RU

Fransanın Cənubi Qafqaza “hücum” planı - Paris reallıq hissini itirib

Ermənistanın silahlandırılması regionda eskalasiya risklərini artırır və analitiklər istisna etmirlər ki, “Sezar” özüyeriyən haubitsaların tədarükü Gürcüstan üzərindən baş tuta bilər; Bakı və Moskvadan rəsmi xəbərdarlıqlar var - təhlil

Cənubi Qafqazda sülh, əmin-amanlıq olmaması üçün Fransa əlindən gələn hər işi görür. Detallar bəllidir, Paris Ermənistanı sülh sazişi imzalamağa qoymur, onu fitvalayır, Azərbaycana və Rusiyaya qarşı yönləndirir. 

Təbii, Fransanın Cənubi Qafqazla bağlı idbar siyasəti baş tutan deyil, amma biz Ermənistanın da ağıllı davranmadığının şahidiyik. Fransa son olaraq Ermənistana hücum silahları göndərəcəyini bəyan edib. Bakıdan isə buna sərt cavab verilib. “Fransanın Cənubi Qafqazla bağlı siyasətini səmərəli hesab etmirik, bu, zərərli siyasətdir”. Bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi-Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib. Hikmət Hacıyev bildirib ki, Fransanın Ermənistanı silahlandırması indiyə qədər əldə olunmuş nəticələrə, Qafqazda sülhə təhdiddir: “Bu, Cənubi Qafqaz regionunda sülhə heç bir halda töhfə vermir. Ermənistanla Azərbaycan arasında normallaşma ilə əlaqədar proseslərin aparılmasına və xüsusilə də 19 apreldə sərhədlərin delimitasiyası ilə əlaqədar əldə olunmuş nəticələrə, bundan əvvəl 7 dekabrda iki ölkənin ali orqanları səviyyəsində birgə bəyanatın əldə edilməsinə və Cənubi Qafqazın sülh yolu ilə transformasiyası istiqamətində ciddi addımların atıldığı bir şəraitdə Fransanın regionda militarizasiya siyasəti həyata keçirməsi regiona ciddi təhdiddir. Bu, normallaşma prosesinə ciddi şəkildə bir zərbədir”. Prezidentin köməkçisi qeyd edib ki, eyni zamanda Ermənistanın daxilində olan revanşist qüvvələrin bir növ həvəsləndirilməsinə xidmət edəcək bir addımdır: “Ona görə də Fransanın militarizasiya siyasəti, xüsusilə də Ermənistana hücum xarakterli öldürücü silahları təqdim etməsi və Ermənistan-Fransa hərbi əməkdaşlığının genişləndilməsi ciddi narahatlıq doğuran haldır. Hesab edirik ki, Fransa BMT Təhlükəsizlik Şurasının daimi üzvü olaraq daha məsuliyyətli bir siyasət həyata keçirməlidir. Nəzərə almalıyıq ki, Ermənistan Cənubi Qafqaz regionunda işğal və təcavüz törətmiş dövlətdir. İşğalçı, təcavüzkar dövlətin yenidən silahlandırılması və militarizasiya siyasətinin həyata keçilməsi heç bir halda məsuliyyətli siyasət hesab oluna bilməz”. 

Həmçinin Azərbaycan Xarici İşlər Nazirliyi də məsələ ilə bağlı bəyanat yayıb. Bəyanatda deyilir ki, guya sülhü dəstəkləyən və Ermənistanın məhz müdafiə qabiliyyətini artırmağa yönəlmiş bəyanatlarına zidd olaraq, Ermənistanın ölümcül hücum silahları ilə təchiz edilməsində yarışan Fransa kimi ölkələrin Ermənistanın yeni gərginlik və təhdid mənbəyinə çevrilməsinə xidmət etdiyi bəllidir: “Bu siyasətin Ermənistanın növbəti mümkün təcavüzünə töhfə verdiyini nəzərə alaraq, nə qədər ki, gec deyil, bu addımlardan çəkinilməsi əhəmiyyət kəsb edir. Azərbaycanla Ermənistan arasında real və davamlı sülh müqaviləsinin imzalanması üçün əsas şərt, başda “Ermənistan və Dağlıq Qarabağın birləşməsi”nə çağıran Ermənistanın müstəqillik aktına açıq şəkildə istinad edən Ermənistan konstitusiyası olmaqla, bu ölkənin çoxsaylı hüquqi və siyasi sənədlərində təsbit edilmiş Azərbaycana qarşı davam edən ərazi iddialarına son qoyulmasıdır".

Rusiya da məsələyə sərt reaksiya verib. “Paris Cənubi Qafqazda silahlı qarşıdurmanın növbəti mərhələsini təhrik edir”. “Yeni Müsavat” xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova iyunun 20-də keçirdiyi brifinqdə Fransanın Ermənistanı “Sezar” özüyeriyen haubitsaları ilə təchiz etməsini şərh edərkən bildirib. Onun sözlərinə görə, Paris bunu müxtəlif üsullarla edir: “Bu da daha bir addımdır. Biz bu barədə demişdik. Siz bunun bir daha təsdiqini görürsüz. Fransa rəhbərliyi nə Ermənistanın maraqlarını, nə də hansısa bir xalqın maraqlarını rəhbər tutur. Paris ölkə daxilində və ya ölkələr arasında mövcud fikir ayrılıqlarından, ziddiyyətdən istifadə edərək öz konyuktur məqsədlərinə nail olmaq üçün alət kimi istifadə edir. Öz konyuktur məqsədləri deyəndə, mən təkcə Yelisey sarayının şəxsi maraqlarını deyil, həm də Fransanın NATO ideologiyasının daşıyıcısı kimi nəzərdə tuturam. Məhz buna bu cür yanaşmaq lazımdır”. “Qərb silahlarının tədarükünün vəziyyəti yaxşılaşdıracağı region tanımıram”. Bunu isə Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin Ermənistanın Fransadan “Caesar” haubitsaları almaq planlarını şərh edərkən bildirib. 

