RU

"Ermənistanın konstitusiyası dəyişmədiyi təqdirdə sülh sazişi imzalanmayacaq" - Politoloq

ABŞ dövlət katibi Antoni Blinken Ermənistan və Azərbaycanı tezliklə sülh müqaviləsini imzalamağa dəvət edib. Bu barədə ABŞ dövlət katibi Antoni Blinken iyunun 20-də Azərbaycan Prezidenti İlham Əliyevlə telefon danışığı zamanı bildirib.

Politoloq Turan Rzayev BiG.AZ-a bildirib ki Blinkenin Ermənistan və Azərbaycanı sülh müqaviləsi imzalamağa dəvət etməsi müsbət hadisədir. Amma Ermənistanın konstitusiyası dəyişmədiyi təqdirdə sülh sazişi imzalanmayacaq:

"ABŞ dövlət katibi Antoni Blinkenin cənab prezidentlə telefon danışığı diqqət çəkən məqamlarla yadda qaldı. Xüsusilə Blinkenin Ermənistan və Azərbaycanı sülh müqaviləsi imzalamağa dəvət etməsi müsbət hadisədir. Lakin ABŞ-nin bu məsələdə hər hansı addım ata biləcəyini düşünmürəm. Çünki danışıqlar hazırda Azərbaycan və Ermənistan arasında vasitəçi olmadan ikilikdə gedir. Bu bizim üçün başlıca prioritet və əsas məsələdir. Təsadüfi deyil ki, cənab prezident də buna eyham vuraraq qeyd etdi ki, iki ölkə arasında sülh prosesi gedir. Amma prezident həm də qeyd etdi ki, ABŞ-nin sülhə töhfə vermək əzmini yüksək qiymətləndirir və Ermənistanda Azərbaycana qarşı ərazi iddialarının son qoyulmasının sülh gündəliyini irəli aparması baxımından vacibliyini qeyd edib. Rəsmi Bakı Vaşinqtona bu mesajı verir ki, əgər dəstək vermək istəyirsinizsə, Ermənistanın konstitusiyası dəyişsin. Bu baş vermədiyi təqdirdə sülh sazişi imzalanmayacaq. Burada istənilən vasitəçi ölkənin iştirakının mənfi və ya müsbət təsiri olmayacaq. Nəticə etibarilə Vaşinqtonun məsələyə baxışı bizim üçün məqbuldur, amma danışıqların ikili formatda davam etməsi ən doğru yanaşmadır".


BiG.Az
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
44
big.az

1Источники