RU

Mədəni abidələrə qarşı bu qədər qanunsuzluqlar cəzasız qalacaq?...

Image

Faiq Ələkbərli: "Tarixi abidələrə hər hansı bir ziyan verən şəxs sərt şəkildə cəzalandırılmalıdır"

Bakı şəhərində yerləşən bir sıra memarlıq abidələri olan binalarda aparılan təmir-bərpa və abadlıq işləri müzakirələrə səbəb olub. Mədəniyyət Nazirliyinin yaydığı məlumatda qeyd edilir ki, bəzi tarixi bina fasadlarının, o cümlədən daşla üzlənmiş binaların rənglənməsi işləri narahatlığa səbəb olub. 

Bildirilir ki, aparılan abadlıq işlərinin səbəbi - BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ərəfəsində paytaxt ərazisində bir sıra binalarda, o cümlədən memarlıq abidələrində təmir-bərpa işlərinin həyata keçirilməsidir: “Hal-hazırda həyata keçirilən işlərin təcililiyini nəzərə alaraq, yaranan problemləri yerində həll etmək məqsədi ilə sözügedən təşkilatların əməkdaşlarından ibarət olan işçi qrup yaradılıb. Daimi olaraq müvafiq işlərin aparıldığı tarixi binalara baxış keçirir, görülən işlər nəzarətdə saxlanılır. Təəssüflə etiraf etmək lazımdır ki, son illər  ərzində abidələrimiz məhz istifadəçilər tərəfindən ciddi təsirlərə məruz qalıb - qapı-pəncərə ətrafındakı daş fasadlar rənglənmiş, balkon və eyvanlar şüşələnmiş, fasadlarda müxtəlif naqillər və borular çəkilmiş, birinci mərtəbələrdə fasadlar müasir materiallarla üzlənmiş, kondisionerlər və reklamlar quraşdırılmışdır və s. 2000-ci illərin əvvəllərində yuxarıda qeyd olunan qanunsuz əlavələri aradan qaldırmaq üçün fasadların ümumi təmizlənməsi, o cümlədən qəbuledilməz üsullarla, eləcə də bir çox binaların, o cümlədən daş binaların bir rəngə boyanması baş verdi. Bəzi hallarda memarlıq abidələrinin nəinki tarixi görkəmi itirilib, tikililərə bərpası mümkün olmayan ziyan dəyibdir. Məsaməli əhəngdaşının müasir boyalarla rənglənməsi ona gətirib çıxarıb ki, bu gün daş örtüklərin müəyyən yerlərdə, xüsusilə abidələrimizə gözəllik yaradan təkrarsız memarlıq detallarının ovulması baş tutub”. 

Görəsən, abidələrdə deyildiyi kimi bu qədər pozuntuya yol verənlər, lüzumsuz rəngləməyə dövlət vəsaiti israf edənlərə heç bir cəza verilməyəcək?

“Tarixi abidələrin qorunması və bərpa edilməsi hələ də problem olaraq qalır, bu tək Bakı şəhərində deyil, bölgələrdə də müşahidə olunur" 

AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun aparıcı elmi işçisi, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Faiq Ələkbərli “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, tarixi abidələrin qorunması və bərpa edilməsi hələ problem olaraq qalır. Bu problem tək Bakı şəhərində deyil, bölgələrdə də müşahidə olunur: “Ümumiyyətlə, abidələrin bərpası ciddi nəzarət altında deyil. Buna görə də abidələrin restavrasiyası zamanı ciddi pozuntulara yol verilir. Onu da deyim ki, bəzi hallarda abidələrdən istifadə hüququ olan şəxslər bundan kobud şəkildə yararlanır. Yəni, abidələrdən gəlir əldə etmək istəyənlər bu hüquqlarından düzgün istifadə etmir. Təəssüf ki, bu məsələlərə ciddi yanaşılmır. Yaxşı olar ki, abidələrdən düzgün istifadə etməyənlərlə bağlı sərt cəza tətbiq olunsun. Məsuliyyətini dərk edənlər abidələrlə kobud rəftar etməz. Tarixi abidələrə hər hansı bir ziyan verən şəxs sərt şəkildə cəzalandırılmalıdır. Tarixi qorumaq, onun qayğısına qalmaq hər bir vətəndaşın mənəvi borcu olmalıdır".

Günel CƏLİLOVA





Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
22
baki-xeber.com

1Источники