RU

Şərif Kərimli - 70

Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Fazil Mustafa tanınmış jurnalist, ictimai xadim Şərif Kərimlini 70 illik yubileyi ilə bağlı təbrik edib. Yubilyara ünvanlanmış təbrik məktubunda deyilir:

“Hörmətli Şərif müəllim,
Sizi 70 illik yubileyinizlə bağlı təbrik edir, Sizə möhkəm cansağlığı, yeni yaradıcılıq uğurları diləyirəm!

Siz ustad pedaqoqlardan dərs almış, havelə öz istedad, bacarıq və fəaliyyətinizlə adınızı müstəqil Azərbaycanın mətbuat tarixinə yazdırmış jurnalistlərimizdənsiniz.
BDU-nun Jurnalistika fakültəsini bitirdikdən (1977) sonra, ardıcıl olaraq mətbuat orqanlarında çalışmış, uzunmüddətli, səmərəli yaradıcı və ictimai fəaliyyətinizlə seçilmisiniz. O cümlədən, “Yazıçı” və “İşıq” nəşriyyatlarında redaktor, şöbə mudiri, “Gənclik” (“Molodost”) jurnalında ədəbi işçi, məsul katib, redaktor müavini vəzifələrini daşımısınız.
Sizin iş təcrübənizdə qəzetçilik özəl yer tutur. Qəzetçilik fəaliyyətinizin ən önəmii dönəmi müstəqillik illərinə düşüb. “Azərbaycan” qəzetində (1989-92-ci illərdə) məsul katib, baş redaktor müavini və sonra isə baş redaktor olmusunuz.

Sizin araşdırma yazılarınız, ictimai-siyasi publisistikanız haqlı olaraq sənədli-bədii əsərlər kimi qiymətləndirilir.
“Ötən illərin harayı” adlı dördcildliyiniz, “8712 nömrəli əsir”, “Gürcüstan: ikili standart siyasətinin yeni qurbanı” və b. kitablarınız ün qazanıb.
Gələnəksəl türk xalq pəhləvanlığı haqqında sanballı əsərlər yazmaqla, Siz, əfsanəli pəhləvanlarımızın adını ən yeni nəsillərə yaxından tanıtmısınız. - “Rəşid Pəhləvan”, “Sali Süleyman”, “Pəhləvan Müsəllim” belə əsərlərdəndir.
“Pəhləvanın taleyi” əsəriniz milli pəhləvanlığın görkəmli nümayəndəsi Məhəmmədəli Qazaxlı haqqındadır.

Siz doğma Borçalıya, vətəndaşı olduğunuz Azərbaycana və bütövlükdə Türk dünyasına könüldən bağlı aydınlarımızdansınız. Sizin yazılarda etnoqrafik yaddaş və çağdaş çağırışlar üzvi surətdə birləşir. - Bu, “Böyük fəlakətin astanasında”, “Bakıdan Borçalıya nə yaxınmış”, “Bir köç qayıdır geri”, “İflasa uğramış siyasət və gerçəklik”, “Hara gedirsən, ay evi yıxılmış?!”, “Mən qurban verildim”, “Borçalı agrıları”, “Gül verdik, güllə aldıq”, “İtirilən nəslin harayı”,
“Borçalıdan Bakıya bir köç gəlir – qaytarmalıyıq!” kimi əsərlərinizdə aydın görünür.

1989-cu ildə qeydiyyatdan keçirdiyiniz “Borçalı”, 1992-ci ildə qurucusu olduğunuz “Sabah” qəzetləri gün üzü gördükləri illərdə əsasən Borcalı məsələlərinə köklənmişdi.
Hazırda “Borçalı” İctimai Birliyinin sədrisiniz.

Siz yalnız jurnalistlik və ictimai fəaliyyətlə yetinməyib, jurnalistikanın tədrisi ilə də məşğul olmusunuz. Mətbuatdan və ictimai həyatdan ayrılmadan, “Odlar Yurdu”, “Avrasiya” və Bakı Slavyan universitetlərinin Jurnalistika fakültələrində 10 ildən artıq pedaqoji fəaliyyət göstərmisiniz.

İndi Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin “Əqli Mülkiyyət” jurnalının ədəbi redaktorusunuz. Bu sistemdə işlədiyiniz son beş ildə “Azərbaycan milli musiqi alətlərinin patentlə mühafizəsi”, “Azərbaycan brendləri”, “Haaqa sistemi” adlı elmi-praktik kitablar nəşr etdirmisiniz.

Sizi 70 illik yubileyiniz və yaradıcılıq uğurlarınızla bağlı Mədəniyyət Komitəsi adından bur daha təbrik edir, ən xoş diləklərimizi yetirirəm”!

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
40
1
turkustan.az

2Источники