RU

Jozep Borrel olduğu kimi: rüşvət, yalan, saxtakarlıq, cahillik - ARAŞDIRMA

Josep Borrell... Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi, keçmiş sosialist və indi Avropanın aparıcı məmurlarından biri. O, Azərbaycan haqqında təhrikedici və yalanlarla dolu yeni bəyanatı ilə yenə diqqət çəkib.

Sözügedən siyasətçiinin uzun siyasi karyerası boyunca qalmaqallardan xali olmadığını, ziddiyyətli mövqelərini sıraladığını nəzərə alsaq onun son açıqlaması ən azı birmənalı təsir bağışlamır.

"Qarabağdan olan saxlanılanlarla bağlı vəziyyətə gəldikdə, Avropa İttifaqı Azərbaycanı hüquqi prosedurlara, saxlanılanların müdafiəsi üzrə əsas prinsiplərə riayət etməyə və şəffaflığı təmin etməyə çağırır. Avropa İttifaqı saxlanılan erməni məhbusların azad edilməsi və repatriasiyası da daxil olmaqla, etimadın gücləndirilməsi tədbirlərinin ümumi sülh prosesinə fayda gətirə biləcəyinə və tərəflər arasında etimadın möhkəmləndirilməsinə yol açacağına qəti inanır", - Jozep Borrell Avropa Parlamentinin deputatlarının suallarını cavablandırarkən belə deyib.

Hazırda Bakıda istintaq təcridxanasında olan qarabağlı ermənilərin çox ciddi cinayətlərdə ittiham olunması, Azərbaycan məhkəməsinin onların əməllərinə ədalətlə, beynəlxalq hüququn norma və prinsiplərinə uyğun qiymət verəcəyinə şübhə etmirik.

Di gəl, Jozep Borrelin ədalətli, vicdanlı siyasətçi olmasına şübhəmiz var.

Çünki...

Vergilər əvəzinə "eşq"

1984-cü il. İspaniyanın ən məşhur aktrisa və müğənnilərindən biri, "La Faraona" kimi tanınan Lola Floreslə bağlı böyük qalmaqal yaşanır. O, külli miqdada pulu vergilərdən yayındırmaqda suçlanır.

Həmin ilin əvvəlində İspaniya Maliyyə Nazirliyində vergi məsələləri İdarəsinin baş direktoru olan Jozep Borrel "bu müğənninin çirkin əməllərini faş edəcəyik" demişdi. "La Faraona" təqribən 43 milyon peseti (260 min avro) vergilərdən yayındırmaqda ittiham olunurdu.

Lola Floreslə bağlı məhkəmə prosesləri tam beş il davam etdi. İclaslardan birində o, ifadəsində söyləmişdi: "Jozep Borrel mənə əxlaqsız təklif etdi. O, dedi ki, əgər məşuqəsi olmağa razılaşsam, ittihamlar ləğv ediləcək. Razılaşmadım, nəticədə burada, müttəhimlər kürsüsündəyəm".

1989-cu ildə başa çatan məhkəmə L.Floresi böyük məbləğdə cərimələməklə yanaşı, şərti həbs cəzasına da məhkum etdi.

Jozep Borrel isə cinsi zəmində təcavüz iddialarını "boş, əsassız söhbət" adlandırdı.

Amma İspaniya mediası həmin illərdə israrla vurğulayırdı ki, L.Floresin məhkəmədə Borrellə bağlı dedikləri araşdırılmayıb. Tam əksinə, Borrel vəzifəsindən istifadə edərək bu ittihamın məhkəmə tərəfindən qulaqardına vurulmasına nail olub.

İllər keçdi, Jozep Borrel Avropa Parlamentinin prezidenti olarkən onun müavini Yeva Kayli ilə bağlı qalmaqal yaşandı. Aparılan araşdırmalar nəticəsində məlum oldu ki, Y.Kayli vəzifə səlahiyyətlərindən sui-istifadə edərək külli miqdarda - yüz minlərlə avro - məbləğində rüüşvətlər alıb.

Yeva Kayli ifadə verərkən "bu pullardan və əməliyyatlardan rəhbərimin, Jozep Borrelin xəbəri vardı, onu da istintaqa cəlb edin" söylədi.

Lakin L.Flores kimi, Yeva Kaylinin də dedikləri "ciddi arqument" hesab edilmədi.

Bəs yaxşı, kimdir bu Jozep Borrel?

