RU

"Azərbaycan regionda sülhün və təhlükəsizliyin təmin olunmasındamühüm rol oynayır" - RƏY

Fransanın Ermənistanın əli ilə regionda sabitliyi pozmaq cəhdləri, siyasi təsirini artırmağa yönəlik planları prosesin təkcə  Ermənistan deyil, həm də Fransa üçün ağır nəticələnəcəyindən xəbər verir. Parisin sülhə zidd addımları, paralel olaraq İrəvanın ikili standart siyasəti təkcə region yox, ümumilikdə beynəlxalq ictimaiyyət üçün qəbuledilməzdir. Fransa Cənubi Qafqazda yenidən gərginlik ocağı yaratmaqda maraqlı olduğunu Ermənistanla “Ceasar” (“Sezar”) özüyeriyən haubitsaların alınmasına dair müqavilə imzalamaqla sübut etdi. 

 

Mövzu ilə bağlı Pravda.az-a fikirlərini bölüşən Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının “Qarabağ İrsini Araşdırma Mərkəzi”nin rəhbəri, beynəlxalq münasibətlər üzrə professor, siyasi elmlər doktoru Elçin Əhmədov deyib ki, son vaxtlar qlobal və regional güclər arasında artan ixtilaflar, beynəlxalq münasibətlər sistemində davam edən gərginlik, o cümlədən dövlətlərin suverenliyi və daxili işlərinə müdaxilələr, beynəlxalq hüququn norma və prinsiplərinə ikili yanaşma, həmçinin beynəlxalq münaqişələr, birtərəfli iqtisadi sanksiyalar, dözümsüzlük və humanitar böhran vəziyyəti daha da kəskinləşdirib.

 

Professor

 

Professor vurğulayıb ki, bütün dünyada və bölgədə gedən müxtəlif mənfi proseslərə baxmayaraq, Azərbaycanın hərtərəfli və dinamik şəkildə inkişafı, müstəqil, çoxşaxəli və milli maraqlara söykənən xarici siyasət kursu onun Cənubi Qafqaz regionunun ən çox inkişaf etmiş ölkəsi olaraq qalmasını təmin edib: "Müasir dövrdə Azərbaycan regionun yeganə ölkəsidir ki, düşünülmüş və milli maraqlara söykənən xarici siyasəti ilə regional təhlükəsizliyin təmin olunması istiqamətində ardıcıl və sistemli addımlar atır. Hazırda Azərbaycan dövlətinin həyata keçirdiyi enerji layihələri, regional inteqrasiyaya xidmət edən əməkdaşlıq formatları Cənubi Qafqazda sabitliyin təmin edilməsində mühüm rol oynayır. Bununla yanaşı, Azərbaycan dünyada sülhyaratma prosesində fəal iştirak edir, səmərəli təklif və təşəbbüslərlə çıxış edir, öz praktik fəaliyyəti ilə sülhün və təhlükəsizliyin möhkəmlənməsinə dəyərli töhfələr verir. Azərbaycanın milli maraqlarını uca tutan Prezident İlham Əliyevin prinsipial mövqeyi Vətən müharibəsində hərb, diplomatiya meydanında olduğu kimi informasiya savaşında da uğurlarımızı şərtləndirirdi və tarixi Qələbəmizin əsası qoyuldu. Azərbaycan Prezidentinin tarixə və beynəlxalq hüquqa əsaslanan mühüm tədbirlədəki fikirləri informasiya məkanında da düşmənin yalan üzərində qurulmuş təbliğat maşınına ağır zərbə vurdu və Ermənistanın təcavüzkar siyasətinin, eləcə də onun himayədarlarının ifşa olunması ilə nəticələndi. Beləliklə, Vətən müharibəsi son yüz ildə şərəf və qəhrəmanlıq salnaməsi kimi Azərbaycan tarixinə yazıldı".

 

