RU

Yad yuvanın quşları...

Künc zərbəsi

Əli Kərimli niyə ermənilərə sərf edən sülh müqaviləsinin imzalanmasında maraqlıdır?

Regionumuz da daxil dünyanın siyasi arenasında baş verən kataklizmlər hadisələrə yeni və fərqli yanaşmalar tələb edir. Cənubi Qafqazın da beynəlxalq güc mərkəzlərinin maraqlarının toqquşduğu bölgə olduğunu nəzərə alsaq müstəqilliyimizin qorunub saxlanması, dövlətimizin güclənməsi, iqtisadi və hərbi qüdrətini artırması naminə atılan addımları qeyd-şərtsiz dəstəkləmək hər birimizin ilk növbədə vətəndaşlıq borcumuzdur. Yəni, söhbət konkret olaraq ümummilli və dövlətçilik maraqlarımızın qorunmasından gedir. Bu, artıq elə bir mövzudur ki, daxili birliyi təmin etmək üçün şəxsi ambisiyaları, cılız, bəzən də riyakar məqsədləri mütləq kənara atmaq vacibdir, zəruridir. Necə ki, 44 günlük Vətən müharibəsində və 23 saatlıq lokal antiterror tədbirləri zamanı bütün dünyaya nümunə olan xalq-dövlət birliyi ilə tarixi Qələbə qazanaraq öz ərazi bütövlüyümüzü və suverenliyimizi bərpa etmişik. Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi, qətiyyəti, siyasi iradəsi sayəsində sərhədlərimiz daxilində separatizmə son qoyulub, biz Cənubi Qafqazda yeni reallıqlar yaradaraq diktə edən gücə çevrilmişik. Bütün baş verənlər fonunda yaranmış yeni reallıqlardan biri də odur ki, Ermənistanla Azərbaycan arasında dayanıqlı sülhün əldə olunması, sülh müqaviləsinin imzalanması Azərbaycandan daha çox Ermənistana və ermənipərəst Qərbə lazımdır. Son günlər müxtəlif Qərb dairələrinin, xüsusilə ABŞ rəsmilərinin sülh müqaviləsinin imzalanmasının tezləşdirilməsi ilə bağlı israr xarakterli bəyanatları da yuxarıdakı fikri təsdiq edir. Əlbəttə, sülh olmalıdır, vacibdir, Özü də region üçün ilk sülh çağırışlarının da müəllifi məhz Azərbaycan dövlətidir. Bu barədə bir qədər sonra...

Azərbaycanın radikal müxalifəti Vətən müharibəsində və Zəfərimizdən keçən üç il yarımdan artıq müddətdə olduğu kimi, yenə də xalqın, dövlətin deyil, düşmənlərimizin mövqelərini müdafiə etmək yolunu seçib. Ermənilərə, onların havadarlarına nə və necə sərf edirsə “sapı özümüzdən olan” həmin bu “baltalar” da  eyni mövqeyi “demokratik dəyər” adı ilə təbliğ etməyə çalışırlar. Son günlər AXCP sədri Əli Kərimlinin, müavini Fuad Qəhrəmanlının Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanması məsələsinə münasibətləri də əvvəlki kimi milli maraqlarımızdan uzaq, ABŞ-ın timsalında Qərbin tezisləri çərçivəsindədir. Onlar aldıqları sifarişə uyğun ABŞ Dövlət katibi Antoni Blinkenin Azərbaycan Prezidenti İlham Əliyevlə telefon danışığındakı bəzi məqamların mahiyyətini dəyişərək elə göstərməyə çalışırlar ki, guya bu vaxta qədər sülh müqaviləsinin imzalanmamasının günahkarı bizik, biz sülh istəmirik. Halbuki, Azərbaycan hər zaman

sülhün və mehriban qonşuluğun, regionda dinc inkişaf erasının başlamasının tərəfdarı qismində çıxış edir. Ancaq bu, o demək deyil ki, sülh bağlamaq naminə tələm-tələsik, Rusiya ilə münaqişələrində bizdən istifadə etməyə çalışan ABŞ-ın, Fransanın və digər Qərb dairələrinin maraqları üzərində qurulmuş, ermənilərin daha qazanclı çıxacağı sənədi imzalamalıyıq. Biz bu “sülh” israrlarının milli maraqlarımıza nə qədər zidd, hətta təhdid olduğunu bilirik. Azərbaycan dövləti bu sülh israrlarının arxasında dayanan məkrli planlardan xəbərdar olduğu üçün Ermənistandan haqlı olaraq konstitutsiyasını dəyişməyi tələb edir. Yəqin ABŞ-ı, Qərbi, həmçinin Əli Kərimlini və dəstəsini narahat edən də məhz budur.

Özü də bu, ilk deyil. 2023-cü ildə də başda AXCP sədri olmaqla bu antimilli ünsürlər “bütün dəftərləri qapadaraq” tezliklə Ermənistanla sülh müqaviləsini imzalamağın zəruri olması ilə bağlı kampaniya aparırdılar. Dövlətimizin bədxahların qarşısında qətiyyətlə dayandığı həmin məqamda da bu xainlər sələfləri kimi açıq şəkildə Azərbaycana xəyanət yolunu tutmuşdular. Axı satqın olmayan heç bir azərbaycanlı Xocalı soyqırımını, azərbaycanlıların Qərbi Azərbaycandan, Qarabağdan, Şərqi Zəngəzurdan başlarına min bir müsibətlər açılaraq zorla qovulmasını, şəhərlərimizin, kəndlərimizin, məscidlərimizin, qəbiristanlıqlarımızın dağıdılmasını, təhqir olunmasını, çoxsaylı qətliamları, qanlı terror aktlarını və ən başlıcası Azərbaycanın haqq işi uğrunda canından-qanından keçmiş minlərlə şəhidlərimizi unudub, ermənilərlə münasibətdə “bütün köhnə dəftərləri qapatmalıyıq” deməz. Əli kərimlilərin məntiqinə görə, biz Qərbi Azərbaycandan zorla deportasiya edilmiş yüzminlərlə soydaşımızın haqlarını müdafiə edib, onların ləyaqətli şəkildə öz ata-baba yurdlarına qayıtmaları barədə danışmamalıyıq. Bu xainlər istəyirlər ki, biz bütün dəftərləri qapadıb Qərbin təklif etdiyi sülh müqaviləsini imzalamaqla ermənilərdən heç bir cinayətlərinin hesabını sormayaq, haqqımız olan təzminatı tələb etməyək. Və nəhayət, konstitutsiyasında, yəni əsas qanununda Azərbaycana qarşı ərazi iddiaları ilə bağlı müddəalar olan Ermənistanla bu şərtlər altında sülh müqaviləsinin imzalanması gələcək təhlükəsizliyimiz baxımından nə dərəcədə məntiqlidir?

Bizə sadəcə sülh deyil, ədalətli sülh lazımdır. Haqlı olan tələbimiz yerinə yetirilməlidir ki, müqavilə də imzalansın. Əgər Əli Kərimli çox istəyirsə özü ermənilərlə, onların havadarları ilə gizli sövdələşmələrini müqavilə şəklində rəsmiləşdirə bilər. Onsuz da onların hansı yuvanın quşları olduqlarını hamı yaxşı bilir...

Mahir Rəsuloğlu, “İki sahil”

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
33
ikisahil.az

1Источники