RU

Məhkəmə məşhur rus oliqarxları cərimələdi - Xodorkovski və Lebedev dövlətə nə qədər ödəməlidir?

Moskva Meşçanski Məhkəməsi Rusiya Baş Prokurorluğunun iddiasını təmin edərək, “Menatep” və “Yukos”un keçmiş ortaq sahibləri Mixail Xodorkovski və Platon Lebedevdən 1 milyard 400 milyon rubldan çox pulun tutulması barədə qərar çıxarıb.

“AzPolitika” Rusiya mətbuatına istinadla xəbər verir ki, bu vəsaitlərə “vergi cinayətlərindən dəyən ziyanı kompensasiya etmək üçün” həbs qoyulmalı olduğu iddia edilir. İddia əvvəllər müxtəlif ittihamlarla iki dəfə məhkum olunmuş Xodorkovski və Lebedev dövlətə 17,4 milyard rubl ödəməli olduğu barədə məhkəmənin əvvəlki qərarına əsaslanır.

Söhbət “Trast Bank”dakı hesablardan vəsaitlərin çıxarılmasından gedir. Baş Prokurorluq iddia edir ki, onların “Yukos”-un keçmiş ortaq sahiblərinə aid olduğu müəyyən edilib. Bank buna etiraz etməyib.

Daha 24 milyon rubl isə “Siberian Leasing Company” MMC-nin hesabından tutulacaq. Üstəlik, Xodorkovskinin maliyyələşdirdiyi Dosye Mərkəzinin məlumatına görə, bu şirkətin benefsiarı əvvəllər “Rosneft”ə rəhbərlik etmiş Sergey Boqdançikovun ailəsidir.

Məhkəmə müttəhimlərin nümayəndələrinin iştirakı olmadan keçirilib. Xodorkovski və Lebedev hələlik məhkəmə qərarını şərh etməyiblər.

Xodorkovski və onun biznes ortağı Lebedev 2000-ci illərdə “Yukos” işində ittiham olunurdular. Onlara qarşı səhmlərin və neftin oğurlanması, habelə vergidən yayınma ittihamları irəli sürülüb. Hər ikisi 2005-ci ilin yazında doqquz il həbs cəzası alıb. Daha sonra həbs müddətləri bir il azaldılsa da, yeni ittihamlar irəli sürülüb.

Mixail Xodorkovski 2013-cü ildə əfv olunub, bundan sonra Rusiyanı tərk edib. Platon Lebedev 2014-cü ilin yanvarında həbsdən azad edilib.

2015-ci ildə Mixail Xodorkovski Nefteyuqansk meri Vladimir Petuxovun qətlinin istintaqı çərçivəsində axtarışa verilib. 2024-cü ilin yanvarında o, Rusiya ordusu haqqında saxtakarlıqla bağlı cinayət işində yenidən axtarışda olub.

Mixail Xodorkovski xaricdə yaşayır və ictimai-siyasi fəaldır, Rusiya hakimiyyətini kəskin tənqid edir. O, 2024-cü ilin yanvarında Rusiyada arzuolunmaz təşkilat elan edilmiş Rusiyanın Müharibə Əleyhinə Komitəsinin yaradıcılarından biridir. Bu komitə 2022-ci il fevralın 27-də Ukraynada genişmiqyaslı müharibə başlayandan sonra bir qrup rusiyalı ictimai xadim və vətəndaş fəalı tərəfindən yaradılıb. Təşkilatın manifestində deyilir ki, onun məqsədləri müharibəni dayandırmaq və təşkilatın diktator hesab etdiyi Vladimir Putin rejiminə müqavimət göstərməkdir.

Rasim Əliyev

“AzPolitika.info”

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
10
azpolitika.info

1Источники