RU

DAĞISTANDA TERROR – YENƏ “UKRAYNA İZİ”? – Putin və ətrafı çətin duruma düşüblər

Bu dəfə günahı Kiyevin üzərinə atmaq çətin olacaq

“Bunun arxasında Ukrayna və NATO ölkələrinin kəşfiyyat xidmətləri dayana bilər… Çünki biz “xüsusi hərbi əməliyyat”da bütün cəbhələrdə uğur qazanırıq, bu da o deməkdir ki, onlara ölkəmizdə vəziyyəti qarışdırmaq lazımdır”.

Ulusal.az xəbər verir ki, bunu Rusiya parlamentinin Dağıstanı təmsil edən deputatı Abdulhakim Hacıyev Mahaçqalada və Dərbənddə baş verən məlum terror aktları barədə “Rossiya-1” kanalına açıqlamasında deyib.

“İnanıram ki, əgər biz milli və dini dözümsüzlük, nifrət və rusofobiya ilə bağlı hər bir terror aktını Ukrayna və NATO-nun əməli ilə əlaqələndirsək, bu “çəhrayı duman” bizi böyük problemlərə aparacaq. Başqasının gözündə tükü görürük, amma öz gözümüzdə tiri görə bilmirik”.

Bunu isə Kremlin ən qatı təbliğatçılarından olan “Roskosmos”un sabiq rəhbəri, hazırda isə Rusiya Federasiya Şurasında işğal edilmiş Zaporojye vilyəti ərazilərini təmsil edən Dmitri Roqozin deyib.

 

Beləliklə, Dağıstandan olan deputat günahı “Krokus Siti Holl”dakı kimi Ukraynanın üzərinə yıxmağa çalışsa da, Roqozin əksinə, bunun doğru olmadığını deyir. Bu isə ondan xəbər verir ki, Rusiyada Ukraynada davam edən müharibənin yaratdığı fəsadlar fonunda baş verən bu cür terror aktları cəmiyyətdə ciddi qeyri-müəyyənlik yaradıb…

Birincisi, bu hadisə son üç ay ərzində FSB başda olmaqla, Rusiya xüsusi xidmət və hüquq-mühafizə orqanlarının üçüncü böyük uğursuzluğudur. Bu qurumlar öncə “Krokus Siti Holl”da törədilən kütləvi terror aktının, daha sonra Rostovdakı 1 saylı tədricxanada baş verən üsyanın qarşısını əvvəlcədən ala bilməyib. Dağıstanda baş verənlər isə üçüncü belə haldır.

Ancaq əgər “Krokus Siti”-dəki hadisəni “sınıq-salxaq” şəkildə olsa belə, Ukraynanın üzərinə atmaq cəhdləri olsa da, Dağıstanda törədilən terroru Ukraynaya “yamamaq” daha çətin və ən azı məntiqdən uzaq olacaq. Çünki bu, bir tərəfdən Ukrayna xüsusi xidmətinin “qüdrətinin”, digər yandan isə Rusiya xüsusi xidmət və hüquq-mühafizə orqanlarının acizliyinin etirafı olardı.

Bununla da rusiyalılarda belə bir təsəvvür yaranar ki, Ukrayna tərəfinin əli uzaq Dağıstanı qarışdıracaq qədər uzundur. Nəzərə alsaq ki, terror hücumunda iştirak edənlərin ikisi Dağıstandakı rayonların birinin icra hakimiyyəti rəhbərinin oğullarıdır, o zaman belə çıxar ki, Ukrayna xüsusi xidmətləri Rusiyanın yerli icra orqanları başçılarının ailələrinə qədər nüfuz edə bilib.

 

Ümumiyyətlə, bu dəfə də günah Ukraynanın üzərinə atılsa, buna nə Putinin öz ətrafında, nə də Rusiya cəmiyyətində inanan olmayacaq...

Ancaq Kreml hadisəni Ukrayna və NATO ölkələri ilə bağlamasa, bu halda da başqa “günahkarlar” axtarmalı və tapmalı olacaq ki, bu da daha bir çətinlik yaradır. Çünki belədə Rusiya rəhbərliyi yenə öz xüsusi xidmətlərinin zəifliyini və ümumilikdə ölkənin idarə edilməsində, sabitliyin təmin olunmasında acizlik göstərdiyini etiraf etmiş olacaq. Kremlin hadisədən az qala bir sutka keçməsinə baxmayaraq, ona rəsmi reaksiya verməkdə yubanması da onu göstərir ki, Putin və ətrafı çətin durum düşüblər.

Əslində, nəzərə alsaq ki, bundan əvvəl də Dağıstanda dini zəmində etirazlar və kütləvi aksiyalar keçirilib, iğtişaşlar baş verib(Ötən ilin oktyabrında Mahaçqala aeroportuna kütləvi hücum edimişdi) bu halda hadisənin sırf beynəlxalq terror şəbəkəsinin regiondakı dini ekstremist qruplaşmaları tərəfindən İsrail-Fələstin münaqişəsi fonunda törədildiyi daha real görünür. Hələ Ukraynada müharibə başlamamışdan əvvəl də bu regionda uzun illər bənzər hadisələr olub. Lakin onların qarşısı daha operativ şəkildə alınırdı və bu qədər kütləvi, faciəli xarakter almasına imkan verilmirdi…

 

Yeri gəlmişkən, bu hadisələr ötən ilin məhz bu günüdə yaşanan “Vaqner” üsyanı ilə eyni vaxta təsadüf edir. Rusiyada bunun təsadüfi olmadığını düşünənlər var. Bəzi şərhçilər iddia edirlər ki, Rusiya xüsusi xidmət orqanlarının Dağıstanda hazırlanan terror aktını əvvəlcədən görməməsi, bundan xəbərsiz olması mümkün deyildi. Sadəcə, xüsusilə də FSB-dəki hakimiyyət uğrunda daxili çəkişmələr, rəhbərliyin “vurulması” məqsədləri və s. belə bir hadisəyə hazırlığa ən azından göz yumulmasına gətirib çıxarıb.

İstənilən halda, bu baş verənlər Rusiyada Putinin vəd etdiyi sabitliyin və “hər şey plan üzrə gedir” tezisinin sabun köpüyü olmasından xəbər verir. Məhz Ukarynada başladılan haqsız içğalçılıq müharibəsi Rusiyada idarəçiliyin, stabilliyin pozulması, sarsılması ilə nəticələnib. Belə hadisələr də məhz idarəçiliyin zəiflədiyi zamanlarda baş verir.


 

Digər yandan stabilliyin təminatına, terrorla, ağır cinayətlərlə mübarizəyə cavabdeh olan orqanların bütün gücü Ukraynadakı müharibəyə, işğal olunmuş ərazilərdəki fəaliyyətlərə, eləcə də daxildəki müxalif düşüncə sahiblərini, “vətən xainləri”ni izləməyə və “ovlamağa” yönəldiyindən, əsl terror təhlükəsi mənbələrinə qarşı mübarizə zəifləyib, arxa plana keçib.

Bu baxımdan istər “Krokus”da, istərsə də Dağıstanda baş verənlərin və bunun qarşısının vaxtında alınmamasının gerçək günahkarı Ukarynaya qarşı amansız müharibəyə başlayan və davam etdirən Kremldəki zehniyyətdir…“AzPolitika.info”   

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
49
moderator.az

1Источники