RU

Özbəkistanda Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 106-cı ildönümü qeyd edilib

Özbəkistan paytaxtındakı “Wyndham Tashkent” otelində 26 İyun - Silahlı Qüvvələr Gününə həsr olunan rəsmi qəbul keçirilib.

Mərasimdə Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev, digər ölkələrin səfirləri, paytaxtdakı diplomatik qurumların hərbi attaşeləri, Özbəkistan müdafiə nazirinin müavini Kadır Tursunov, nazirliyin  digər təmsilçiləri, Azərbaycan diasporunun üzvləri, jurnalistlər iştirak edib. 

Qəbulda əvvəlcə Azərbaycanın və Özbəkistanın Dövlət himnləri səsləndirilib.

Azərbaycanın Özbəkistandakı Hərbi Attaşelik Aparatının rəhbəri, polkovnik Samir Əfəndiyev qəbula toplaşanları salamlayaraq bildirib ki, 26 iyun Azərbaycan tarixinin əlamətdar səhifələrindən biri-Milli Ordunun yarandığı gündür. Məhz 106 il əvvəl Azərbaycan Ordusunun yaranması Milli dövlətçilik tarixinin mühüm mərhələlərindən biri kimi tarixə düşüb. Müstəqil Azərbaycan ordusunun yaranması və inkişafı, yeni mərhələyə qədəm qoyması isə Azərbaycan Prezidenti İlham Əliyevin adı ilə bağlıdır. 

S.Əfəndiyev deyib:”Bu gün Azərbaycan ordusu möhkəm maddi-texniki bazaya malikdir və ən müasir silahlarla təchiz olunub. Məhz Ali Baş Komandanın səyləri nəticəsində Azərbaycan ordusu regionun ən güclü ordularından birinə çevrilib. 2020-ci il sentyabrın 27-də Ermənistanla başlayan və Azərbaycanın qələbəsi ilə bitən 44 günlük Vətən müharibəsi təkcə Azərbaycanın tarixində deyil, dünya hərb tarixində mühüm iz qoyub. Torpaqlarımızın azad olunması ilə bağlı əmrə daim hazır olan Azərbaycan ordusu Vətən müharibəsi günlərində bir addım da geri çəkilməyərək düşmənə ağır zərbələr vurub və 44 gün ərzində 30 ilə yaxın işğal altında olan torpaqlarımızı azad edib”.

Hərbi Attaşelik Aparatının rəhbəri bildirib ki, hazırkı dövrdə Azərbaycan dövləti milli və dövlət maraqları naminə beynəlxalq hərbi əməkdaşlığı uğurla davam etdirir. Dünyanın hərbi analitik mərkəzləri 44 günlük Vətən müharibəsində Azərbaycan hərbi qüvvələrinin qələbəsini təıhlil edir, bir çox ölkənin hərbi idarələri ordumuzun təcrübəsindən özləri üçün örnək götürür. 

S.Əfəndiyev qeyd edib ki, Azərbaycan Respublikası beynəlxalq standartlara uyğun olaraq hərbi infrastrukturun inkişafına hərbi potensialın möhkəmlənməsinin əsas şərti kimi baxır, aparıcı dövlətlər və beynəlxalq təşkilatlarla ikitərəfli, üçtərəfli və çoxtərəfli hərbi əməkdaşlığa böyük önəm verir. 

O bildirib ki, Qarabağ məsələsinün həlli istiqamətində Özbəkistan həmişə Azərbaycanın ədalətli mövqeyini dəstəkləyib və bunun üçün biz Özbəkistanın rəhbərlərinə minnətdarlıq edirik.  

Tədbirin bədii hissəsində Özbəkistanda tanınan müğənni, soydaşımız Rəna Əzizova bəstəkar və xalq mahnılarını, İlham Abdullayev sazda qədim el havalarını, Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin “Azərbaycan” ansamblının üzvləri milli rəqslərimizi ifa ediblər. 

Sonda qonaqlara ziyafət verilib. 

Qulu Kəngərli

XQ-nin xüsusi müxbiri

Daşkənd 

 

 

 

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
6
7
xalqqazeti.az

8Источники