RU

Yayda qida zəhərlənmələri – nələrə diqqət etməli...

Eyyub Hüseynov: “Rayon toylarında ona görə daha çox zəhərlənmələr olur ki...”

Ləman Süleymanova: “Qarpız, yumurta, hisə verilmiş ətlər, mayonezlərdən istifadədə ehtiyatlı olmaq lazımdır”

Xəbər verildiyi kimi, ötən həftə Ağstafada toyda 43 nəfər qidadan zəhərlənib. Onların arasında hətta bəylə gəlin də var.

Hələ ki, konkret səbəb göstərilməyib. Ölüm halı qeydə alınmasa da, bu hadisə artıq ciddi SOS siqnalı sayılmalıdır. Çünki bu tip hadisələr əsasən isti yay mövsümünə təsadüf edir. Yay isə təzəcə başlayıb.

Məlumdur ki, isti havalarda bir sıra qida məhsulları, xüsusilə də ət, süd və balıq məhsulları daha tez xarab olur, əgər saxlanma rejiminə əməl olunmazsa. Bəs həm əhali, həm də şadlıq evlərinin sahibləri, eləcə də ictimai-iaşə obyektləri, dönərxanalar belə halların istisna edilməsi üçün ən çox nələrə diqqət etməlidir? Ərzaq məhsulunun keyfiyyətsiz olduğunu necə bilmək olar? Toy şənliklərində ən çox hansı qidalar təhlükə mənbəyidir?

Mütəxəssislər bildirir ki, qida zəhərlənmələri (toksikoinfeksiyaları) çox sayda bakteriyaların və onların ifraz etdikləri toksinlər tərəfindən törədilən, mədə-bağırsaq pozğunluğu ilə gedən kəskin gedişli xəstəliklərdir. Adətən qida zəhərlənmələri yüngül intoksikasiya əlamətlərlə gedir və sağalma ilə yekunlaşır.

Qida zəhərlənmələri bakteriyalar və onların toksinləri ilə çirklənmiş kremli qənnadı məhsullar, ət, balıq, süd və ərzaq məhsullarını yedikdə baş verir. Sadaladığımız yeyinti məhsullarını hazırlayarkən, düzgün şəraitdə saxlanılmazsa, soyuducuya qoyulmazsa, acıq qabda saxlanılarsa o zaman bakteriyalarla çirklənər. Bakteriyalar insanlarda irinli iltihabi proseslər - panaritsi, piodermiya, angina, rinofaringir və s kimi xəstəliklər törədirlər.

Bəzən heyvanlarda infeksiya daşıyıcısı olur. Mastiti olan heyvanlarında südü bakterioloji olaraq çirklənir. Bu da insanların süd məhsullarını istifadə etdikdə yoluxmaları ilə nəticələnir. Qida zəhərlənmələrinin klinik əlamətləri qida qəbulundan 30 dəqiqədən 24 saata qədər davam edən gizli dövrdən sonra özünü büruzə verir. İlkin olaraq xəstələrdə ürəkbulanma, qusma və mədədə kəskin ağrılar baş verir. Bəzi hallarda bir neçə dəfə ishal müşahidə edilir. Həmçinin ümumi zəiflik, halsızlıq, baş ağrısı və başgicəllənmə olur. Xəstələrdə üzün və bədənin dərisi solğunlaşır, dili ağ ərplə örtülür, təzyiq düşür-arterial hipotoniya və ürək döyüntüsünün sayının artması müşahidə edilir. Qarın boşluğunun palpasiyası zamanı mədə və göbəkətrafı nahiyədə ağrılar olur.

Əksər hallarda qida zəhərlənmələri yüngül gedir. Bu zaman xəstələrdə əsasən qusma olur, digər əlamətlər çox vaxt olmur.
Ağır gediş zamanı xəstələrdə çox saylı qusma, bəzən selikli qanlı nəcis ifrazı, su-duz və turşu-qələvi müvazinətinin pozulması, bəzən isə qaraciyər və dalağın böyüməsi rast gəlinir.