Komintern "uşağı"

Josep Borrell Fontelles.. 24 aprel 1947-ci ildə İspaniyanın Kataloniya bölgəsində, Lleida şəhərinin La Pobla de Segur qəsəbəsində anadan olub. O, mühəndislik üzrə təhsil almış və Barselona Universitetində sənaye mühəndisliyi üzrə diplom alıb. Daha sonra, Madrid Politexnik Universitetində iqtisadiyyat üzrə doktorluq dərəcəsi alıb və Stanford Universitetində iqtisadiyyat üzrə magistr dərəcəsi qazanıb.

Josep Borrellin siyasi karyerası 1970-ci illərin sonunda, İspaniyanın demokratiyaya keçid dövründə başlanıb. O, 1980-ci illərdə İspaniya Sosialist Fəhlə Partiyasının (El Partido Socialista Obrero Espanol, PSOE) üzvü olaraq siyasi səhnəyə çıxıb və 1982-ci ildə maliyyə dövlət katibi təyin edilib.

Bu vəzifədə çalışarkən Borrell, İspaniyanın Avropa İttifaqına daxil olması ilə əlaqədar maliyyə və vergi islahatlarının həyata keçirilməsində mühüm rol oynayıb.

Xatırladaq ki, PSOE gizli olaraq Kommunist İnternasionalı ("Komintern) üzvü olub. Kominrten, yəni 3-cü İnternasional 1919-1943-cü illərdə müxtəlif ölkələrin kommunist partiyalarını birləşdirən beynəlxalq təşkilat idi və yaradılması ideyası 1914-cü ilin noyabrında Vladimir İliç Lenin tərəfindən irəli sürülmüşdü.

Nazirlik və qalmaqallı istefa

1991-1996-cı illərdə Borrell İspaniyanın İctimai işlər, nəqliyyat və ətraf mühit naziri vəzifəsində çalışıb. 1998-ci ildə PSOE-nin liderlik seçkilərində qalib gələn Borrel partiyanın baş katibi vəzifəsinə təyin edilsə də, daxili mübahisələr səbəbindən 1999-cu ildə bu vəzifədən istefa verib. Mübahisələr PSOE funksionerlərinin əksəriyyətinin sonradan Borrelə kəskin antipatiya bəsləməsi ilə bağlı idi.

Soros və Avropa Parlamenti

2004-cü ildə Josep Borrell, Avropa Parlamentinə seçilib və 2004-2007-ci illərdə Avropa Parlamentinin prezidenti vəzifəsində çalışıb Bu vəzifədə o, Avropa İttifaqının genişlənməsi və Avropa Konstitusiyasının qəbul edilməsi kimi məsələlərdə aktiv fəaliyyət göstərib.

Məhz həmin dönəmdə amerikalı milyarder Corc Sorosun yaratdığı və rəhbərlik etdiyi çoxsaylı fondlar, cəmiyyətlər, "institutlar" və s. Avropa Parlamentinin "himayəsi" ilə postsovet məkanı ölkələrindəki fəaliyyətlərini dəfələrlə aktivləşdirmişdilər. MDB ölkələrinin bir neçəsində zorakı hakimiyyət dəyişikliyi ssenarilərini reallaşdırmaq cəhdini J.Borrel "insanların açıq cəmiyyət və demokratiya istəkləri" kimi qələmə vermişdi.

Separatizmi gizli dəstəkləyən XİN başçısı

2018-ci ildə J.Borrell  İspaniyanın xarici işlər naziri təyin edildi. Bu vəzifədə çalışarkən o, Kataloniya müstəqillik hərəkatı və İspaniyanın Avropa İttifaqındakı rolu ilə bağlı bir sıra mürəkkəb məsələlərlə məşğul olmuşdu. O, həmçinin ABŞ və Latın Amerikası ilə münasibətlərin inkişaf etdirilməsi istiqamətində də fəal iş aparmışdı.

Əslən katalon olan Jozep Borrelin "məhsuldar fəaliyyət"ini Madrid unutmayıb. Çünki məhz onun XİN başçısı olduğu dönəmdə Kataloniyada baskların separatizmi dəfələrlə aktivləşmişdi. Madridlilər iddia edirlər ki, həmin illərdə Barselona Borreldən gizli dəstək almasaydı, belə fəallaşa bilməzdi.

Avropa İttifaqının "baş bəlası"

2019-cu ilin noyabr ayında Josep Borrell Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi vəzifəsinə təyin edildi. Bu vəzifədə o, Avropa İttifaqının xarici siyasətinin formalaşdırılması və həyata keçirilməsində əsas rol oynayıb. Avropa İttifaqının Rusiya, Çin və ABŞ ilə münasibətlərin kəskinləşməsində, Yaxın Şərqdə sülh prosesinin dalana dirənnməsində və qlobal iqlim dəyişikliyi ilə mübarizə problematikasının demaqogiya kimi qələmə verilmək cəhdlərində Jozep Borrelin "əməyi" böyükdür.

