RU

Azərbaycanın Ukraynaya növbəti jesti - AÇIQLAMA

Ukrayna bizə dost ölkədir

O uşaqlar bu yaxşılığı heç vaxt unutmayacaq və Azərbaycanı həmişə xoş xatirələrlə xatırlayacaqlar

“Ukraynalı uşaqların ölkəmizdə reabilitasiyaya cəlb olunması, onların istirahətinin təşkili, müharibənin ağrı-acısını müəyyən qədər unutmalarına kömək olmaq əsl dost yardımıdır”

  Ukraynalı 30 uşaq ölkəmizə səfər edib. Bu səfər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin təşkilatçılığı ilə baş tutub. Ukraynalı uşaq sosial-psixoloji reabilitasiya xidmətləri ilə təmin ediləcəklər. SXA-nın məlumatında bildirilib ki, Bakı şəhərində yerləşən düşərgədə uşaqlar üçün milli rəqs dərsləri və peşəkar psixoloq tərəfindən fərdi konsultasiyalar təşkil ediləcək. Daha sonra uşaqlar Bakı şəhərinə qısa tanışlıq turuna cəlb ediləcəklər. Onlar İçərişəhər və Şirvanşahlar saray kompleksi, həmçinin Qız Qalası, dənizkənarı bulvar, Atəşgah məbədi, Yanardağ abidəsi ilə tanış olmaq və burada maraqlı vaxt keçirmək imkanı qazanacaqlar. Növbəti günlərdə onların Bakı və bölgələrdə bir sıra qrup terapiyaları, meditasiya və yoqa məşğələləri, eyni zamanda psixososial təlimlər, milli mətbəxlə tanışlıq və digər ustad dərslərinə cəlb olunması nəzərdə tutulur.  Düşərgə iştirakçıları Qəbələ və Şəki şəhərlərinin tarixi və görməli yerləri ilə də tanış ediləcək. 10 günlük sosial reabilitasiya proqramı çərçivəsində uşaqların emosional vəziyyətlərinin stabilləşməsinə, eləcə də cəmiyyətə inteqrasiyalarının təmin edilməsinə dəstək göstəriləcək. Qeyd edək ki, bundan əvvəlki 4 qrupla birlikdə ümumilikdə ukraynalı 150-yə yaxın uşaq Azərbaycana gətirilərək sosial-psixoloji reabilitasiya xidmətləri ilə təmin edilib.
  Ukraynalı uşaqların reabilitasiya məqsədilə Azərbaycana gətirilməsini alqışladığını deyən “Təmiz dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova “Sherg.az"a açıqlamasında bunu Azərbaycan tərəfinin Ukraynaya növbəti jesti olaraq dəyərləndirdi: 
" Əvvəla, bu addım Azərbaycanın dost ölkəyə uzatdığı yardım əlidir. Məlumdur ki, müharibədən əziyyət çəkən, müharibənin ağrı-acısını canında hiss edən, onu yaşayan ilk növbədə uşaqlar və qadınlar olur. Qarabağ müharibəsi zamanı biz bunu əyani yaşamışıq, o dəhşətləri bizim qadınlar, uşaqlar da görüb. Uşaqlar ən həssas kateqoriya, xüsusi həssas qrup olduqlarından müharibə dəhşətlərini daha da ağrılı keçirir. Böyüklərin işi məlumdur. Kimisi orduya qatılır, kimisinin birbaşa vəzifəsi Vətəni qorumaqdır və onlar öz vəzifələrini yerinə yetirir. Amma uşaqlar ən çox və həm də ciddi sosial və psixoloji gərginliyə məruz qalan, ciddi travma alan tərəfdir. Münaqişə və müharibə ocaqlarındakı uşaqların sosial-psixoloji reabilitasiyası böyük əhəmiyyət daşıyır. Çox müsbət haldır ki, ukraynalı uşaqlar ölkəmizə gətirilir və onların reabilitasiyası ƏƏSMN tərəfindən həyata keçirilir. Artıq bir neçə dəfə belə səfərlər təşkil olunub, ukraynalı uşaqlara burada lazımi, hərtərəfli sosial-psixoloji yardım göstərilib, onların istirahəti təmin edilib. Bu proses xüsusi proqram əsasında icra edilir. Uşaqlar tibbi və psixoloji müayinədən keçirilir, hansı dərəcədə travma aldıqları müəyyənləşir. Buna uyğun da reabilitasiya proqramı icra olunur. İşin müsbət tərəfi həm də budur ki, onlar tək deyillər. Birlikdədirlər. Eyni coğrafiyaya, bir ölkəyə mənsub olmaları və eyni aqibəti bölüşmələri uşaqları daha da birləşdirir, daha da dostlaşdırır. Bu uşaqlarla təbii ki, mövcud vəziyyətlərinə uyğun psixoloji iş aparılmalıdır. Onların cəmiyyətə inteqrasiyası üçün də reabilitasiya proqramlarının düzgün təşkili çox önəmlidir. Çalışmaq lazımdır ki, uşaqlar müharibə dəhşətlərini mümkün qədər unutsunlar. Əlbəttə, tamamilə unutmaq qeyri-mümkündür, lakin hesab edirəm ki, necə ki zamanla bütün yaralar sağalır, o uşaqların da yaraları sağalacaq. Bu, onlara veriləcək mənəvi dəstəkdən asılıdır".
  M.Zeynalova qeyd etdi ki, Azərbaycan müharibədən, silahlı münaqişədən 30 ilə yaxın bir müddətdə əziyyət çəkmiş, ərazilərinin işğalı ilə yanaşı, həm də insanlarının erməni separatçıları tərəfindən işgəncələrə, soyqırıma məruz qaldığı ölkədir. Və bizim tibbi-psixoloji, sosial reabilitasiya sahəsində təcrübəmiz var: 
"Məhz bu arzuolunmaz təcrübə münaqişə bölgələrinin insanları ilə necə davranılmasını bilməyə imkan verir. Bu arzuolunmaz təcrübədən çıxış edərək Azərbaycan dövləti dünyanın hər hansı bir bölgəsində müharibədən əziyyət çəkən insanlara, o cümlədən də uşaqlara qayğı göstərməyə hazırdır. Ukrayna bizə dost, qonşu ölkədir. Ukraynalı uşaqların ölkəmizdə reabilitasiyaya cəlb olunması, onların istirahətinin təşkili, müharibənin ağrı-acısını müəyyən qədər unutmalarına kömək olmaq əsl dost yardımıdır. Düşünürəm ki, ukraynalı uşaqlar bunu heç vaxt unutmayacaq və Azərbaycanı həmişə xoş xatirələrlə xatırlayacaqlar".  

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
49
sherg.az

1Источники