Mövzu ilə bağlı həkim-diyetoloq Ləman Süleymanova “Yeni Müsavat”a danışıb:

413577163_00999564_600x0_80_0_0.jpg

“Keyfiyyətsiz məhsulla zəhərlənmə daha çox yay fəslinə təsadüf edir. Ümumiyyətlə, yay isti fəsil olduğundan qidalar öz keyfiyyətini tez itirir, bu baxımdan tərkibindəki zərərli bakteriyalar inkişaf edir və bu orqanizmə, salamlığa mənfi təsir göstərir, bir sıra xəstəliklərə səbəb olur. Buna görə də ilk olaraq gigiyenik qaydalara düzgün əməl edilməli, qidanın hazırlanma şəraiti sağlam olmalı, sanitar gigiyenik qaydalara əməl edilməlidir. Həmçinin qidanın hazırlanmasında istifadə olunan alətlər təmiz olmalıdır. Qidanın qablaşdırılmasına diqqət edilməlidir.

Toy məclislərində daha çox zəhərlənmələr olur. Çünki əksər hallarda qidaların hazırlanmasına, saxlanılmasına, saxlanma şəraitinə, temperaturuna diqqət edilmir. Bəzən olur ki, qida təmiz şəraitdə hazırlansa da, məclisdən 2-3 saat əvvəldən artıq masaya qoyulur, bu zaman qidanın tərkibində bakteriyalar inkişaf etməyə başlayır. Ümumiyyətlə, temperatur qida 5 dərəcədən artıq olanda tədricən tərkibindəki mikroblar çoxalır, toksidlərlə qidalanır və öz toksidlərini qidaya buraxır. İnsan da bunun qəbul etdikdə zəhərlənmə baş verir.

Qidanın hazırlaması çox önəmlidir. Adətən obyekt sahibləri mətbəxə o qədər də nəzarət etmirlər. Olur ki, qida təmiz şəraitdə hazırlanır, bişirilir, lakin dərhal soyuducuya qoyulmur, isti havada qalır, tərkibindəki bakteriyalar fəallaşır, sonra isə soyuducuya qoyulur, soyuducudan çıxarıldıqdan sonra həmin bakteriyalar daha da inkişaf edir.

Elə məkanlar var ki, orada qidalar 24 saat müddətində açıq havada qalır və əlbəttə ki, onu qəbul edən insan dərhal zəhərlənə bilir. Buna görə də obyekt sahibləri xüsusən də yay fəslində mütəmadi olaraq öz müəssisələrində reydlər aparmalı, ola biləcək zəhərlənmələrin qarşısını almalıdırlar”.

Diyetoloq yay mövsümündə zəhərlənməyə səbəb ola biləcək qidalardan da söz açıb:

“Tövsiyə edərdim ki, yay mövsümündə toy məclisində mayonezli, souslu, məhsullardan istifadə azaldılsın. Məsələn, götürək paytaxt salatını, onun tərkibində yumurta, mayonez olur. Salat hazırlanan kimi qısa müddətdə qəbul olunmalıdır. Çünki isti temperaturda yumurta və mayonez reaksiya girir, təhlükəli vəziyyət yaranır.

İndiki vaxtda ən çox zəhərlənməyə səbəb olan qidalardan biri qarpızdır. Əslində qarpızın mövsümü 25 iyuldan sonra başlayır, indiki qarpızlar əsasən istixanalarda yetişən məhsullardır ki, onların da tərkibinə müəyyən dərmanlar, gübrələr vurulur. Bəzən gübrələr normadan artıq vurulur və hətta kəsilməmiş halda isti havada reaksiya girir, daxildə zərərli orqanizmlər müşahidə olunur, onu sonra insan qəbul etdikdə ciddi zəhərlənməyə səbəb olur. Hətta həyati təhlükə yarana bilir.