E.Əhmədov deyib ki, Azərbaycan dövləti İkinci Qarabağ müharibəsindən sonra əzəli torpaqlarını işğaldan azad etməklə yanaşı, 100 il əvvəl - 1923-cü ildə Qarabağda məqsədli şəkildə pozulmuş inzibati-ərazi bölgüsünü də yenidən təmin etdi. Azərbaycan Prezidentinin 2021-ci il iyulun 7-də imzaladığı Fərmana əsasən, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının yaradılması ilə tarixi ədalət bərpa edilmiş oldu. Təbii ki, Azərbaycanın bu uğurlarını həzm edə bilməyən dairələr və bəzi dövlətlər regionda davamlı sülhün və sabitliyin əldə edilməsinə də maneə olmağa çalışırlar. Bu mənada Ermənistanı Cənubi Qafqazda forpostuna çevirməkdə maraqlı olan Fransa bu istiqamətdə “fəallığını” davam etdirir. 2023-cü il oktyabrın 23-də Ermənistan Müdafiə Nazirliyinin rəhbəri və Fransanın Silahlı Qüvvələr naziri Parisdə “ikitərəfli əməkdaşlığa dair sənədlər” imzaladılar. Danışıqlardan sonra keçirilən mətbuat konfransında bildirildi ki, tərəflər “Thales”dən Ermənistana üç GM200 radarının tədarükünə dair müqavilə imzalayıblar.  Həmçinin Fransa 2023-cü ildə "təlim" adı altında Ermənistana hərbçilərini göndədi. Fransa yenə də Cənubi Qafqaz regionunda vəziyyəti gərginləşdirən  davamlı addımlar atır. Belə ki, 2024-cü il iyunun 18-də Fransadan Ermənistana “CAESAR” markalı özüyeriyən artilleriya qurğuları və onlar üçün mərmilərin satışı barədə müqavilə imzalanıb. Məlumdur ki, Fransada güclü erməni lobbisi mövcuddur və  onların həm daxili siyasətə,  həm də qəbul olunan qərarlara təsir etmək imkanları var. Bununla yanaşı, Fransanın Ermənistandakı səfirliyi yanında yeni hərbi attaşenin təyin edilməsi də silahların təcavüzkar dövlətə verilməsinə yardım göstərir. Ancaq lobbi maraqlarını dövlət maraqlarına qurban verən Fransa yalnız Ermənistana hərbi dəstək verməkdə maraqlı deyil, həm də regiona daxil olmaqda, burada hərbi komponentlərini yerləşdirməkdə, hərbi mövcudluğunu genişləndirməkdə də maraqlıdır. Fransa müstəqil xarici siyasəti olmayan Ermənistanı forpostu etməklə onu daha böyük təhlükələrə atır. Ümumilikdə,  bütün bunlar region uğrunda Qərb-Rusiya qarşıdurması fonunda baş verən böyük geosiyasi proseslərin elementləri kimi xarakterizə edilə bilər. Bu səbəbdən Fransa tərəfindən regionda təhlükəsizliyi pozmağa ciddi cəhdlər edilir. Lakin qeyd etmək lazımdır ki, hazırda Azərbaycan regionda sülhün və təhlükəsizliyin təmin olunmasında  mühüm rol oynayır. Eyni zamanda,  bu gün Azərbaycanın Silahlı Qüvvələri təkcə Cənubi Qafqaz  regionunda deyil, dünyada ən güclülər sırasındadır. Son 20 il ərzində Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələrində aparılan islahatlar ordumuzun istər döyüş, istərsə də mənəvi-psixoloji hazırlığının güclənməsinə zəmin yaratdı. Azərbaycan Ordusu ən müasir silahlar və texnika ilə təchiz olundu. Qeyd etmək lazımdır ki, 2003-cü ildən keçən dövr ərzində hərbi xərclər 15 dəfədən çox artırılıb. Bu baxımdan, rəşadətli Azərbaycan Ordusunun şücaəti sayəsində  Vətən müharibəsində ərazi bütövlüyünü  bərpa etdikdən sonra Prezident İlham Əliyev qeyd etdi ki, XXI əsrdə heç bir ordu bizim qədər peşəkarlıq, fədakarlıq göstərməmişdir: “Heç bir xalq öz doğma torpağını bu qədər əziz tutub uğrunda ölümə getməyə hazır olmamışdır. Bunu biz hamımız yaxşı bilirik, bunu dünya da bilsin””.

 

Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri, politoloq İlyas Hüseynov isə açıqlamasında deyib ki, Fransa Cənubi Qafqazda sülhü, təhlükəsizliyi və sabitliyi pozmağa cəhd edir. 

 

İlyas


“Bu xüsusda Ermənistana silah satır. Ermənistanın müdafiə naziri Suren Papikyanın Parisə səfəri fonunda iki ölkə arasında “Sezar” özüyeriyən artilleriya sistemlərinin alınmasına dair müqavilə imzalanıb. “Sezar” özüyeriyən haubitsaların  Ermənistana tədarükü ilə bağlı razılıq region dövlətləri tərəfindən çox mənfi qiymətləndirildi, sərt qarşılandı. Azərbaycanın Müdafiə Nazirliyinin kifayət qədər kəskin bəyanatı buna nümunədir. Çünki Fransa Ermənistanı silahlandırmaqla Cənubi Qafqazda öz maraqlarını daha da genişləndirmək niyyətindədir. Buna oxşar bəyanatla həm də Rusiya tərəfi çıxış etdi. Bütün bunlar göstərir ki, Ermənistanın timsalında Fransa geopolitik ambisiyalarını təmin etmək məqsədi güdür. Gürcüstanda baş verən proseslərin ardınca Ermənistan Cənubi Qafqazda Avropaya meyil edən dövlət kimi əsas hədəf seçilib. Ermənistandakı hazırkı hakimiyyət də bütün sifarişləri təmin etmək üçün ardıcıl fəaliyyət göstərir. Bu xüsusda məsələ Hindistanın və Fransanın Ermənistanı silahlandırması, revanşizm dalğasının daha da güclənməsinə yol açır. Azərbaycan Zəngəzurla bağlı məsələnin sülh və danışıqlar yolu ilə həllinin tərəfdarıdır. Dəfələrlə beynəlxalq miqyasda da Ermənistan və onun havadarları Azərbaycanı bu istiqamətdə günahlandırmağa çalışırdılar. Bir sıra ermənipərəst şəxslər hətta açıq şəkildə Azərbaycana qarşı ultimatum irəli sürürdülər. Lakin Azərbaycan vaxt keçdikcə göstərdi ki, onun üçün əsas önəmli məqam regional əməkdaşlığın formalaşması, balanslı siyasətin yürüdülməsidir”. 

 

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə yardımı ilə “Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük “Vətən Müharibəsi”ndə qazanılmış tarixi qələbə, Ermənistan tərəfindən törədilmiş sülh və insanlıq əleyhinə cinayətlər, habelə müharibə cinayətləri ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması” mövzusu üzrə dərc olunub.

 

Aytəkin Qardaşova 

 

Tarix: 22 İyun 2024, 12:05   
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
61
50
pravda.az

10Источники