RU

Qayıdış sürətlənir: 3 mindən çox vətəndaşımız Xankəndidə məskunlaşıb

İşğaldan azad olunmuş ərazilərə "Böyük Qayıdış";

 Onlar burada çalışan dövlət müəssisəsinin əməkdaşları və bizneslə bağlı çalışan işçilərdir
 
 
 
 Təsdiq olunmuş köç planına əsasən, Xocalı şəhəri, Kərkicahan qəsəbəsi və Malıbəyli kəndində, eləcə də Ağdərə rayonunun Umudlu kəndinə bu il ərzində ümumilikdə 228 ailənin yerləşdirilməsi nəzərdə tutulub. Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Prezidentin xüsusi nümayəndəsi Elçin Yusubov Xankəndi şəhərində keçirilən “Ətraf Mühitinin Gücləndirilməsində Maarifləndirmə və Hüquq-Mühafizə Tədbirlərinin rolu” mövzusunda Elmi-Praktiki Konfrans zamanı deyib ki, artıq Xocalı şəhərinə 50 ailənin köçürülməsi təmin edilib, yaxın müddətdə isə daha 50 ailənin köçü həyata keçiriləcək: “Hazırkı tarixədək isə Ağdərə rayonun Talış kəndinə 20 ailə köçürülmüş, bu ilin sentyabr və oktyabr aylarında isə Suqovuşan qəsəbəsinə 190 ailənin köçürülməsi planlaşdırılır. Növbəti illərdə bu say dəfələrlə artacaqdır”.  
 Prezidentin xüsusi nümayəndəsi bildirib ki, hazırda 3 mindən çox vətəndaş Xankəndidə məskunlaşıb. Onun sözlərinə görə, Xankəndi şəhərində hazırda əhalinin öz yurdlarına qayıtması, regionun inkişafı ilə bağlı işlər görülür: "Xankəndi və ətraf rayonlara yaxın zamanlarda köç davam edəcək. Hazırda 3 mindən çox vətəndaş Xankəndidə məskunlaşıb. Onlar burada çalışan dövlət müəssisəsinin əməkdaşları və bizneslə bağlı çalışan işçilərdir. Xankəndidə hazırda 43 obyekt fəaliyyət göstərir. Obyektlərdə 322 nəfər hazırda işlə təmin edilib. Yaxın vaxtlarda daha 37 obyektin açılması nəzərdə tutulub. Qarabağ Universitetinin açılmasından sonra burada yaşayış sayının çoxalması və obyektlərin açılması nəzərdə tutulub".
 Xüsusi nümayəndə vurğulayıb ki, Xankəndidə və ətraf rayonlarda hüquq-mühafizə, o cümlədən prokurorluq orqanlarının üzərinə mühüm vəzifələr düşür. O bildirib ki, Azərbaycan prokurorluğu istər 1-ci, istərsə də 2-ci Qarabağ müharibəsində xalqımıza qarşı törədilmiş cinayətlərin təqibində hər zaman məqsədyönlü fəaliyyət göstərib: "Xüsusilə Vətən müharibəsində dinc əhaliyə qarşı cinayət törətmiş, eləcə də uzun illər ərzində qondarma quruma rəhbərlik etmiş bir sıra şəxslərə qarşı cinayət işinin açılması, zəruri istintaq hərəkətlərinin həyata keçirilməsi və onların tutularaq məsuliyyətə cəlb edilməsində prokurorluq orqanları yüksək peşəkarlıq nümayiş etdirib".
 Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov deyib ki, 10285 kvadratmetr ərazi mina və partladılmamış sursatlarla çirkələndirilib. O bildirib ki, 10 min kvadratmetr ərazinin hamısı heç də mina sahəsi deyil: "Döyüş gedən ərazilər mütləq təmizlənməlidir. Azad edilən ərazilərin hər birində təmizlənmə işləri aparılır. Bu ilin mina təmizilənmə üzrə illik planı 60 min hektardır. Bizə daxil olan istəklərin sayı 400 mindən artıqdır". V.Süleymanov Xankəndidə çoxlu sayda tələ minaların aşkar edildiyini də bildirib. Onun sözlərinə görə, minalanmış sahələrin heç bir hərbi məntiqi yoxdur: "Təmas xətti başadüşüləndir. Hərbi olmayan ərazilər, qəbiristanlıqlar, evlər minalanmışdı”. Q qeyd edib ki, 480 ton plastik tullantı da ətraf mühitə ziyan vurub. ANAMA rəhbəri vurğulayıb ki, Ermənistan tərəfi bir neçə dəfə mina sahələri ilə bağlı məlumatlar verib, məlumatlar emal edilib: "Bu məlumatları emal etdik, bəlli oldu ki, istifadə olunan məlumatların yararlılığı 25 faizi keçmir. Bu, çox aşağı səviyyədədir. Yalnız keçmiş təmas xəttini bu əhatə edir". V.Süleymanov onu da deyib ki, ərazilərimizin işğalı dövründə ölkəmizin ən saf və gözəl təbiətə malik bölgələrindən olan Qarabağ və Şərqi Zəngəzur Ermənistan hərbi birləşmələri tərəfindən dağıdılmış və təxmini hesablamalara görə 1.5 milyona yaxın mina və partlayıcı sursatlarla çirkləndirilmişdir. Bu, minimum hesablama ilə zərərli maddələrlə çirklənmiş 480 ton plastik kütlə, ətraf mühitə atılan 12.600 ton karbon-dioksid emissiyası və digər zəhərli qazlar deməkdir.

