RU

BÖYÜK GƏLİŞDƏN BİR AZ QABAQ - Rafael Hüseynov yazır

Rafael HÜSEYNOVAkademik


Hamımız zamana bağlıyıq. Bir gözümüz həmişə vaxtdadır. Qol saatına baxırıq, divar saatını izləyirik, indi isə telefon elə həm də saatdır, ondan dəqiq vaxtı bilməkçün diqqətimizi ayırmırıq. Fəqət illəri, ayları, həftələri bilmək azdır. Elə sürətli vaxt axarındayıq ki, saatı, dəqiqəni, hərdənsə lap saniyələri də doğru bilməsək, yaşamaq çətinləşər, işlərimizi nizamlaya bilmərik.

Günümüz 24 saatdırsa da, bəzən işlərin gedişi günü həmin 24 saatdan uzun edir, sanki saatlardan, dəqiqələrdən daş asılıb, vaxt ləng irəliləyir. Ancaq saatların, dəqiqələrin əslində olduğundan yeyin irəliləməsi də başımıza az gəlmir.

Odur ki, hər şey olan zaman çox şərtidir, biz zavallılar heç onun səmtinin hansı yana olduğunu da əməllicə bilmirik. Doğrudanmı vaxtın üzü gələcəyə sarıdır, bəlkə elə zamanın səmtini də, qədim dünya tarixini hesablayan sayaq, istiqaməti üzü o yana götürməliyik?

Bir saat da var ki, mən ona hər gün bir neçə dəfə baxıram. Halbuki o saat işləmir, çoxdan dayanıb. O saatın sahibi də çox keçməyəcək 100 il olacaq ki, həyatda yoxdur. O, bir divar saatıdır. Ancaq mən onu indi Nizami muzeyində çilçıraq sayaq elə asmışam ki, hər tərəfi görünsün. Bir zamanlar bu saat Tiflisdə, Davıdov küçəsi 24-də yerləşən mənzildəymiş. Bu saat Mirzə Cəlilin imiş. O mənzildə ki, orada Cəlil Məmmədquluzadə həm yaşayırdı, həm də otaqlardan bir neçəsini “Molla Nəsrəddin” jurnalının redaksiyası üçün ayırmışdı. Bu saatı günlərin birində zövcəsi Həmidə xanım Cavanşir ona hədiyyə almışdı. Üstündən illər sovuşandan sonra xatirələrin cığırıyla ötən günlərə qayıdan Həmidə xanım niyə bu saatı almasının tarixçəsini və saatın sərgüzəştlərini nağıl edirdi. “Molla Nəsrəddin” nəşrə başlayınca o qədər müqavimətlərlə üzləşmişdi ki, Mirzə Cəlil arzulayırmış: “Kaş mənim bu jurnalım beşcə il çıxaydı. Ondan sonra heç nə istəmirəm”. Ancaq bütün sıxıntılara baxmayaraq, “Molla Nəsrəddin” sağ-salamat gəlib 1911-ci ilə çatmışdı, hər həftə çıxmaqda davam edirdi. Aprelin 7-də, “Molla Nəsrəddin”in ilk sayının nəşr edilməsinin düz beşinci ilində Həmidə xanım redaksiya üçün yubiley münasibətilə hədiyyə olaraq divar saatı alır, Cəlil olmayanda gətirib asdırır onun iş otağında: “O gəldi, içəri girən kimi saat çıqqıltısı eşidib çox təəccübləndi. Cəlil elə həmin otaqda yatırdı. Səhəri gün gördüm ki, saatı dayandırıb, kəfkirini də bərk-bərk dəsmala büküb. Soruşdum ki, niyə belə eləmisən, cavab verdi ki, çıqqıltısı başıma düşür, saatbaşı zəng vurması da bir yandan əsəbiləşdirir, nə işləməyə qoyur, nə yatmağa. Mən pərt oldum və saatı kontorun yemək otağına keçirtdim”.

Mirzə Cəlil sakitlik sevən inşanmış. Onu ən yaxşı tanıyanlardan biri, sirdaşı və məsləkdaşı Əbdürrəhim bəy Haqverdiyev də xatırlayırdı ki, Mirzə Cəlil sükuta daha çox mail idi, səssizliyi xoşlardı, çox danışmağı da sevməzdi. Həyatda belə imiş. Amma qələmində, düşüncəsində Mirzə Cəlil büsbütün başqa adam idi. Həmişə içərisində fırtınalar çağlayırdı. Həm də yaşa dolandan, artıq püxtə qələm sahibinə çevriləndən sonra yox, elə yeniyetməliyindən, ilk gəncliyindən belə olmuşdu. Ömrü boyu da dəyişmədi, elə axıracan belə qaldı.

