RU

Deputat: Ordumuz Vətən müharibəsinin hər bir günündə qələbə dastanı yazdı

Ordumuz 44 gündə davam edən Vətən müharibəsinin hər bir günündə qələbə dastanı yazdı.

Bunu APA-ya açıqlamasında Milli Məclisin deputatı Azər Badamov bildirib.

Azər Badamov deyib ki, müstəqillik illərində Azərbaycan Ordusu böyük inkişaf yolu keçib: “1990-cı illərin əvvəlində hərbi qüvvələrimiz pərakəndə şəkildə mövcud idisə, Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra nizami ordu quruculuğu prosesinə uğurla başlanılıb. Məhz Prezident İlham Əliyevin davam etdirdiyi nizami ordunun gücləndirilməsi siyasəti sayəsində bu gün peşəkar orduya malik ola bilmişik. Uzun illər idi ki, dövlət büdcəsinin əhəmiyyətli hissəsini ordu xərclərinə yönəldilir, müasir silahlar alınır, əsgər və zabitlərin xidmət şəraiti müasirləşdirilir, orduda ciddi nizam-intizam formalaşdırılırdı. Ordumuz mütəmadi hərbi təlimlərə cəlb olunur və müasir silahlarla davranış qaydalarına yiyələnirdi. Dövlət başçımız bilirdi ki, ədalətin bərpasının yeganə yolu ordumuzun gücləndirilməsindən keçir. Məhz orduya göstərilən diqqət və qayğısı sayəsində Azərbaycan Ordusu qısa zaman kəsiyndə dünyanın ən güclü 50 ordusu sırasına daxil ola bildi. 2026-cı ildəki aprel döyüşləri və 2018-ci ildə keçirdiyimiz Günnüt əməliyyatı Azərbaycan ordusunun gücünün qismən nümayişi idi. Dövlət başçımız istəyirdi ki, düşmən ordumuzun gücünü görsün və nəticə çıxararaq müharibənin baş verməsinə rəvac verməsin. Amma 27 sentyabr 2020-ci ildə biz Ermənistanla yenidən müharibə etməyə məcbur olduq. Ordumuz 44 gündə davam edən Vətən müharibəsinin hər bir günündə qələbə dastanını yazdı. Ordumuz bir nəfər fərarisi olmadan 44 günün hər bir günündə irəliləyərək düşməni kapitulyasiya aktına imza atmağına məcbur etdi. Rəşadətli əsgər və zabitlərimiz peşəkarcasına yolsuz yerlərdən keçərək, dağları aşaraq p düşməni məğlub etdi. 44 günlük Vətən müharibəsinin kulminasiyası olan Şuşa əməliyyatı dünya hərb tarixinə qızıl hərflərlə yazıldı”.

Deputat qeyd edib ki, dünyanın güclü ölkələri Azərbaycanın belə peşəkar Ordusunun olacağını təsəvvür etmirdi: “İndi isə onlar Ordumuzun döyüş təcrübəsini öz orduların hazırlanması proqramına daxil etdilər. Məhz Ordumuzun güclü olması Ağdamın, Kəlbəcərin və Laçının bir güllə atılmadan işğaldan azad olmasına yol açdı. Prezident İlham Əliyev deyirdi ki, müharibənin başa çatması ilə biz arxayınlaşmamalıyıq və Ordumuzun daha da gücləndirilməsi həmişə bizim prioritetimiz olmalıdır. Ona görə də yeni komando ordu hissələri yaradılmağa başlanıldı. Ordumuzun peşəkarlığının artırılması üçün Türkiyə Ordusu ilə mütəmadi təlimlər keçirilir. Bu gün Azərbaycan Ordusu NATO standartlarına uyğunlaşdırılıb. 19-20 sentyabr 2023-cü ildə 23 saatdan az müddətdə keçirilən lokal xarakterli antiterror tədbirləri Ordumuzun necə yüksək döyüş qabiliyyətli olduğunu bir daha təsdiq etdi. Azərbaycan Ordusu döyüş meydanında öz gücünü təsdiq edib və beynəlxalq normaları çərçivəsində müharibə apardı. Ona görə də həm 44 günlük Vətən müharibəsi dövründə , həm də lokal xarakterli antiterror tədbirləri zamanı Ordumuz mülki insanlara və obyektlərə güllə atmadı. Ancaq separatçıların yuvalarını, düşmənin legitim hərbi hədəflərini darmadağın edən Ordumuz Ali Baş Komandanın qarşısına qoyduğu bütün döyüş tapşırıqların yüksək səviyyədə icra etdi”.

Azər Badamov Ordumuzun müstəqilliyimizin qarantı olduğunu vurğulayıb: “Azərbaycanın yerləşdiyi coğrafiya və ərazilərimizin təbii sərvətlərlə zənginliyi xarici düşmənlərin həmişə marağında olub. Ona görə də uzun illər xalqımıza qarşı faciələr törədildi, ərazilərimiz işğal olundu və dövlətimizi gücsüzləşdirməyə çalışdılar. Amma Prezident İlham Əliyevin uzaqgörən siyasəti Azərbaycanı güclü və özünü xarici təhdidlərdən qoruya bilən ölkəyə çevirib. Bu gün Azərbaycan Ordusu Ali Baş Komandanın hər bir döyüş tapşırığını yüksək səviyyədə icra etməyinə qadirdir. Azərbaycanın iqtisadi qüdrətinin artması orduya diqqətinin daha da artırmasına yol açır. Təbii ki, bu gün hər bir Azərbaycan vətəndaşı Müzəffər Ali Baş Komandan və rəşadətli Ordusu ilə fəxr edir və qürur duyur. Dəmir yumruq yerindədir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
32
apa.az

1Источники