RU

Belarus-Ermənistan münasibətləri daha da kəskinləşdi...

Image

Təbriz Musayev: “Rusiyanı birbaşa tənqid etmək cəsarəti çatmayan Paşinyan hakimiyyəti Belarusu hədəf alıb”

Belarusun Xarici İşlər Nazirliyi ötən gün Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla Svetlana Tixanovskaya arasında keçirilən görüş səbəbindən rəsmi İrəvana etiraz notası verib. 

Belə ki, Ermənistanın bu ölkədəki müvəqqəti işlər vəkili Narek Tiraturyan nazirliyə çağırılıb və ona yuxarıda bəhs olunan görüşlə bağlı etiraz notası verilib. Qeyd edək ki, Vilnüsdə baş tutan və rəsmi Minskin etirazına səbəb olan görüşdə müxalifət lideri Tixanovskaya Belarus hakimiyyəti və şəxsən prezident Aleksandr Lukaşenko ilə bağlı qətiyyətli mövqeyinə görə rəsmi İrəvana təşəkkür edib. O, həmçinin Belarusdakı demokratik qüvvələrlə Ermənistan arasında sıx əməkdaşlığın davam etdiriləcəyinə əminliyini bildirib.

Ermənistanın bu addımı həm də Rusiyaya qarşı kəskin demarşdır. Çünki Belarus qədər Rusiyaya yaxın olan, eyni mövqedən çıxış edən ikinci ölkə yoxdur. Yeri gəlmişkən, bir il əvvəl Paşinyanın arvadı Ukraynaya səfər etdi və bu, Rusiyada qıcıqla qarşılandı. Bundan başqa Ermənistanın Ukraynadakı səfiri bu günlərdə Buçada olub və orada mülki insanların soyqırıma məruz qalan yeri ziyarət edib. Moskva buna da bəyanatla reaksiya verdi. Ancaq o da var ki, Rusiya kimi böyük dövlətin Ermənistanın hər kiçik addımına belə qıcıqla yanaşması bu ölkəyə yaraşmır. Çünki bu, əslində böyük dövlətə yaraşmayan bir haldır. Ancaq istənilən halda Mirzoyanın Tixanovskaya ilə görüşü Rusiyaya qarşı atılan addımdır və Belarus-Ermənistan münasibətlərinin daha da kəskinləşməsi anlamına gəlir.

Sözügedən məsələni baki-xeber.com-a şərh edən İrəvan Azadlıq Təşkilatının sədri Təbriz Musayev hesab edir ki, Mirzoyanın bu addımı “quyruq acısı” olsa da əsas hədəf Rusiyadır: “Bəli, bu bir reallıqdır ki, Ermənistan Belarusun Azərbaycanla olan yaxın münasibətlərini həzm edə bilmir. Prezident Aleksandr Lukaşenko hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib. Hətta Rusiyaya yaxın olan “Qarabağ klanı” 20 il Ermənistanda hakimiyyətdə olanda belə, Minsk-Bakı münasibətləri yüksək səviyyədə olub. Hətta bəzi məqamlarda Lukaşenko o vaxtkı Ermənistan prezidenti Serj Sarkisyana məsləhət görmüşdü ki, ilkin mərhələdə ətraf rayonları işğaldan azad edib Bakı ilə ortaq dil tapsın. Ancaq Lukaşenkonun bir müddət əvvəl Azərbaycana səfəri zamanı işğaldan azad edilmiş Qarabağa getməsi, törədilən erməni vandalizmini öz gözləri ilə görüb buna təəssüflənməsi Ermənistana od qoyur. Ona görə də Belarusa qarşı bu cür hörmətsizlik edirlər. Baxmayaraq ki, Ermənistan Belarusla birlikdə KTMT və Avrasiya İqtisadi İttifaqında təmsil olunurlar. Bu, müttəfiqi olan dövlətə ən böyük hörmətsizlikdir. İrəvanın narazı olub-olmamasından asılı olmayaraq Ermənistan bu birliklərdə təmsil olunur. Lukaşenki pis heçnə etməyib. Ən azından ona görə ki, Qarabağı nəinki bütün dünya, elə Erməniistan hakimiyyəti də Azərbaycanın tərkib hissəsi kimi tanıyır. Burada söhbət Ermənistanın 2022-ci ilin oktyabrında Praqada və ondan sonra sərgilədiyi mövqedən gedir. Paşinyan bəyan etdi ki, Qarabağ Azərbaycanın tərkib hissəsidir. Lakin Rusiyanı birbaşa tənqid etmək cəsarəti çatmayan Paşinyan hakimiyyəti Belarusu hədəf alıb. Əminəm ki, Mirzoyanın addımı Qərbin təlimatı ilə atılıb. Çünki bu ilin martında Ermənistan parlamentinin sədri Alen Simonyan daTixanovskaya ilə görüşüb. Bu, Avropa Parlamentində “Avronest”in iclasları çərçivəsində baş tutub. Həmin söhbət zamanı Tixanovskaya Ermənistan ilə Belarus arasında daha sıx əməkdaşlığa ümid etdiyini bildirib. Ona görə də bütün bunlar təsadüfü deyil və bir-biri ilə bağlıdır. Halbuki, Lukaşenkonun Qarabağa səfəri may ayında olub. Bütün bunlar erməni tərəfinin necə satqın və etibarsız olduğunu bir daha ortaya qoyur”.

Vidadi ORDAHALLI





Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
73
baki-xeber.com

1Источники