RU

Makron Afrikada növbəti zərbəni aldı- Niger uran sazişini ləğv etdi...

Image

Elçin Qurbanov: “Bütün bunlar onu deməyə əsas verir ki, Makron Nigerin timsalında Afrikadan növbəti zərbəsini aldı”

Fransanın dövlət şirkəti olan “Orano” Nigerdə iri uran mədənini idarə etmək üçün lisenziyasını artıq itirib. Belə ki, Afrika ölkəsinin səlahiyyətliləri mədən icazəsini ləğv edərək, bununla da Paris və yerli hökumət arasında gərginlik yaradıblar.

“Orano” nümayəndələri bildiriblər ki, şirkət hazırda dünyanın əsas yataqlarından biri olan Nigerin şimalında yerləşən Imurarendə uran hasil edə bilmir.

Bəzi hesablamalara görə, energetika və hərbi sənayedə geniş istifadə olunan bu yataqda 200 min ton metal var.

Xatırladaq ki, fransızların “Orano” dövlət şirkəti 1971-ci ildən Nigerdə fəaliyyət göstərir. Onlar əsasən Fransanın nüvə sənayesi üçün nəzərdə tutulmuş xammal hasil edirlər.

Maraqlıdır ki, indi fransız şirkətinin nümayəndələri Afrika ölkəsi üçün "mənfi nəticələr" proqnozlaşdırır və milli və ya beynəlxalq məhkəmələrdə lisenziyanın ləğvi ilə bağlı qərarlara etiraz etmək hüquqlarını özlərində saxladıqlarını bildirirlər.

Qeyd edək ki, keçən il hakimiyyəti ələ keçirdikdən sonra Nigerin hərbi hökuməti xarici şirkətlər üçün mədən konsessiyalarına yenidən baxacağına söz vermişdi.

Hazırda Niger hökuməti dəstək üçün daha çox Rusiya və İrana müraciət etməyə başlayıb.

Yeri gəlmişkən, Niger dünyanın yeddinci ən böyük uran istehsalçısıdır. Nəzarət səhm paketi çinlilərə məxsus olan “Azelik” şirkəti ölkənin şimalında strateji əhəmiyyətli xammalın çıxarılmasında getdikcə daha çox iştirak edir.

İqtisadçı ekspert Elçin Qurbanov “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Afrikada Rusiya və Fransa arasındakı münaqişə artıq sadəcə diplomatik və ya media müharibəsi deyil, artıq uzaqlaşdırma və dəyişdirmə müharibəsinə çevrilib: “ Bir müddət əvvəl Burkina Faso hökuməti Fransadan bütün qüvvələrini öz ərazisindən çıxarmağı xahiş etdi. Bundan əvvəl Mali hökuməti eyni şeyi Fransadan tələb etmişdi. Sahel və Sahara ölkələrində böyük bir populist dalğa Fransanın öz ərazisini tamamilə tərk etməsində israr edir və ona qarşı ittihamlar səsləndirməkdə davam edir. Fransaya qarşı populist dalğa Mali Respublikasına da çatıb və öz təsirini göstərməyə başlayıb. Artıq bu  dalğanın Fransanın əhəmiyyətli hərbi, iqtisadi mövcudluğa sahib olduğu Çad və Nigerə daxil olması baş verir. Afrikalı siyasətçilər və ziyalılar Fransanın qitədəki müstəmləkə keçmişi ilə bağlı sənədləri açmağa, bəzilərinin yeni müstəqillik müharibəsi adlandırdıqlarına qoşulmağa, fransızca olan hər şeydən, o cümlədən dildən qurtulmağa çağırış etməyə başlayıblar.

Fransanı bu ölkələrin sərvətlərini talamaq üçün terror aktlarından bəhanə kimi istifadə etməkdə ittiham edən şiddətli ritorika yarandı və solçu elitalar Fransanın Afrikadakı müstəmləkə keçmişinə dair sənədlərini açmağı tələb etdilər. Rusiyanın Ukraynaya qarşı müharibəsi və NATO ölkələrinin dəstəyi Rusiyanı müharibə cəbhəsini genişləndirməyə və Afrikada cəbhə açmağa sövq etdi.

Bu gün Afrika qitəsində iqtisadi və təhlükəsizliyə təsir etmək üçün mübarizə gedir. Çin güclü bir şəkildə varlığını davam etdirir, qitənin mərkəzində və cənubunda geniş şəkildə qəbul edilir. Bütün bunlar onu deməyə əsas verir ki, Makron Nigerin timsalında Afrikadan növbəti zərbəsini aldı”.

Məhəmmədəli QƏRİBLİ





Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
46
baki-xeber.com

1Источники