RU

İmperiya ordeni alan, Həcc ziyarətində ölən Abbasqulu ağa Bakıxanov - 230

Bu gün görkəmli ədib, mütəfəkkir Abbasqulu ağa Bakıxanovun doğum günüdür.

Kulis.az onun haqqında 10 maraqlı faktı təqdim edir.


1. Abbasqulu ağa Bakıxanov 1794-cü il iyunun 21-i Bakının Xilə (Əmircan) kəndində anadan olub. Bakı xanlarının nəslindən olan Abbasqulu ağa Bakı xanlığının beşinci xanı II Mirzə Məhəmməd xanın oğlu idi. Anası Sofiya xanım isə müsəlmanlığı qəbul etmiş gürcü qızı idi.

2. Uşaqlıq illəri Bakıda keçib. Atası II Mirzə Məhəmməd xan 1802-ci ildə taxt-tacı əmisi oğlu Hüseynqulu xana uduzduğu üçün, ailə Qubanın Amsar kəndinə köçüb,Abbasqulu təhsilini burada davam etdirib.

3. 1819-cu ildə general Aleksey Petroviç Yermolovun dəvəti ilə Tiflisə gedib, Qafqaz Baş Hərbi İdarəsində şərq dilləri üzrə tərcüməçi vəzifəsinə qəbul edilib, iyirmi altı il bu vəzifədə çalışıb.

4. 1820–1830-cu illərdə Çar Rusiyası ordusunda qulluq etdiyi zaman Gülüstan (1813) və Türkmənçay müqavilələrinin (1828) imzalanmasında tərcüməçi kimi iştirak edib.

Abbasqulu

5. “Qüdsi” təxəllüsü ilə bədii əsərlər yazıb. “Merace-xəyal”, “Məclisi-firəng”, “Riyazül-Qüds”, “Mişkatül-ənvar” poemaları ilə yanaşı, çoxsaylı qəzəl, qəsidə, qitə, rübai, məsnəvi və təmsillərin müəllifidir. Bəzi tədqiqatçıların fikrincə, onun “Kitabi-Əsgəriyyə” əsəri Azərbaycanın ilk nəsr əsəri hesab oluna bilər.

6. O həm də Azərbaycan elm tarixində mühüm rol oynamış alimdir. Abbasqulu ağanın elmi əsərlərinə “Qanuni-Qüdsi”, “Əsrarül-məlaküt”, “Təhzibül-əxlaq”, “Eynül-mizan” kimi əsərlərini göstərmək olar. Abbasqulu ağa həm də Azərbaycan tarixşünaslığının əsasını qoyub. Uzun illərin zəhməti sayəsində yazdığı, Azərbaycanın və Dağıstanın tarixindən bəhs edən “Gülüstani-İrəm” əsəri ən vacib əsəridir.

7. O, Bakıda müsəlman dünyəvi təhsil məktəbi açmaq üçün hazırladığı layihəni 1832-ci ildə tərtib еdir və Qafqazın ozamankı canişini V.T.Rozеnə göndərir. Lakin bu layihə yеrli millətlərə, onların mədəniyyətinə pis münasibət bəsləyən gеnеral Rozеn tərəfindən еtinasız qarşılanır və onun şəxsi arxivində yatıb qalır. Abbasqulu ağa Bakıxanovun 20 fеvral 1832-ci ildə tərtib еtdiyi “Müsəlman məktəbi təsis еdilməsinin layihəsi” hazırda Moskvada Dövlət Tarix Muzеyinin Baron Rozеn Fondunda saxlanılır.

8. Xidməti dövründə III dərəcəli Müqəddəs Anna ordeninə, IV dərəcəli Müqəddəs Vladimir ordeninə, İmperator taclı II Müqəddəs Anna ordeninə, III dərəcəli Müqəddəs Stanislav ordeninə, I dərəcəli “Günəş və Şir” ordeninə layiq görülüb.

Abbasqulu

9. General-leytenant Cəfərqulu ağa Bakıxanovun və general Abdulla ağa Bakıxanovun qardaşı, general-mayor Həsən ağa Bakıxanovun və polkovnik Əhməd ağa Bakıxanovun əmisi, tarzən Əhməd Bakıxanovun babası, bəstəkar Tofiq Bakıxanovun və kamançaçı Tələt Bakıxanovun ulu babasıdır.

10. 1847-ci ildə Həcc ziyarətinə yollanıb. Məkkədən Mədinəyə gedərkən Vadiyi-Fatimə alanan ərazidə vəbadan vəfat edib, orada torpağa tapşırılıb. Təəssüf ki, bu böyük Azərbaycan aliminin məzarından indi hеç bir iz qalmayıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
23
kulis.az

1Источники