Bu saatın əqrəblərini haçansa Mirzə Cəlil özü dayandırmışdı, sonra yenə o saat başladı işləməyə, vaxtı göstərməyə. İstənilən saatın haçansa dayanması, təmirinə ehtiyac olması var. Hətta ən məşhur binaların üzərindəki ən məşhur rəsmi saatlar da dayana bilir. İnsanın düzəltdiyi istənilən saat ona tabedir. Qol saatı olsun, divar saatı, lap elektron saatlar – hamısını haçansa qurmağa, sahmanlamağa zərurət yaranır. Elə Mirzə Cəlilin bu saatı da həm onun sağlığında, həm vəfatından sonra bəlkə neçə dəfələrlə saatsaza göstərilib, baxıblar, qaydaya salıblar. Neçə illərdir ki, artıq bu saat işləmir. Ancaq Mirzə Cəlilin saatı öz sağlığında da çox dəqiq işləyirdi, bu gün də işləyir, bütün gələcəklərdə də işləyəcək və daim ən dəqiq vaxtı göstərəcək. O saat Mirzə Cəlilin əsərlərindədir, hər cümləsinin içərisindədir, düşüncəsinin cövhərindədir. Azərbaycan insanının Mirzə Cəlil saatına həmişə ehtiyacı var. Dünən qarışıq zamanlarda məqsədə doğru yorulmadan, düzgün irəliləmək üçün biz dönə-dönə Mirzə Cəlilin saatına baxırdıq, açıb kitablarını oxuyurduq. Və o saata – Mirzə Cəlil düşüncəsinin döyündüyü saata biz başqalaşmış dövrdə – bu gün də, sabahlarda da mütəmadi baxmalıyıq ki, yolumuzdan sapmayaq, düz gedək. Saatları qururlar, sahmana salırlar, xarab olanda təmir etdirirlər. Mirzə Cəlilin bizə yadigar qoyub getdiyi, əsərlərində daim işləyən saatsa bizim özümüzü, cəmiyyətimizi təmir edən, sahmana salan saatdır. O saat bizi rəngdən-rəngə düşən yeni əyyamlarda da içəridən quran saatdır. Özümüzü bir insan və bir millət olaraq Mirzə Cəlilin və Mirzə Cəlillərin saatlarına köklədikcə biz gələcək çağlarda da həmişə daha doğru, daha inamla irəliləyəcəyik. Bu və o saatlarsa heç vaxt yalnız indini, dünəni göstərməyəcək, həmişə gələcəyi nişan verəcək.

Və həmişə gələcəyin, sabahın içərisində olan həmin Millət Saatları gerçək vaxtdan bir qədər irəlidə olacaq. Neçə dəqiqələrmi, saatlarmı, günlərmi, aylarmı, illərmi irəlidə. Gerçək təqvim vaxtından öndə olacaq və həmişə də bizə daxildən səfərbər olmağın, gələcək qoynunda addımlamağın daha rahat və dürüst yollarını göstərəcək.

...Mirzə Cəlil dünyaya gələndə XIX yüzil sona yaxınlaşır, yeni zamanın ayaq səsləri duyulurdu. Onun haçan, hansı ildə təvəllüd tapması məsələsi uzun müddət mübahisə doğurmuşdu. Bir ara onun 1866-cı ildə dünyaya gəldiyi qəbul edilirdi və dərsliklərdə, kitablarda, araşdırmalarda elə belə də yazılırdı. Ancaq Mirzə Cəlil hətta özü haçan, hansı ildə doğulduğunu dəqiq bilmirdi, lap and da içirdi ki, mən hansı ildə təvəllüd tapmışam, vallah, özüm də bilmirəm, çünki bu haqda bir yazı, sənəd yoxdur, mənim dünyaya gəldiyimi haradasa qeydiyyata almayıblar.

Mirzə Cəlil bu mülahizələrini oxucusu ilə bölüşəndə 1926-cı il idi və ömründən keçən ayrı-ayrı hadisələri, yaddaşında olanları müqayisə edərək belə qənaətə gəlirdi ki, indi mənim ya 56, ya 57, ya 58 yaşım olmalıdır. Ancaq Mirzə Cəlil özü də təsdiqləyirsə ki, doğum tarixi heç bir yerdə qeydiyyata alınmayıb, hansısa sənəddə əksini tapmayıb, sonralar məlum oldu ki, əslində qeydiyyat varmış, sənədlər də üzə çıxdı və onun 1868-ci ildə doğulması sübutunu tapdı (Həm də ortada olan, di gəl illərcə ən inadkar cəlilşünaslara da bilinməz qalan isbatedici sənəd bir deyil, ikiymiş və ikincisi də birincisinin doğru olmasını əlavə dəfə sübut edirmiş. Dada çatıb dəqiqləşdirməyə kömək edən çarlıq zamanında xüsusi dəftərxana səliqəsi və ciddiyyəti ilə tərtib olunmuş kameral təsvirlərdir. Araşdırıcı Nazir Əhmədlinin üzə çıxardığı sənəddə – Naxçıvan şəhərinin 1873-cü ildə tərtib edilmiş Kameral təsvirindəki 498.1059 saylı siyahıyaalma vərəqində göstərilir ki, Məmmədqulu Hüseynqulu oğlunun 37 yaşı var və oğlanları Yusif 8, Cəlil 5, Hüseyn (bu, elə tanıdığımız Ələkbərdir. Onun iki adı varmış) 1 yaşındadır).

