RU

İranda bayram əfvində Fərid Səfərlini niyə buraxmadılar - son gəlişmə

Hüquq müdafiəçisi: “Fəridi həbsxanada saxlamaqla bundan daha çox faydalanmaq istəyirlər”

İranda haqsız yerə həbsdə saxlanılan azərbaycanlı gənc Fərid Səfərli bu dəfə də əfvə düşmədi. Belə ki, İranın ali dini lideri Əli Xameneyi iyunun 16-da Qurban bayramı və Qədir Hum bayramları münasibətilə 2654 məhbusu ya əfv edib, ya da həbs müddətini azaldıb və cəzalarını dəyişdirib. “182 qadın, 30 xarici ölkə vətəndaşı, ölkənin təhlükəsizliyinə qarşı cinayət törətməkdə təqsirli bilinən 53 nəfər, o cümlədən 6 azyaşlıya amnistiya verilib”, - məlumatda bildirilir. 

Onların arasında F.Səfərli niyə olmadı? Yaxud haqsız cəzası niyə azaldılmadı, əgər İran həqiqətən də Azərbaycanla diplomatik münasibətləri tam qaydaya salmaq istəyirsə, xoş məram niyə göstərmir? Fəridin maddəsi əfvə niyə düşməsin ki? 

Dilarə

 Dilarə Əsgərova

Fərid Səfərlinin anası Dilarə Əsgərova “Yeni Müsavat”a deyib ki, bayramda oğlu ilə əlaqə saxlayıb: “İki həftədən bir Fəridlə danışırıq, hər hansı problemi yoxdur. Amma bu dəfə də əfvə düşmədi. Açığı, heç ümidim də yox idi”. D.Əsgərova əlavə edib ki, Fəridə verilən cəza müddəti gələn ilin fevral ayında bitəcək. 

Səidə

 Səidə Qocamanlı

Mövzu ilə bağlı hüquq müdafiəçisi Səidə Qocamanlı da “Yeni Müsavat”a fikirlərini bildirib. O deyib ki, bununla bağlı dövlət strukturları danışıqlar aparmalıdır: “Görünür, Fəridlə bağlı bu süründürməçilik İranın öz maraqlarına xidmət edir. Bu səbəbdən də Fəridi əfv etmədilər. Halbuki İran vətəndaşlarının xeyli hissəsi Azərbaycan Prezidenti tərəfindən imzalanan əfv sərəncamında yer almışdı. O strukturlara sual verilməlidir ki, niyə Fərid əfv olunanların arasında deyil? Demək ki, Fəridi həbsxanada saxlamaqla bundan daha çox faydalanmaq istəyirlər, bunda maraqları var. Halbuki Fəridin günahsız olması hər kəsə məlumdur, burada cinayət əməli yoxdur. İranın rəsmi qurumlarına, qeyri-hökumət təşkilatlarına müraciət edirik ki, bizim dövlətin göstərdiyi xoşməramı onlar da bizim vətəndaşa göstərsinlər. Onu da qeyd etmək lazımdır ki, Azərbaycandan İrana bir çox hallarda ya təsadüfən, ya da müalicə məqsədilə keçərkən həbs olunan vətəndaşlarımız olub. İrandan Azərbaycana keçənlər əsasən üzərlərində narkotik keçirdiklərinə görə həbs olunanlardır, yəni sırf cinayət törətdikləri üçün. Azərbaycanlıları günahsız yerə həbsdə saxlamaları bunu deməyə əsas verir ki, onların bu məsələdə başqa məqsədləri var”. 

Xatırladaq ki, Azərbaycan vətəndaşı, Almaniyanın Yena Universitetinin tələbəsi Fərid Səfərlinin 2023-cü il fevralın 20-də İrana səfərə getdiyi, lakin martın 4-dən ondan xəbər alınmaması ilə bağlı müraciət Xarici İşlər Nazirliyinə martın 9-da daxil olub. Fərid Səfərli İrana səfərindən bir müddət əvvəl Almaniyanın Yena şəhərinə praktika üçün gəlmiş İran vətəndaşı olan bir qadınla tanış olub.

O, praktikası başa çatdıqdan sonra İrana qayıdıb. Buna baxmayaraq, onlar arasında telefon əlaqəsi olub. Onlar qərarlaşıblar ki, İstanbulda görüşsünlər. Fərid İstanbula gedib və bu zaman onun tanış olduğu qadının vizası düzəlməyib. Bundan sonra Fərid İstanbuldan İrana gedib. Uzun müddət Fərid Səfərlinin taleyindən məlumat almaq mümkün olmayıb. Yalnız 2023-cü il iyunun 1-də onun İranda casusluq ittihamı ilə həbs edildiyi məlum olub.

Sonradan ona qarşı irəli sürülmüş “casusluq” ittihamı “casusluq etmək niyyəti” ittihamı ilə əvəz olunub. Məhkəmə Fərid Səfərli barəsində 2 il həbs hökmü çıxarıb. Fərid Səfərli məhkəmədə ittihamı və hökmü qəbul etmədiyni bildirib. Azərbaycanın baş prokuroru Kamran Əliyev 2023-cü il sentyabrın 14-də Bakıda səfərdə olan İranın baş prokuroru Mohammad Kazem Movahedi-Azadi ilə görüşündə Fərid Səfərli ilə bağlı cinayət işi ətrafında müzakirə aparıb. Daha sonra Tehranın Apelyasiya Məhkəməsi Fərid Səfərli ilə bağlı hökmdən verilən apelyasiya şikayətini təmin etməyib.

Afaq MİRAYİQ,
“Yeni Müsavat”

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
25
1
musavat.com

2Источники