Digər təhlükəli qidalardan biri hisə verilmiş ət məhsullarıdır. Onların tərkibində zərərli mikroorqanizmlər, bakteriyalar var.
Kartofun özü də sürətlə mikrobları özünə çəkir. Ona görə də salatın tərkibində mayonez, kartof, yumurta olarsa və üstəlik soyuq temperaturda saxlanılmazsa ən ağır zəhərlənmələrə yol açır”.

Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov:

1610025300_19_02_19_1550567057.jpg

“Öncə qeyd edim ki, Azərbaycanda zəhərlənmələrin qeydiyyatı düzgün aparılmır. Belə ki, AQTA-nın statistikasında bu rəqəmlər ümumdünya göstəricisindən yüz dəfələrlə az göstərilir, eləcə də zəhərlənmədən ölənlərin sayı. Bu qeydiyyatın kimlər və necə aparılması məsələsi tənzimlənməlidir.

Təsadüf deyil ki, Azərbaycan uzunömürlülər arasında 190 ölkə arasında 115-ci yerdə dayanır. Yəni, hətta Afrikanın bir çox ölkələrindən, o cümlədən kasıb Banqladeşdən, Şri-Lankadan çox geri qalır. Bütün bunlar bizi düşündürməyə vadar edir.
Hesab edirəm ki, sertifikatı verən, yəni malların keyfiyyətinin yoxlayan orqanla zəhərlənmələri qeydə alan orqan eyni olmamalıdır.

Məlum olduğun kimi isti yay aylarında reaksiyalar sürətlənir, məhsullar daha tez xarab olur, şübhəsiz buna görə də zəhərlənmələr də artır. Həmçinin riskli məhsullar var ki, istehlakçıların onlarla davranma mədəniyyəti çox pis vəziyyətdədir. Bütün bunlar kompleks olaraq, təhlükəli vəziyyətlərə gətirib çıxarır.

Bütün bunların hamısının kökü qanunlardadır. Hökumətin istehlakçı siyasəti demək olar ki, yox dərəcəsindədir. Hökumət birtərəfli - yalnız və yalnız biznesin inkişafı siyasətini yürüdür. Ona görə də hesab edirəm ki, Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əsasnaməsində dəyişiklik edilməli, cəld yoxlama, geri qaytarılma mexanizmi olmalıdır.
Bir müddət əvvəl Zaqatalada dönərxanalarda zəhərlənmə məsələsinin izlədik, son nəticədə dedilər ki, vətəndaşlar bir dönərxanada zəhərlənib, ancaq əslində isə müxtəlif yerlədə zəhərlənmişdilər. Deməli problem xam maldadır. Təəssüf ki, bu məsələlər əcaib haldadır. Elə bir sənəd yoxdur ki, istehlakçı o sənədə baxıb, məhsulun təhlükəsiz olduğunu bilsin. Əvvəl sertifikat anlayışı var idi, indi o da yoxdur. Belə bir vəziyyətdə əlbəttə ki, zəhərlənmələr olacaq, insan ömrünün qısalmasının şahidi olacağıq və sairə”.

Ekspert xüsusən rayonlarda toy şənliklərində baş verən zəhərlənmələrdən də söz açıb:

“Adətən bölgələrdə insanlar zalı arendaya götürür, məhsulları özləri gətirib, bişirirlər və buna ciddi nəzarət olunmur. Qaydaya əsasən AQTA nümayəndələri gəlib toydan əvvəl qidalardan nümunələr götürür, bundan sonra həmin qidalardan istifadəyə icazə verilir. Lakin bizə verilən məlumata görə əksər hallarda toy sahibinin özü müəyyən qida nümunələrini özü aparır və icazə alır, bundan sonra toy edir. Bu zaman əksər qidalardan nümunə götürülməmiş olur, nəticədə zəhərlənmələr baş verə bilir. Bu məsələyə də ciddi nəzarət olunmalıdır”.

Xalidə Gəray
“Yeni Müsavat”

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
30
1
musavat.com

2Источники