Beləliklə, bu sənəddə Cəlilin 1868-ci il doğumlu olması aşkara çıxır. 1886-cı ildə Naxçıvanın növbəti kameral təsviri aparılır və 444/498 saylı bu siyahıda artıq Cəlilin 18 yaşı olduğu qeyd edilir. Bütün bunları dəqiqləşdirmə xatirinə yazıram, hərçənd, böyük ölçüdə 1-2 il o yana, 2-3 il bu yana əsas mətləbə, sən deyən, ciddi təsir etmir. Mahiyyət ondaydı ki, Cəlil yeni başlanan zamanın övladı idi və onun tərcümeyi-halında Azərbaycanın o tayı ilə bu tayının sərhədləri keçilməz deyildi. Babası Hüseynqulu Güney Azərbaycandan – Xoydan Naxçıvana təşrif gətirmişdi. O, bir bənna idi, çörəkpulu ardınca gəlmişdi, ancaq qismət onu döndərib etdi buralı – Naxçıvanda məskən saldı, ailə qurdu, uşaqları dünyaya gəldi. Hüseynqulunun oğlu Məmmədqulu Naxçıvanın tanınan kişilərindən Məşədi Babanın qızı Sara ilə evləndi və o izdivacdan beş uşaq dünyaya gəldi. Məmmədqulu imkan edib Xorasan səfərinə də çıxmış, “məşədi” olmuşdu. Böyük oğlu Yusif saatsaz idi. Ərəbcəni, farscanı mükəmməl bilirdi. Ancaq çox yaşamadı, cavan yaşlarında vəfat etdi, kiçik oğlu Xəlil də dünyadan erkən köçdü. Elə qızı Səkinənin də ömrü uzun olmadı, özü getdi, balaları qaldı. Məmmədqulunun övladlarından ikisi – Cəlillə Ələkbər yaşadı, nəsli davam etdirdi və Cəlil bacısı Səkinənin yetim uşaqlarını da himayəsinə götürdü. Cəlilin babası Hüseynqulu daşı daş üstə qoyan bənna olmuşdu, atası Məmmədqulu duzçu. Cəlil nə bənna oldu, nə duzçu. Ancaq atasının da, babasının da peşəsi onun taleyində, elə işində-əməlində də öz yerini tapdı. Cəlil də yaratdıqları ilə əslində bir bənna idi. Kəlmələri, daşı daş üstə qoyan hörgüçü kimi, sıralayaraq millətə misli olmayan söz və düşüncə imarəti ucaldırdı. Duzçu oğlunun taleyində millətinin qəmli aqibətini duzlu qələmiylə yazıya almaq vəzifəsi də varmış.



XIX yüzil sona doğru irəliləməkdə idi. Artıq yeni üsullu məktəblər də açılırdı. Ancaq başlanğıcda Cəlili dədə-baba qaydasıyla mollaxanaya qoydular. Amma XIX yüzilliyin sonuna doğru bu mədrəsələr də əski mollaxanalardan fərqlənirdi. Artıq yeni başlanan zamanın tədrisdəki üsul-i cədid dalğası buralara da sıçramışdı. Doğrudur, illər keçəndən, Cəlil bütün Azərbaycanın olan Mirzə Cəlilə çevriləndən sonra o günləri, mollaxananı xatırlayaraq bir az şikayətlənərək yazırdı ki, əgər cənnət-cəhənnəm haqqında deyilənlər həqiqətdirsə, Allahın qoyduğu, Məhəmməd Peyğəmbərin yönəltdiyi yolla düzgün gedənlərə o dünyada mükafat olaraq cənnət nəsib olacaqsa, gərək mənə cənnətin ən səfalı yerində bir məkan düşə; çünki uşaqlıq çağlarımdan ta 14-15 yaşında yekə oğlan olana qədər min-min müsibətlərə dözərək o qədər oruc tutmuşam, min-min rahatsızlıqlara səbr eləyərək o qədər namaz qılmışam ki, bunun savabı mənim özümə də, yovuq qohum-əqrəbama da, hətta dost-aşnaya da bəs edər. Və bunu da mollaxanada tənbeh olunarkən falaqqaya salınıb döyülməsini xatırlayaraq etiraf edirdi ki, o çubuqların ağrısını indi də dabanlarımda duyuram.

Şikayətlənirdi, ancaq vaxtilə mollaxanada aldığı o təhsilin, ərəb-fars dillərini yaxşı öyrənməsinin köməyi Cəlilin Mirzə Cəlil olması üçün ona gələcəkdə çox arxa da durdu. Çubuqların ağrısı müvəqqəti idi, qalan bilik və səriştələrsə ömürlük!

Mollaxananın ardınca Cəlil elə yeni günün tələbi ilə Naxçıvanda yaranmış üçillik məktəbə daxil olmuşdu. Orada tədris əsasən rus dilində idi. Ana dili ki səhər-axşam onunla idi – evdə-eşikdə, yolda-rizdə danışdığı öz doğmaca dili idi. Mollaxanada mənimsədiyi ərəbcəylə farscanıın üstünə rusca da gələndən sonra bildiyi dillərin sayı dördə çatır (Hərçənd, bunu beş də saya bilərik. Çünki özü ermənicəni də yaxşı bildiyini deyib).

Cəlil Naxçıvandakı üçillik məktəbdə dərs almağa başlayanda 1879-cu il idi. Ancaq həmin il Cənubi Qafqazın, o sıradan Azərbaycanın həyatında işıqlı iz buraxacaq və faydası sonra həmişə duyulacaq digər əlamətdar hadisə baş verdi. Gürcüstanda Zaqafqaziya Müəllimlər Seminariyası yaradıldı. O ayağı sayalı seminariya Azərbaycana millətin yeni əsrdə yüksəlişləri yolunda misilsiz xidmətlər göstərəcək Firidun bəy Köçərli, Rəşid bəy Əfəndiyev, Nəriman Nərimanov, Üzeyir Hacıbəyli, Müslüm Maqomayev, Pənah Qasımov, Süleyman Sani Axundov, Bədəl bəy Bədəlbəyli, Azad Əmirov... kimi bir qatar parlaq aydını bağışladı və Cəlilin də Qori seminariyasına yönələn yolunu Naxçıvandakı rusdilli üçillik məktəbdə aldığı təhsil açdı.