Şəxsi həyat: rəsmi və gerçək

"Josep Borrell, şəxsi həyatında sadə və təvazökar bir insan kimi tanınır. O, evlidir və iki övladı var. Borrell, siyasətdən kənarda vaxtını ailəsi ilə keçirməyi və kitab oxumağı sevir". Rəsmi tərcümeyi-halda belə deyilir.

Halbuki J.Borrel 19690cu ilin yayında İsraildə tanış olduğu və sonradan evləndiyi fransız Karolina Mayerlə boşanıb. Bu nikahdan cütlüyün iki övladı var.

J.Borrel 1998-ci ildən bəri İspaniyanın sabiq ətraf mühit naziri Kristina Narbona ilə qeyri-rəsmi nikahdadır.

1999-cu il "geri çəkilməsi"

1999-cu ildə Josep Borrell İspaniyanın Baş naziri postuna (İspaniya Sosialist Fəhlə Partiyasından) namizədliyindən imtina etmək məcburiyyətində qaldı, çünki korrupsiya qalmaqalı ortaya çıxdı. Onun Maliyyə Nazirliyindəki iki yüksək rütbəli əməkdaşı rüşvət almışdı.

"Abengoa" ifşası

2018-ci ildə Borrell keçmiş həyat yoldaşına məxsus "Abengoa" şirkətinin səhmlərini satdığına görə İspaniyanın fond bazarının tənzimləyicisi tərəfindən cərimələndi. Bu satış, şirkətin müflis olacağını elan etməsindən az əvvəl baş verdiyinə görə, daxili məlumatlardan sui-istifadə şübhələrinə səbəb oldu.

"Bağ" və "cəngəllik" biabırçılığı

2022-ci ilin oktyabr ayında Borrell  Avropanı "bağ", qalan dünyanı isə "cəngəllik" saydığını deyərək bu biabırçı açıqlaması ilə geniş rezonansa səbəb olmuşdu.

Bu sözlər imperialist və irqi ayrı-seçkilik kimi qəbul olundu və həm Aİ daxilində, həm də xaricində tənqidlər seli yaratdı. Üzr istəməsinə baxmayaraq, Borrellin əsil mahiyyəti tam şəkildə ortaya çıxdı.

"Deutsche Welle" müsahibəsi

2019-cu ildə İspaniyanın xarici işlər naziri vəzifəsində olan Josep Borrell "Deutsche Welle" kanalının "Conflict Zone" proqramında alman jurnalist Tim Sebastian ilə müsahibəni tərk etdi. Bu, İspaniyada konstitusiya islahatı və Kataloniya müstəqilliyi məsələsinin müzakirəsi zamanı baş verdi. Borrell Sebastiyanı "yalan danışmaqda" ittiham etdi və jurnalistin qərəzli suallar verdiyini bildirdi. Yardımçıları ilə məsləhətləşdikdən sonra müsahibəyə qayıtmasına baxmayaraq, atmosfer gərgin qaldı və o, sualların "daha az qərəzli" şəkildə verilməsini tələb etdi. Avropa məmurunun başqalarına öyrətməyə çalışdığı "söz azadlığı" əslində budur.

Borrelin şüurundakı "ABŞ müstəqilliyi"

Josep Borrell dəfələrlə ABŞ-ın "cəmi dörd hindini öldürərək müstəqillik qazandığını" deyəoək özünü rüsvay edib.

Bu şərhlər onun cahilliyi və tarixi faktlara hörmətsizliyi səbəbindən narazılığa və tənqidə səbəb oldu. 2018-ci ilin noyabr ayında Madrid Universitetində keçirilən tədbirdə çıxış edərkən Borrell demişdi: "Niyə ABŞ-ın daha yüksək siyasi inteqrasiya səviyyəsi var? Əvvəla, onlar hamısı bir dildə danışırlar. İkincisi, onların praktik olaraq heç bir tarixi yoxdur. Onlar müstəqilliklərini cəmi dörd hindunu öldürərək qazandılar".

Bu nümunələr Josep Borrell ilə bağlı hadisələrin tam siyahısını əhatə etməsə də, Aİ-nin Azərbaycanı tənqid edən aparıcı vəzifələrini tutan bir şəxsin xarakteri haqqında müəyyən, bəlli təsəvvürün yaranmasına imkan verir.

Elçin Alıoğlu
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
48
1
milli.az

2Источники