bunu Qazax rayonunda delimitasiya prosesində, kəndlərin qaytarılmasında gördük. Lakin görürsünüz ki, kəndləri tərk edərkən də minaları basdırırlar, evləri yandırırlar, ağacları kəsirlər. Çox təəssüflər olsun ki, ənənəvi oyunlarından vaz keçmirlər, normal dövlətə çevrilməkdə çox ciddi çətinlik çəkirlər”. 

Elçin

Elçin Mirzəbəyli 

Ədalət, Hüquq, Demokratiya Partiyasının sədr müavini, politoloq Elçin Mirzəbəyli Ermənistanın Azərbaycanın tələblərini yerinə yetirməli olduğunu söylədi: “Anklavda olan kəndlərin sahibinə - Azərbaycana qaytarılması ilə bağlı, məhz iyul ayında konkret addımların atılacağını təsdiqləyən rəsmi mənbə yoxdur. Bu məsələ ilə bağlı istənilən ehtimal irəli sürülə bilər. Lakin sülh müqaviləsinədək bir neçə məsələnin öz həllini tapması zəruridir. Bunlardan birincisi, Ermənistanın müstəqillik bəyannaməsindən, konstitusiyasından və digər hüquqi-normativ aktlarından Azərbaycan ərazilərinin ilhaqını nəzərdə tutan məqamlar çıxarılmalı, anklavlar ölkəmizə qaytarılmalıdır. Əks təqdirdə, sülh müqaviləsinin imzalanması, Ermənistanın ərazi iddiaları və anklavda olan kəndlərimizin itirilməsi ilə barışmağımız anlamına gələ bilər. Nikol Paşinyan son açıqlamalarında, dolayısıyla anklavlarla bağlı məsələni nəzərdə tutaraq, ərazi mübadiləsi üçün referendumun keçirilməsinin zəruriliyini dilə gətirmişdi. Lakin anklavların geri qaytarılması üçün referendumun keçirilməsinin vacib olduğunu düşünmürəm. Ermənistan beynəlxalq təcrübəni əsas götürərək, Azərbaycan vətəndaşlarının Sofulu, Yuxarı Əskipara, Barxudarlı və Kərki kəndlərinə gediş-gəlişinin təhlükəsizliyini təmin edə bilər və bunun üçün referendumun keçirilməsinə də ehtiyac yoxdur. Referendum Ermənsitan konstitusiyasında birbaşa və dolayısıyla yer alan ərazi iddialarının aradan qaldırılması ilə bağlı keçirilməlidir. Anklav kəndlərin Azərbaycana qaytarılması və ərazi iddialarının aradan qaldırılması sülh müqaviləsinə aparan yeganə yoldur və Ermənistan Azərbaycanın bu qanuni tələblərini yerinə yetirməlidir”.

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
15
musavat.com

1Источники