1882-ci ildə Azərbaycanın həmişə minnətdarlıqla xatırlamalı olduğu böyük maarif xadimi Aleksey Osipoviç Çernyayevski Qoridən Naxçıvana gəlmişdi. Millətimizin çırağını yandırmaqçün “dəmir çarıq” geyib Azərbaycan boyu gəzib-dolaşmış Çernyayevskinin o yerlərdən heç birində hamının hər gün görüb salam verməsi, tanıması üçün abidəsi hələ yoxdursa da, xalqın tarixi yaddaşında xeyirxah əməlləriylə özü öz heykəlini Aleksey Osipoviç çoxdan dikəldib. O, Şamaxıda da olmuşdu, Qarabağı da gəzmişdi, digər bölgələrə də axtarışa çıxaraq fərasətli uşaqları seçmiş, onların Qoridə təhsil alması üçün üfüqləri açmışdı. Və 1882-ci ildə Naxçıvana səfər edərkən seçdiklərindən biri də Cəlil olmuşdu.

Qoridə Cəlil 4 ildən bir az artıq dərs oxusa da, həmin müddətdə qazandıqları elə mükəmməl universitet təhsilinə bərabər kimi idi. Seminariyanı başa vurunca onu müəllimlik etməkçün əvvəlcə İrəvana, ardınca Naxçıvana, Noraşenə, yollamışdılar. Qoridəki müəllimlər seminariyası idi və buranın məzunlarının təhsil alaraq əldə etdikləri səlahiyyət də elə məktəbdə dərs demək idi. Hamısı da məktəblərə getdilər, dərs verdilər. Ancaq onların heç biri yalnız sinif otaqlarına sığınıb qalmadı. Qori seminariyasında həmin öyrəncilərin bəsləndiyi mütərəqqi mühit, aldığı biliklər onları daxilən doldurub yetişdirirdi, qazandıqları səriştələr hər birinə Tanrının nəsib etdiyi istedadla qovuşaraq onların əksərinin tarixin yeni səhifəsində yolaçıcılara çevrilməsinə təkan verirdi, əl-ələ olan nəsildaşları, məsləkdaşları XX əsrin əvvəllərində Azərbaycanı irəlilətmək üçün mübarizələrə hazır edirdi. O dövrdə imperiyanın ucqar əyaləti məqamındakı Azərbaycan üçün rus dili həm də bir növ Qərbə açılan pəncərə idi.

Cəlilin müsəlman Şərqinin iki aparıcı dilinin ardınca Qoridəki təhsili sayəsində əvvəldən də bildiyi ruscanın artıq ana dili səviyyəsinə qalxması ona gətirib çıxardı ki, sonralar hətta öz bədii əsərlərinin də bir neçəsini ruscaya özü tərcümə etdi. Mirzə Cəlil də, Həmidə Cavanşir də iliklərinə qədər milli insanlardılar. Məktublaşmaları qalıb. Əksərən rusca yazışıblar. Üzeyir Hacıbəyliylə Ceyhun Hacıbəyli də iki qardaş Qoridə təhsil almışdılar, onların da hər ikisi təpədən-dırnağa milli insanlar – gəncliklərində də belə idilər, ömürlərinin son saatlarınacan da o təhər qaldılar. Ceyhun bəylə Üzeyir bəyin də bir-birinə xeyli məktublarını oxumuşam ki, ruscadır. Bu dildə yazmaq və danışmaq onlara ana dilində yazıb-danışmaq kimi gündəlikləşmiş vərdişlərdən idi. Əslində Azərbaycan ziyalılığının yeni çeşidi məhz bu cür olmalıydı – Qərbcə düşünmək, Qərbcə asudəcə rahat ifadə edə bilmək, amma eyni zamanda sona qədər milli olmaq, azərbaycanlı və azərbaycançı olmaq!

Mirzə Cəlil də məhz belə idi və fitrətən millət quruculuğuna kökləndiyindən xalqın həyatında baş verən hər hadisəyə xeyli ucalardan baxaraq verdiyi sərrast qiymətlər vardı. Qori seminariyasında təhsil alan milli cavanlara rus dilində tərbiyə və təhsil verilməsinin açdığı bütün əlverişli imkanları görməklə yanaşı, Mirzə Cəlilin iti nəzərləri alt qatdakı və onunla əlaqədar incə müşahidəsini çox illər sonra qələmə almışdı. Bu düşüncədə idi ki, seminariyada təhsil alanlara yalnız rus dili öyrədilmir, həm də rus tərbiyəsi verilirdi və məqsəd də o idi ki, sabah müxtəlif bölgələrə gedib müəllimlik edəndə Qori məzunları işlədikləri yerdə rus dili ilə bərabər, rus tərbiyəsini də geniş təbəqələr arasında yaysınlar, həmin dil və tərbiyə tədricən daha geniş kütlələrə sirayət etsin. Beləcə, ayıq Cəlil həmişə millətə aid məsələlərdə hətta üzdən ən cazibəli görünən mətləbləri də onların təkinə enərək, fəlsəfəsinə dalaraq, ələkdən keçirərək saf-çürük etməyə mail idi.

Qori seminariyasında yalnız Azərbaycan deyil, Qafqazın müxtəlif yerlərindən gəlmiş cavan insanlar təhsil aldılar. Onların hər biri savadlı şəxsiyyət kimi yetişdi, hər biri də öz xalqının həyatında müəyyən xidmətlər göstərdi. Heç biri də, hətta orada nisbətən zəif oxuyanlar da sonradan düşdükləri cəmiyyətdə əhatədə ikinci, üçüncü dərəcəli olmadı, hamısı müsbət məziyyətləri ilə fərqləndi. Amma heç də hər biri Üzeyir bəy olmadı, heç də hər biri Mirzə Cəlil olmadı. Çünki bu qəbil böyük vətən övladlarına tükənməz istedaddan savayı Pərvərdigarın digər lütfü də onlara bəxş etdiyi çox hündürlərdən baxaraq dərinləri görmək qabiliyyəti, qüvvətli milli düşüncə idi.

