RU

Vaxtında verilmiş təklif...

YAP Parlament seçkilərinin daha erkən keçirilməsi təşəbbüsünü irəli sürüb

Yaşadığımız günlərdə Azərbaycan özünün hərtərəfli inkişafının yeni bir mərhələsini formalaşdırır. Belə bir məsuliyyətli bir dövrdə yeni ictimai əsasların formalaşdırılması, xalq-dövlət birliyinin təməllərinin daha da möhkəmləndirilməsi aktuallıq daşıyır. Ərazi bütövlüyünü tam bərpa etimiş, suverenliyinə qovuşmuş Azərbaycan yeni dövrün ictimai-siyasi çağırışlarına həm də bu mənada hazırdır. 

Yeni uğura imza atılacaq...

Vurğulandığı kimi, 2023-cü ilin dekabrında COP29 kimi mötəbər bir tədbirin ölkəmizdə keçirilməsinin yekdilliklə qəbul olunması ölkəmizin tarixində mühüm bir hadisə kimi yadda qaldı. Nəzərə alınmalıdır ki, bu ilin noyabrında baş tutacaq Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası beynəlxalq səviyyəli tədbirdir və belə məsuliyyətli bir vəzifə hər dövlətə etibar edilmir. Ötən illər ərzində Azərbaycan bu kimi mühüm tədbirlərə ev sahibliyi etmək bacarığını təsdiqləyib. Bu mənada, payızda ölkəmizə gələcək on minlərlə qonaq həm də ölkəmizdəki yüksək inkişaf səviyyəsi ilə yaxından tanış olmaq imkanı qazanacaq. 

YAP İdarə Heyətinin iyunun 20-də keçirilən iclasında çıxış edən YAP Sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov bildirib ki, ölkəmizin dünyada nüfuzunun daha da yüksəlməsinə və beynəlxalq ictimaiyyətin Azərbaycana etimadının daha da güclənməsinə növbəti dəfə 2023-cü ilin dekabrında şahidlik etdik: “Belə ki, Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29, Kioto Protokolunun Tərəflər Görüşünün 19-cu sessiyası və Paris Sazişinin Tərəflər Görüşünün 6-cı sessiyası kimi mötəbər beynəlxalq tədbirlərin 2024-cü ilin noyabr ayında Azərbaycanda keçirilməsi barədə qərar qəbul edilmişdir. Azərbaycanın qlobal tədbirlərə ev sahibliyi sahəsində böyük təcrübəyə malik olmasını, həmçinin 2024-cü ili “Yaşıl dünya naminə həmrəylik ili” elan edərək iqlim dəyişmələrinə qarşı fəal mübarizə mövqeyi nümayiş etdirməsini nəzərə alaraq, COP29-un da ən yüksək səviyyədə keçiriləcəyinə və yeni uğura imza atılacağına əminik. Bu tədbirlər on minlərlə xarici qonağa Azərbaycanı yaxından tanıtmaq, ölkəmizin bütün dünyada ədalətli sülhə, bərabərliyə, haqqa və hüquqa əsaslanan münasibətləri təbliğ və təşviq edən mövqeyini çatdırmaq üçün əlverişli fürsət olacaqdır”.

Milli Məclisin buraxılması və seçkilərin daha erkən keçirilməsi təşəbbüsü

COP29-un tarixi isə başqa bir əhəmiyyətli siyasi hadisə - növbəti parlament seçkiləri ilə üst-üstə düşür. Qeyd edildiyi kimi, bu parlament seçkiləri də tarixi bir siyasi hadisə kimi yadda qalacaq - növbəti seçki marafonu suverenliyi bərpa olunmuş Azərbaycanda ilk parlament seçkisi olacaq. Vaxtilə işğal altında olan ərazilərimizdə yaşayan vətəndaşlarımız artıq öz doğma yurd-yuvalarında səs vermək imkanı qazanacaq, öz hüquqlarından istifadə edəcək. Bu əhəmiyyətli siyasi proses Azərbaycanın gələcək 5 il üçün qanunverici orqanını formalaşdıracaq. Təbii ki, ölkədə yeni parlamentin formalaşması həm də beynəlxalq səviyyəli tədbirlərin daha aktiv keçirilməsi nöqteyi-nəzərdən vacib amildir. COP29-a qədər seçkilərin keçirilməsi təqdirində yeni parlament bu tədbirlər dövründə tam fəaliyyətdə olacaq. YAP İdarə Heyətinin iclasında çıxış edən YAP Sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov vurğulayıb ki, BMT-nin İqlim Dəyişmələri üzrə çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının və digər mötəbər beynəlxalq tədbirlərin keçiriləcəyi vaxtda - 2024-cü ilin noyabr ayında Azərbaycan Respublikası Konstitusiyasının 981 maddəsinin II hissəsinə əsasən Azərbaycan Respublikasının Milli Məclisinə növbəti seçkilər keçirilməlidir: “Həm seçkilərin, həm də qeyd olunan tədbirlərin yüksək səviyyədə təşkili mühüm əhəmiyyət kəsb edir. Bundan əlavə, həmin dövrdə ölkə parlamentinin tam fəaliyyətdə olmasının məqsədəmüvafiqliyi də nəzərə alınmalıdır. Altıncı çağırış Azərbaycan Respublikasının Milli Məclisi fəaliyyət dövrü ərzində dövlətin daxili və xarici siyasətini qanunvericilik səviyyəsində dəstəkləmək, dövlət idarəetməsinin təşkili və daha da təkmilləşdirilməsi fəaliyyətində yaxından iştirak etmək, yerlərdə seçicilərlə müntəzəm iş aparmaq, həmçinin parlament diplomatiyasının verdiyi imkanlardan səmərəli istifadə olunması sayəsində milli maraqları beynəlxalq məkanda təəssübkeşliklə təmsil etməklə üzərinə düşən vəzifələri layiqincə yerinə yetirməyə çalışmışdır. Hesab edirik ki, indiki şəraitdə də Milli Məclis dövlət maraqlarını üstün tutaraq Milli Məclisin buraxılması və seçkilərin daha erkən keçirilməsi təşəbbüsü ilə çıxış etməlidir”.

Təklif ictimai-siyasi həyatda olduqca mühüm bir mənzərə yaradır

Beləliklə, Yeni Azərbaycan Partiyasının Milli Məclisin buraxılması ilə bağlı təklifi həm siyasi, həm ictimai, həm də dövlət maraqları müstəvisində mühüm əhəmiyyət daşıyır. Ölkənin əsas siyasi gücü olan və bütün seçkilərin favoriti qismində çıxış edən YAP-ın dövlət maraqlarının qorunması istiqamətində növbəti təklifi müsbət və mühüm zəmin formalaşdırır. İrəli sürülən bu təklif Azərbaycanın ictimai-siyasi həyatında olduqca mühüm bir mənzərə yaradır. 7 fevral prezident sçekilərində ölkəmizin inkişafına, rihafına və uğurlu gələcəyinə səs verən Azərbaycan ictimaiyyətinin bu proseslərdə də aktiv iştirak edəcəyi şübhəsizdir...

P.İSMAYILOV

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
60
yeniazerbaycan.com

1Источники