Qeyd edək ki, Ermənistan Fransa ilə “Ceasar” özüyeriyən haubitsaların alınmasına dair müqavilə imzalayıb. Sənəd Ermənistan müdafiə nazirinin səfəri zamanı imzalanıb. Fransa bütün olanlara rəğmən niyə reallıq hisslərini itirib? Onun “qarnının sancısı” nədir? Yeri gəlmişkən, bu haubitsaların Gürcüstan üzərindən Ermənistana daşınması ehtimalı var. Bundan əvvəl də belə fakt olub. Tiflisin bu şəraiti yaratması təbii ki, Bakıda xoş qarşılanmayıb. Lakin Avropa İttifaqına namizədlik statusu almış Gürcüstanın bu qurumda dominant dövlət olan Fransa qarşısında şantajla üzləşdiyi də istisna deyil. Yəni Fransa Tiflis qarşısında bir minnət qoyur ki, siz AB üzvlüyünə namizəd statusu qazanmısınız, indi də Ermənistana göndərdiyimiz silahların keçidinə şərait yaratmalısınız. Bu dəfə necə olacaq?

Elxan

Elxan Şahinoğlu

Analitik Elxan Şahinoğluna görə, Fransanın Ermənistana göndərdiyi əvvəlki zirehli texnika aşağı keyfiyyətli idi: “CAESAR haubitsaları isə 54 kilometr uzaqlıqdakı hədəfləri vurmağa imkan verir. CAESAR zirehli yük avtomobilinə bərkidilmiş artilleriya sistemidir. Bu səbəbdən artilleriya sisteminin yerini dəyişdirməsi asandır. Özüyeriyən CAESAR artilleriya qurğusu 1994-cü ildə "Nexter" şirkəti tərəfindən hazırlanıb, kütləvi istehsala 2002-ci ildə başlanılıb, Fransa ordusuna isə 2008-ci ildən təhvil verilib. Özüyeriyən artilleriya qurğusunun ekipajı 5 nəfərdən ibarətdir, 155 mm-lik topa malikdir. Fransa ilə Ermənistan arasında yeni müqavilənin dəyəri haqqında məlumat verilməsə də, CAESAR artilleriya qurğusunun birinin qiyməti 7 milyon dollara yaxındır. Fransa bir müddət əvvəl bu qurğulardan bir neçəsini Ukraynaya göndərmişdi. Rusiya informasiya mənbələri xəbər yaymışdılar ki, Rusiya ordusu həmin haubitsalardan ikisini ələ keçirib".

Politoloq hesab edir ki, beləliklə, Fransa Cənubi Qafqaz, o cümlədən Azərbaycan siyasətini korrektə etmək istəmir: “Qərb ölkələri Ukraynanın müdafiə qüdrətini artırmaq barədə düşünərkən, Kiyev bu ölkələrdən daha çox hərbi texnika istəyərkən, Fransa Ermənistana özüyeriyən haubitsalar göndərməyə qərar verib. Yenə eyni sual aktuallaşacaq: Fransa bu haubitsaları hansı ölkənin ərazisindən Ermənistana çatdıracaq? Paris yəqin Tiflisi şantaj edəcək ki, "Qərb ölkələri ilə münasibətlərinizin gərginləşdiyi indiki mərhələdə münasibətlərin normallaşmasını arzulayırsınızsa, hərbi yüklərin Gürcüstan üzərindən Ermənistana çatdırılmasına şərait yaradın!"

Asif

Asif Nərimanlı

Siyasi təhlilçi Asif Nərimanlının qənaətinə görə, Makronun Ermənistana hücum silahları verməsinin “müdafiə xarakteri” daşımadığı və Azərbaycana qarşı olduğu bəllidir: “Xüsusilə "Sezar" artilleriya sistemlərinin göstəriciləri və dünyanın ən yaxşı haubitsaları arasında ilk üçlükdə olması fonunda. Hərçənd təcrübə bölgədə sülh gündəliyinə yarana biləcək risklərin Ermənistan üçün ağır nəticələrinin olduğunu təsdiq edir. İkincisi, bu müqavilənin Fransanın daxili siyasəti ilə də əlaqəsi istisna edilməməlidir. Avropa Parlamentinə seçkilərdə sağçılara məğlub olan Makron Milli Assambleyanı buraxdı, növbədənkənar seçkilərin I turu iyunun 30-da, II turu iyulun 7-də keçiriləcək və bu seçki yarışında ona Fransadakı erməni icmasının səsləri lazımdır. Yarım milyondan çox erməni seçici var". 

Türkiyə Silahlı Qüvvələrinin ehtiyatda olan polkovniki Sadiq Akyar deyib ki, ölkəsi “Sezar”la demək olar ki, eyni parametrlərə malik “MKE YAVUZ T-155" haubitsalarını istehsal edir: "Qardaş Azərbaycan da istənilən vaxt bu haubitsaları əldə edə bilər". O bildirib ki, atış məsafəsi 40 km olan “Sezar”lar sürətlə yerini dəyişmək xüsusiyyətinə görə çətin hədəf sayılır: “Topu daşıyan yük maşınının sürəti isə saatda 90-100 km-yə qədərdir. Beləliklə, onu müəyyən etmək və vurmaq çətinləşir. Ona görə də bu haubitsaları Ermənistan ordusunu gücləndirəcəyi qənaətimizi bir daha təkrarlayırıq”. 

Emil SALAMOĞLU,
“Yeni Müsavat” 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
5
musavat.com

1Источники