RU

Almaniyada polis zorakılığı faktların araşdırılması üzrə vəziyyət pisləşir

Almaniyada

Berlin, 24 iyun, AZƏRTAC

Almaniyada polis zorakılığı ciddi problem olaraq qalır. Alman cəmiyyətinin təəssüflə və hüquq-mühafizə orqanlarının rüsvaylıqla qəbul etdiyi kimi, bir çox belə hallar qeydə alınmır, araşdırılmır, günahkarlar isə cəzasız qalır.

AZƏRTAC xəbər verir ki, Federal Kriminal Polis İdarəsinin hər il dərc etdiyi rəsmi statistika rəqəmləri vəziyyətin yalnız məhdud mənzərəsini təsvir edir. Ekspertlərin hesablamalarına görə, 2015-ci ildən 2023-cü ilə qədər ölkədə hər il orta hesabla 1500-2000 polis zorakılığı hadisəsi baş verib. Lakin, müstəqil təşkilatlar tərəfindən aparılan son araşdırmaların nəticələri göstərir ki, qeydə alınmamış hadisələrin sayı, çox güman ki, rəsmi rəqəmlərdən daha çox və hətta beş dəfəyə qədər artıq ola bilər.

Keçmiş polis əməkdaşı və təhlükəsizlik üzrə ekspert Stefan Şubert bu yaxınlarda Anadolu agentliyinə bildirib ki, bir çox qurbanlar bu cür hadisələr haqqında ərizə yazmaq qərarına gəldikdə, çətinliklərlə üzləşir. Bir çox hallarda isə onlar sadəcə olaraq hakimiyyətə etibar etmirlər.

“Polis zorakılığı ilə bağlı qeydə alınmamış halların sayı bütün federal torpaqlarda yüksəkdir. Lakin ərizələr getdikcə azalır, çünki vətəndaşlar bu barədə məlumat verməyin faydasız olduğunu müşahidə ediblər. Prokurorluq işə həvəs göstərmir, həddindən artıq yükləndiyi üçün ərizəçilərin özlərini ümumiyyətlə ifadə verməyə çağırmır”.

Ekspertin sözlərinə görə, çox vaxt qurban elə bir vəziyyətə düşür ki, sonradan polisə qarşı ittiham irəli sürmək demək olar ki, qeyri-mümkün olur. “Söhbət ifadələrə qarşı ifadələrdən (yəni əks ifadalərdən) getdikdə, ilkin mövqe həmişə çox əlverişsiz olur. Düşünürəm ki, bu, bir çox insanı hüquq-mühafizə orqanları əməkdaşlarının bu cür qanunsuz hərəkətləri barədə məlumat verməkdən çəkindirir”, - deyə Stefan Şubert əlavə edib.

Mütəxəssislərin fikrincə, miqrantlar, qaçqınlar və qaradərili insanlar polis qəddarlığından qeyri-mütənasib şəkildə əziyyət çəkirlər. Polis tərəfindən irqi qəddarlıq qurbanlarına dəstək şirkətinin həmtəsisçisi, eyni zamanda Berlindəki “ReachOut” məsləhət mərkəzində çalışan Biplab Basu mediada çıxış edərək deyib ki, qurbanlar polis zorakılığı barədə məlumat verdikdə, alman prokurorları çox vaxt polisin tərəfində olurlar və belə münasibət çoxlarını bu işdən çəkindirir.

“ReachOut” sağçı, irqçi və antisemit zorakılığın qurbanlarına, həmçinin irqi qərəzliliyin və polis zorakılığının qurbanlarına məsləhət verir.

“Çox az sayda miqrant və qaradərili icma üzvləri polisə və ədalətə inanır. İşdir, əgər polisə şikayət etmək qərarına gəlsələr, nəyinsə edilə biləcəyinə və ya müsbət nəticə əldə ediləcəyinə şübhə edirlər”, -deyə Biplab Basu vurğulayır və struktur irqçiliyinin polis departamentində və cinayət məhkəməsi sistemində çox geniş yayıldığını əlavə edib.

O, həmçinin Almaniya hökumətini ölkədə polis zorakılığı problemini həll etmək üçün heç bir ciddi tədbir görmədiyinə görə tənqid edib.

O bildirib: “Hökumət kifayət qədər iş görmür. Polis zorakılığının inkar edilməsi insanların ədliyyə sisteminə, cinayət məhkəməsi sisteminə inamını itirməsinin amillərindən biridir”.

Göründüyü kimi, başqa ölkələrə dərs keçməyi sevən Almaniyanın özünün də insan haqları sahəsində problemləri var.

Vüqar Seyidov

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
41
3
azertag.az

4Источники