...Müqəddəs yerlərə ziyarətə gələn insanlarda bir adət var – istisnasız, hamıda. Əllərini daşa, divara sürtürlər. Sanki bununla o müqəddəsliyə bir az da yaxınlaşırlar, lap məhrəm təmasa girirlər. Zahirən masa masadır, kətil də kətil. Ancaq Mirzə Cəlilin ruhunu yaşadan masaya necə elə adi masa kimi baxmaq olar?! Ağırlıq salmamaqçün qıymıram, ürəyim istəsə də, kətillərdə əyləşmirəm, ancaq iş yerimdə – Nizami muzeyindəki Mirzə Cəlil masasını hər yanından keçəndə tumarlayıram. Hər dəfə də o doğma hiss yaranır ki, sanki Mirzə Cəlilin öz əlinə toxunuram. O masanın arxasında Mirzə Cəlillə üz-üzə 1920-30-cu illərdə əyləşənlərin hər biri tarixi sima olub. Mirzə Cəlilin evinə gəlib-gedən təsadüfi adam olmayacaqdı ki! Həmin masa əvvəlcə onların Tiflisdə yaşadıqları mənzildə imiş, Bakıya köçəndə gətirdikləri az ev əşyaları sırasında həmin masa da olub. Yəqin, elə Mirzə Cəlilçün də bir çox əsərlərini üzərində yazdığı, neçə yaxını ilə ətrafında əyləşdiyi yumruvari masa elə daşıdığı yaddaşa görə əzizmiş, ondan ayrılmaq istəmirmiş. Yoxsa nə vardı ki, əlavə yük edərək heç bu masanı Gürcüstandan gətirməzdilər, Bakıda ondan da yaxşı, təzəsini alardılar. Hər şeyin təzəsini satın almaq olur, ancaq xatirənin nə şirini, nə yamanı nə alınıb-satılar, nə dəyişdirilə bilər, nə geri qayıdar.

Mirzə Cəlil, onun tay-tuşları, nəsildaşlarının hamısı gedib. Bu yadigarlarsa qalıb. Və hər biri danışa bilir.

...1887-ci ildə Qori seminariyasını bitirəndə aldığı attestatda yazılmışdı ki, Cəlil Məmmədquluzadəyə xalq məktəblərində ibtidai sinif müəllimi hüququ verilir. Ancaq İlahinin hüdudsuz Millət Məktəbində bütöv xalqa dərs demək üçün göndərdiyini hansısa balaca məktəbə, sinfə yalnız müvəqqəti bənd etmək mümkündür. Elə həmin il əvvəlcə İrəvan yaxınlığındakı Uluxanlı məktəbində dərsə başlayır, ardınca Baş Noraşendə işləyir, oradan da göndərilir Nehrəmdə müəllimlik etməyə. Ancaq bunlar az sonra baş verəcək, hələliksə 1887-ci il idi, Qori seminariyasından yenicə ayrılmışdı və onunla birlikdə seminariya təhsilini başa vuran yoldaşı İsmayıl bəy Şərifbəyov Cəlili Şuşaya dəvət etmişdi ki, gedək bir neçə günlük bizdə qonaq ol. Bir dəstə seminariya məzunu, səmimi dostlar Qoridən yollanmışdılar Tiflisə, oradan da Tiflis-Bakı qatarıyla vətənə gəlirdilər. Yolda bir nəfərlə rastlaşırlar. O bir nəfər ömür boyu qatarlarda yaranan saysız ani tanışlıqlardan növbətisi kimi tezcə unudulub gedərdi, yazdığı olmasaydı. Gənclərlə söhbət bu kupe yoldaşını necə təsirləndirirsə, götürüb məqalə yazır və həmin il o məqalə “Şuşalı bir kəs” imzası ilə “Tərcüman”ın iyulun 12-də çıxan 20-ci sayında dərc edilir. Yazır ki, Tiflisdən qayıdırdım, yolda rast gəldiyim adamlar arasında bu il Zaqafqaziya darülmüəllimin məktəbinin islam şöbəsində fənn təhsil edib çıxmış müəllimləri görüb söhbətləri ilə şad oldum; bunlar hamısı gənclər olub, biri Şamaxıdan Ağalarov, ikisi Naxçıvandan Murad Hasilov və Məmmədquliyev, dördüncüsü Şuşadan Şərifbəyov və beşinci Qazax qəzasından Süleyman ağa Qayıbov idi.

Və onların qiymətini verir: “Bu gənclərin ağıl və hissiyyatı, maarifin tərəqqisi haqqındakı fikir və inamları o qədər xoşuma gəldi ki, belə gənclərimizin yetişməsinə şükür etdim”

Təsadüfi bir görüş idi. Ancaq o müəllifin “Tərcüman”la əlaqəsi vardısa, yazdığını o nüfuzlu qəzet yubatmadan səhifəsinə qoyurdusa, demək, özünü “birisi” kimi təqdim etsə də, qətiyyən sıradan olan birisi deyilmiş, qiymət verməyi bacaran, xalqı üçün yanan, Vətənin qayğıları ilə yaşayan ziyalıymış.

Cəlil Məmmədquluzadə gəlir Şuşaya və Həmidə xanımın xatirələrindəki xəbərinə görə, burada Qarabağın son xanı Mehdiqulunun qızı Xurşudbanu Natəvana da təqdim olunur.