 "Böyük Qayıdış"la bağlı "Sherg.az"a danışan millət vəkili Naqif Həmzəyev deyib ki, Azərbaycan 2023-cü ildə həyata keçirdiyi antiterror tədbirləri zamanı separatçıların sıx cəmləşdiyi ərazilərdə nəzarəti öz üzərinə götürdü və separatizmin kökünü tamamilə kəsdi. Nəticədə Xankəndi və ətrafındakı kəndlər, qəsəbələr, şəhərlər Azərbaycan Silahlı Qüvvələrinin tam nəzarətinə keçdi: 
"Həmin dövrdən başlayaraq bu ərazilərdə ilk növbədə minalardan təmizlənmə prosesi həyata keçirildi. Daha sonra hərbçilərin polislərlə əvəzlənməsi və burada xidmət göstərən dövlət qulluqçularının yerləşdirilməsi işi həyata keçirildi. Xankəndinə kütləvi köçün müjdəsi cənab Prezident İlham Əliyev tərəfindən verilmişdi. Xankəndidə Qarabağ Universiteti bu tədris ilində fəaliyyətə başlayacaq. İlk köç də məhz tələbələr tərəfindən, universitetdə çalışacaq müəllimlər tərəfindən reallaşdırılacaq. Düşünürəm ki, Qarabağ Universitetinin fəaliyyətə başlaması nəticə etibarilə Xankəndidə həyatı daha da canlandıracaq. Bununla yanaşı biz Xocalıya və ətraf kəndlərə də 2024-2025-ci illərdə köçün həyata keçiriləcəyinə şahidlik edə biləcəyik. 2027-ci ilə qədər isə ümumiyyətlə bu ərazilərdə 140 mindən çox keçmiş məcburi köçkünün məskunlaşacağı hədəflənir. Bir sözlə, Qarabağ və Şərqi Zəngəzurda, xüsusilə Xankəndi və ətraf ərazilərdə keçmiş məcburi köçkünlərin öz dədə-baba yurdlarına yerləşməsi üçün dövlət proqramları həyata keçirilir. İnanıram ki, bu proses gözləniləndən daha sürətlə həyata keçiriləcək. Çünki hər kəs səbirsizliklə öz evlərinə, yurdlarına qayıtmağı istəyir. Azərbaycan dövləti də burada həyatı yenidən canlandırır. Bu proses bəlkə də heç yerdə bənzəri olmayan bir prosesdir. Çünki belə sürətlə "Böyük Qayıdış"ı reallaşdıra bilmək heç bir dövlət tərəfindən reallaşdırılmayıb. Ancaq Azərbaycan dövləti bunu edir və yeni bir təcrübə ortaya qoyur".

 Parlament üzvü vurğulayıb ki, gələcəkdə də qayıdışı təmin etmək üçün Azərbaycanın formalaşdırdığı və yaratdığı bu model, bu təcrübə öyrəniləcək: 
"Azərbaycan dövlətinə və bütün bu proseslərdə yaxından iştirak edən bütün dövlət qulluqçularına dərin təşəkkürümü bildirirəm. Azərbaycan Ordusuna həmişə minnətdarıq ki, onlar Azərbaycan dövlətinin sərhədlərini və milli təhlükəsizliyini qoruyur. Bütün sərhədboyu ərazilər Azərbaycan Silahlı Qüvvələri tərəfindən qorunmaqdadır. İnşallah, biz Cənubi Qafqazda dayanıqlı və uzunmüddətli sülhə nail olacağıq. Ermənistan da öz səhvlərini dərk edərək bir daha qonşularının torpağına göz dikməyəcək. Cənubi Qafqazda daimi sülh həmişə var olacaq".
 
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
34
sherg.az

1Источники