Ermənistan ordusunun son vaxtlar tez-tez atəşkəsi pozmasının səbəbi nədir?
Mövzu ilə bağlı Bakupost.az -a danışan politoloq Samir Hümbətov bunun bir neçə səbəbinin olduğunu bildirib.
Onun fikrincə, burda ilk növbədə Ermənistan ordusu daxilində xaricə bağlı olan qüvvələr rol oynayır:
"Həmçinin Ermənistanın daxilində revanşist qüvvələr var. Onlar da hakimiyyətə qarşı fəallaşıblar. Həmin qüvvələr bilirlər ki, Paşinyan Azərbaycanla danışıqlar aparmaq niyyətindədir. Ona görə də sərhəddə baş verənlər danışıqlar prosesini pozmaq üçün atılmış addım kimi dəyərləndirilə bilər".
Ekspert qeyd edib ki, atəşkəsin tez-tez pozulması Paşinyanın komandasının ordu daxilində öz hakimiyyətini tam olaraq bərqərar edə bilmədiyini göstərir:
"Çünki onun danışıqlar apardığı bir ərəfədə sıravi əsgərin, zabitin təxribat məqsədilə Azərbaycan tərəfinə özbaşına atəş açması inandırıcı görünmir. Demək ki, ordu daxilində ən yüksək səviyyədə Paşinyanın siyasətinə qarşı çıxan, xaricdən və daxildən dəstək alan qüvvələr var”.
Vasif Əlihüseyn
BakuPost