Sanki Şuşaya bu gəlişi, orada ötən bir neçə gün və sonra Zəngəzur yolu ilə Naxçıvana yetişməsi göz qırpımı idi. Ancaq həmin bir neçə günün təəssüratı, oyatdığı duyğular ürəyini necə tərpədirsə, Şuşaya o bağlanan olur.

İllər ötəcək, Şuşa onu qaçılmaz cazibəsi ilə hey özünə doğru çəkəcək, gəlib burada yaşayacaq, neçə əsərini də elə Qalada yaradacaq...

1887-ci ilin yayında çatmışdı təyinatla müəyyənləşmiş iş yerinə – İrəvan yaxınlığındakı Uluxanlı məktəbinə. Ancaq orada az qalmışdı – qışın əvvəlinəcən. 1887-ci ilin dekabrında getmişdi Baş Noraşenə və 1890-cı ilə qədər orada çalışdı. Ancaq Baş Noraşendəki 2 ildən artıq müddətdəki günlərinin diqqətəlayiq və tarixi anlamı olan cəhəti necə müəllimlik etməsi yox, 1889-cu ildə burada ilk əsərini – böyük ədəbiyyatın qapılarını açaraq söz dünyasına daxil olması üçün buraxılış vəsiqəsinə çevrilən “Çay dəstgahı”nı yazması idi.

...Bir zamanlar insana hadisələrin təsadüfi düzümü kimi görünənlər barədə üstündən iri vaxt kəsiyi keçəndən sonra düşünürkən elə qənaət yaranır ki, sanki bir mahir ssenariçi oturub əvvəldən-sonacan hər şeyi dəqiq düşünüb, bir həyat tamaşası yaradıb. Gənc müəllim Cəlil Məmmədquluzadənin ömründəki başvermişlər də üzdən baxanda sanki pərakəndə, təsadüfi hadisələr idi. Ancaq Allahın müəllifi olduğu həmin “pyesə” – Mirzə Cəlilin həyatda olmadığı, XX əsrin ortalarından, XX yüzilin sonlarından, artıq başlanmış XXI əsrin əvvəllərindən nəzər salırkən elə təsəvvür yaranır ki, sanki Mirzə Cəlilin həyatındakı bütün hadisələr bir-birini qarabaqara izləyirmiş, zəncirin hər halqası öncədən elə bu cür də hesablanıb seçilibmiş. Baxırsan ki, elə bil cərəyan etmiş hadisələrin hər biri elə öz gedişiylə belə alınmayıb, əksinə, bu cür alınması istənilib və sonra həmin həyat hadisələri cavan ədibin yaradıcılığını da yönəldib, şəxsiyyətini də başqa cür yox, məhz bu cür şəkilləndirib.

1890-da o, artıq Nehrəm kənd məktəbində müəllimdir. Cəlil Məmmədquluzadəni Nehrəmə yox, bir ayrı kəndə də müəllim göndərsəydilər, bu baxış, bu yanaşma və qələm ki onda vardı, orada da görməli olduqlarını görəcək, onları ədəbiyyata gətirəcəkdi. Ancaq indi keçmişləri təhlil edərkən istər-istəməz düşüncədən bu da keçir ki, onun Nehrəmlə görüşü alın yazısında elə binədən cızılıbmış. Nehrəm kəndi oçağkı həyatı, insanları, onların rəftarı, əxlaqı, məzacları ilə Mirzə Cəlilin ömür ssenarisində vacib bir parçaya döndüsə, bu da bir tale yönəltməsi imiş. Nehrəmdə işlədiyi vaxtlarda – 1892-ci ildə “Kişmiş oyunu”nu yazır, az sonra da – 1894-cü ildə “Danabaş kəndinin əhvalatları”nı.

Yaşanmış tarixiliyi hökmdürsə də, hər halda təsəvvür edək. Axı ola da bilərdi ki, Cəlili müəllimlik etməyə Naxçıvanın tam ayrı bir kəndinə göndərərdilər, ya iş elə gətirərdi ki, Şamaxıda, Lənkəranda, ya Bakıda müəllimliyə, həm də yazıçılığa başlardı. Təbii, “Danabaş kəndinin əhvalatları” yaranmayacaqdı, ona nə iləsə bənzəyən, ya heç oxşamayan büsbütün ayrı bir əsər yaranacaqdı. Cəlil naxçıvanlı idi, bu yerin kənd-kəsəyindən, camaatından agah idi, ancaq onların arasında Nehrəmin özünəməxsusluğunu da yaxşı bilirdi.

