RU

Qasırğanın fermerlərə vurduğu ziyan necə ödəniləcək?

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



İyunun 20-si günün ikinci yarısından başlayaraq əksər bölgələrimizdə yağıntılı və güclü küləklə müşayiət olunan hava şəraiti hökm sürüb.
Oxu.Az xəbər verir ki, əsən güclü qərb küləyi gecə saatlarından tədricən zəifləyib. Bəzi yerlərdə yağıntılar leysan xarakterli intensiv və güclü olub, şimşək çaxıb. Gədəbəy rayonunun Novo Saratovka kəndinə diametri 25-28 mm olan dolu düşüb.
Sosial şəbəkədə yayımlanan məlumatlara görə, müşahidə olunan hava şəraiti bir çox bölgələrdə, xüsusən də Ağstafa, Tovuz, Gəncə, Şərurda ciddi fəsadlar yaradıb.
Bu cür hava şəraitindən ən çox zərər çəkən, adətən fermerlər olurlar. Bəs görəsən fermerlərə dəyən ziyanın ölçülməsi üçün sığorta ekspertləri bölgələrə ezam olunubmu?
Məsələ ilə bağlı Kənd Təsərrüfatı Nazirliyinə sorğu ünvanladıq.
Nazirliyin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdiri Vüqar Hüseynov Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, sığorta ekspertləri müraciət əsasında bölgələrə ezam olunurlar.
"Bölgələrdə sığorta olunan təsərrüfatların sahibləri olan fermerlər 10 gün ərzində Aqrar Sığorta Fonduna müraciət edərək zərərin dəyərləndirilməsi üçün ekspertiza təyini istəyə bilərlər. Müraciət əsasında bölgələrə aqrar sığorta ekspertləri ezam olunurlar və dəymiş zərər qiymətləndirilir", - deyə V.Hüseynov qeyd edib.
O qeyd edib ki, bu ilin ilk altı ayı ərzində ekspertiza təyin olunması üçün Aqrar Sığorta Fonduna 800-dən çox müraciət daxil olub.
"Fürsətdən istifadə edərək fermerlərə bir daha müraciət edirik ki, təsərrüfatlarına dəyən ziyanla bağlı sığorta müqaviləsinə əsasən, təbiət hadisələri nəticəsində dəymiş zərərin qiymətləndirilməsi üçün 10 gün ərzində Aqrar Sığorta Fondunun "1651" Çağrı Mərkəzinə müraciət etsinlər", - deyə V.Hüseynov vurğulayıb.
Qeyd edək ki, ölkə ərazisində müşahidə olunan qeyri-sabit hava şəraitinin iyunun 23-ü gündüzədək fasilələrlə davam edəcəyi, bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı, ayrı-ayrı yerlərdə yağıntıların leysan xarakterli intensiv və güclü olacağı, dolu düşəcəyi ehtimalı var. Çaylarda sululuğun artacağı, bəzi çaylardan qısamüddətli daşqın və sel keçəcəyi ehtimal olunur.
Xatırladaq ki, iyunun 21-22-də bəzi bölgələrdə əvvəlcədən verilən sarı, narıncı və qırmızı xəbərdarlığa uyğun olaraq qərb küləyinin əsəcəyi və arabir güclənəcəyi gözlənilir.
Əzizə İsmayılova
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
39
50
oxu.az

10Источники