1890-cı ilin əvvəlində Nehrəm məktəbinə gələn kimi qollarını çırmayıb qızğın fəaliyyətə başlamışdı. 1893-cü ilin 18 yanvarında Nehrəm kənd məktəbi nəzarətçisi Cəlil Məmmədquluzadə xalq məktəbləri direktoruna raportunda qürurla yazırdı ki, ona tapşırılmış məktəbə yanvarın 15-nə qədər 8 azərbaycanlı qızı cəlb edib. Nehrəm kimi yerdə əsla sadə iş olmamasının əyani sübutu budur ki, xalq məktəbləri müdiri həmin raportdan sonra 1893-cü il fevralın 2-də Cəlil Məmmədquluzadəyə “müsəlman qızları arasında savadı yaymaq üçün göstərdiyi qayğıkeşlik üçün” təşəkkür elan etmişdi. Nehrəm kənd məktəbi 1885-ci ildə yaradılmışdı və barmaqla sayılacaq qədər az şagirdi vardı. Ancaq 1894-cü ildə Cəlil Məmmədquluzadə oradakı şagirdlərin sayını 40-a çatdırır, korazehin valideynlərin məktəbdən həzər etdiyi, uşaqlarını oxumağa vermək istəmədiyi çağlarda qısa müddətdə bu rəqəm ciddi tərəqqi sayılmalı idi. Bu, elə iş idi ki, sadəcə təbliğlə, dəvət eləməklə başa gələn deyildi, gecə-gündüz can yandırmaq lazımdı. Vaxt ötəndən sonra həmin dövrdə Cəlil Məmmədquluzadənin bütün bunlara nail olmaq üçün etdiyi fədakarlıqlar haqqında onun müəllim yoldaşlarından biri yazırdı ki, Mirzə Cəlil öz cibindən pul verirdi, uşaqlara kitab-dəftər, dərs ləvazimatı, ayaqqabı alırdı ki, məktəbə gedib-gəlsinlər, ailələri, uşaqları bu cür həvəsləndirirdi. Öz cibi də nə boydaydı ki! Quru məvacibə baxan müəllim babaydı.

Mirzə Cəlilin bizə yadigar qoyub getdiyi əsərlərin əsasında tamaşalar hazırlanıb, filmlər çəkilib, gələcəkdə yeniləri də olacaq. Ancaq böyük ədib və müəllimin o dövrdəki fəaliyyətlərinin hər ili, hər ayı əslində ayrıca film, ibrətli tamaşadır.

Bu kənddəki vəzifəsinin yalnız dərs deməkdən ibarət olmadığına inanan Cəlil bəzən uğurlu, hərdən nəticəsiz səylərlə dolu günlərdə Nehrəmdə müəllim işləyirdi, buranın hər cəhətdən donuq, boz həyatını canlandırmaq, nəsə dəyişikliklər etməkçün durmadan çalışırdı. Elə səylə, sanki həmişəlik burada qalıb müəllimlik edəcəkmiş. 1895-ci ildə elə Nehrəmdə ikən ailə həyatı da qurur, 1897-də Münəvvər adlı qızı da dünyaya gəlir. Cəlilin zövcəsi Həlimənin səhhətində nasazlıqlar çoxmuş, üstünə əlavə naxoşluqlar da gəlir və Cəlili körpə uşaqla tənha qoyaraq həyatdan gedir.

Cəlilçün həm dərs demək, həm körpəyə baxmaq, həm yazıları üzərində işləmək, həm də başqa yüz cür özgə qayğıları çəkmək son dərəcə ağır yük idi və qət edir ki, buralardan çıxıb getsin, yalnız Nehrəmdən deyil, ümumən Naxçıvandan aralansın, mühitini, hətta bəlkə işini dəyişsin. 1897-ci ilin iyununda xalq məktəbləri müdirinə ərizə ilə müraciət edir ki, iş yerinin dəyişməsinə icazə verilsin. Sonralar etiraf edirdi ki, dərs deməyə, müəllimliyə həvəsi nə qədər çox olsa da, 10 il dözə bilib.

1898-ci ildə gəlir İrəvana, iş də tapır – mütərcimlik edir, dəftərxanada çalışır. Amma onu darıxdıran, Nehrəmi başına dar edən səbəblər daha dərindəymiş, elə həmin səbəblərə görə heç bu təzə yerə də isinişə bilmir. Onun qanadları vardı, bu qanadlara uçmaq gərək idi, uçmaqçün fəza lazımdı. Bu yerlərdə həmin fəza yox idi. Yeni zaman başlanırdı və Cəlilin ürəyi üfüqlər umduğu kimi, artıq addım səsləri hiss edilən təzə zamana da Cəlil və Cəlillər gərək idi.

1901-ci ilin ilk yanvar günlərində Tiflisə məktub göndərir. Köhnə həmdəm Qurbanəli Şərifova yazırdı. Məktubunu xəfif kədər qarışıq təəssüflə başlayırdı ki, həmin Naxçıvandır, həmin Nehrəm, həmin Danabaş kəndi, həmin Məmmədhəsən, həmin Xudayar bəy, həmin qazi, həmən göl, həmən qurbağadır.

O vaxtlardı ki, Cəlilin “Danabaş”ı artıq yayılmışdı, sevindirən əks-sədalar da doğurmuşdu, ancaq içərisindən gələn səslər ona anladırdı ki, azdır, bu mürgülü mühiti iki-üç kəskin əsərlə səksəndirib dəyişmək olmaz, daha geniş meydanda daha mütəşəkkil həmləyə, daha ciddi mübarizələrə başlamaq vacibdir.

El sözünü yada salaraq üstünü unlu gördüyünüzün haqqında dərhal “dəyirmançıdır” deyə qərar çıxarmağa tələsməyin. Oçağkı Naxçıvanda əyər-əskik nə qədər çoxdusa da, irəliçi insanlar, içəridən qaynayan ziyalılar da az deyildi. Naxçıvanın əksər kənd-kəsəyində vaxt daha ləng idisə, ətalət hökm sürürdüsə də, Cəlil Məmmədquluzadənin ruhən doğma qəbul etdiyi, güvəndiyi Eynəli bəy Sultanov, Qurbanəli Şərifov, Şahbaz və Əsəd bəy Kəngərlilər və bir çox başqaları vardı ki, gendən-genə olsa da ruh verirdilər, həvəsdən düşməyə qoymurdular, varlıqları ilə bu impulsları da çatdırırdılar ki, tək deyilsən, birgəyik, səninləyik, bizimləsən.

...1883-cü ildə Naxçıvanda Qori seminariyasının bir dəstə tələbəsi cəhd etmişdi ki, artıq 10 yaşı olan Azərbaycan teatrı, nəhayət ki, buralara da ayaq açsın. Ancaq istəkləri gözlərində qalmışdı, təşəbbüsləri alınmamışdı. 1887-ci ildə Naxçıvanda teatr həyatını başlatmaq da Cəlil Məmmədquluzadənin bəxtində imiş. O il sentyabrın 2-si Naxçıvançün unudulmamalı tarixdir. Bu qədim diyarda Avropa tipli çağdaş teatr (Şərq biçimli meydan tamaşaları və şəbihlərdən götürülərsə, ümumən Azərbaycanda, həmçinin elə Naxçıvanda da teatr tarixinin yaşı min ildən də uzundur) öz tarixini həmin gündən başlayır. Mirzə Fətəli Axundzadənin “Molla İbrahimxəlil kimyagər”i tamaşaya qoyulur. Cəlilin bu əsərin səhnəyə gəlib çıxmasında çəkdiyi zəhmətlər öz yerində, amma o, tamaşanın içərisində də vardı, Molla İbrahimxəlil kimyagər surətini yaradırdı. İlk addım, birinci tamaşa xoş qarşılanır və bu da ümidlər yaradır ki, yol gərək davam etdirilə. 1889-cu ildə Novruz bayramı münasibətilə başda Cəlil Məmmədquluzadə olmaqla, həvəskarlar digər bir əsəri səhnəyə gətirirlər. Yenə Mirzə Fətəli Axundzadəyə üz tuturlar. Bu dəfə onların seçdiyi “Müsyö Jordan və dərviş Məstəli şah” idi. Yenə tamaşanın hazırlanması yolunda ən çox zəhmət çəkənlərin birincisi Cəlil Məmmədquluzadə idi və yenə tamaşanın içərisində vardı. Bu dəfə Müsyö Jordan olmuşdu.

Cəlil harada vardısa – bir kənd məktəbində dərs deyəndə də, yüz çətinliklə bina tapıb orada teatr tamaşası verəndə də, elə camaat arasında olub Allah-bəndə söhbəti edəndə də həmişə sabah haqqında düşünürdü, can atırdı ki, ətrafındakılara çatan işığı çoxaltsın. Vaxt bu yükü Cəlilin və məsləkdaşlarının boynuna qoymuşdusa, müvafiq yolları da lap yox yerdən açmalı idi, açırdı da.

...Körpə Münəvvəri ilə zarıl qalmış Cəlil ən əvvəl uşağın xatirinə tələsik evlənmişdi. Çox çək-çevir etmədən, seçdiyini yetərincə öyrənmədən əlüstü izdivaca getməsinin bu fəsadı tezliklə aşkarlandı ki, sən demə, təzə həyat yoldaşı Nazlıda əsəb xəstəliyi varmış.

1903-cü ildə Mirzə Cəlil qaynı Məmmədqulu bəylə həyat yoldaşı Nazlını Tiflisə, həkimlərə göstərməyə gətirir. Elə Tiflisdə olduğu günlərdə bir dəfə küçədə təsadüfən Məhəmməd ağa Şahtaxtı ilə rastlaşır. Məhəmməd ağa o zaman “Şərq-i Rus” qəzetinin sahibi idi. Hal-əhval tuturlar və Məhəmməd ağa Cəlili nahara dəvət edir. Mirzə Cəlil sonralar xatırlayırdı ki, elə yemək əsnasında mən əlimi atdım cibimə (hesabı verməyə yox!), Novruzəlinin poçta məktub salması ilə bağlı yazdığım hekayəni çıxarıb başladım oxumağa.

Məhəmməd ağa Şahtaxtı Cəlili hələ 1894-cü ildən, “Danabaş kəndinin əhvalatları”nı oxuduğu çağlardan tanıyırdı. O vaxt oxumuşdu, çox da bəyənmişdi. Məhəmməd ağa bişkin, qabil bir qələm adamı idi və səbəbsiz deyildi ki, Rusiyada çox məşhur “Novoe Vremya” qəzetinin İstanbulda xüsusi müxbiri də təyin edilmişdi.

İndi Tiflisdə qəlyanaltıxanada əyləşmişdilər, Mirzə Cəlil “Poçt qutusu”nu oxuyurdu. Məhəmməd ağa Şahtaxtı qəşş eləyib gülürdü, həm də Mirzə Cəlilin sonralar xatırlamasınca, elə ürəkdən şaqqanaq çəkirdi ki, hətta kənardakı adamların neçəsi heyrətlə onlara sarı boylanmışdı. Mirzə Cəlil hekayəsini oxuyub başa vurunca Məhəmməd ağa Şahtaxtı qayıdıb: “Qalx, gedirik”, – deyir. Mirzə Cəlil bunu da yada salırdı ki, oradan birbaşa gəldik mənim qaldığım “Qafqaz” mehmanxanasına. Məhəmməd ağa vadar etdi ki, şey-şüylərimi götürərək oradan çıxım.

Məni birbaşa gətirdi evlərinə və təklif etdi ki, Tiflisdə qalım, onun “Şərq-i Rus” qəzetində hekayəçi olum.

Və həmin görüşlə bağlı xatirəsini Mirzə Cəlil tək sözlü bir cümləylə tamamlayırdı – “Qaldım”. Əslində bu qalmaq daha geniş bir yolu başlamaq demək idi.

10 iyun 2024

 

 

 























Bizi Facebookda izləyin

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
45
525.az

1Источники