RU

Onun uğurlu taleyi

O, rejissor olmasaydı, dramaturq olacaqdı... Yaradıcılıq ehtirası onunla birgə doğulub. Hələ orta məktəbdə oxuyarkən həyatın dramaturgiyasını anlamağa çalışıb; pyeslər yazıb. On beş-on altı yaşlarında yazdığı “Yalanın axırı olmaz” pyesi “Pioner” jurnalının 1966-cı il, birinci sayında dərc olunub. Y. Qaqarin adına Pionerlər Evinin ədəbiyyat dərnəyinin üzvü idi. Sonra tale onu o vaxtkı 26-lar adına Mədəniyyət sarayının xalq teatrına gətirib çıxarır, burada hazırlanan tamaşalarda epizod rollar oynamağa başlayır. “Şəfəq” dram dərnəyinin rəhbəri olur. Beləcə, teatrın sehrli dünyasına daxil olur. Söhbət Xalq artisti, görkəmli rejissor Mərahim Fərzəlibəyovdan gedir.

Orta məktəbi bitirəndən sonra Azərbaycan Respublikası Jurnalistlər İttifaqının yaradıcılıq fotostudiyasında şagird-lobarant, Suraxanı rayon mədəniyyət evində kinomexanik köməkçisi kimi çalışır.

Ozan dili yüyrək olar, deyiblər.  İçindəki sənət eşqi onu Leninqrad (indiki Sankt-Peterburq) Teatr, Musiqi və Kinematoqrafiya Akademiyasına gətirib çıxarır. Burada dünya şöhrətli rejissor Georgi Tovstonoqovun rejissorluq kursuna daxil olur. Azərbaycandan heç kəsə belə xoşbəxtlik nəsib olmamışdı. Mərahimin yeganə çətinliyi rus dilini bilməməsi idi. Tovstonoqov onun qarşısında şərt qoymuşdu: ya rus dilini öyrənəcəksən ya da öz ölkənizdəki Teatr İnstitutuna qayıdacaqsan. Mərahim bu səadəti əldən buraxa bilməzdi, altı ay ərzində rus dilini öyrənir. Bundan əvvəl, qəbul zamanı isə bir maraqlı hadisə də baş vermişdi. Tovstonoqov gənc Mərahimə belə bir sual vermişdi: Əgər sən rejissor olsaydın, Şekspirin “Hamlet” əsərinin səhnə tərtibatını necə verərdin?

Mərahim kağız üzərində iri bir tac, ona uzanan iki əl təsvir edib eskizi görkəmli rejissora təqdim edir. Tovstonoqov bu eskizi görüb heyrətlənir. Məsələ burasında idi ki, o, Şekspirin “III Riçard” tamaşasının səhnə quruluşunu məhz bu cür hazırlamışdı. Məhz bu məqamdan sonra Tovstonoqov qərar verir ki, Mərahim mütləq burada təhsil almalıdır. Görkəmli rejissor qarşısındakı gəncin sənət eşqini görürdü, istedad işartısını görəndən sonra isə onun himayədarına çevrildi. Beləcə, Mərahimin sənət taleyi həll olundu.

Hər nəsil sənətə öz davranış modelini gətirir. Mərahim Fərzəlibəyov bir rejissor olaraq istər Qroznı teatrında, istərsə də Sumqayıt teatrında hadisəyə çevriləcək tamaşalar qoyur. Lermontov adına Qroznı Dövlət Dram Teatrında görkəmli Amerika dramaturqu Tennesi Uilyamsın “Arzu tramvayı”nı hazırlayan gənc rejissor tamaşanın finalını dəyişir. Bu, böyük cəsarət tələb edirdi. Əsərin finalında Devna Blanş bacısı tərəfindən ruhi xəstəxanaya göndərilir, bu sonluq rejissoru qane etmir. Rejissorun hazırladığı finalda isə Devna Blanşı sevən ispan mənşəli insan onu ruhi xəstəxana həkimlərinin əlindən alıb tamaşa zalından qaçırır. Mərahim müəllimlə bu barədə söhbətimiz olmuşdu, ondan soruşmuşdum ki, finalı niyə dəyişdiniz? Dedi ki, çünki finalda Devna Blanş məhv olur, mən isə onun yaşamasını istədim. Yaxşı yadımdadır, məşhur teatr tənqidçiləri Oçma və Konkalik qəzet səhifəsində bu əsəri geniş təhlil edərək Tenni Uilyamsa zidd bir əsər kimi qiymətləndirdilər. O vaxt Çeçen-İnquş teatrının baş rejissoru Mimalt Salçayev “Qroznı fəhləsi” qəzetində tamaşa və onun finalı haqqında müsbət rəyini ifadə edən məqalə ilə çıxış etdi. Bundan sonra tamaşa Qroznıda və qastrollarda məhz mənim hazırladığım finalla oynanıldı.

Bu söhbəti dinlədikcə gözlərim önündən Mərahim müəllimin quruluş verdiyi tamaşalar gəlib keçir. Onun bütün tamaşalarının finalında işıq var, insanlığa ümid var. Tamaşadan çıxan seyrçi öz qəlbində ümid və işıq aparır. Sənətkar olaraq onun estetik platforması işıq və ümid üzərində qurulub. Qeyd kitabçamda Mərahim müəllimlə bağlı müxtəlif zamanlarda yazdığım düşüncələrin izi qalır. Bu yazını işləyərkən qeyd dəftərlərimə də nəzər saldım. Lap bu yaxınlarda yazmışam: Rejissor müəllifin, aktyorun və tamaşaçının kəsişmə nöqtəsidir. Bu, teatr sənətinin bütün komponentlərini bir fokusda toplayan prizmadır. Prizma bütün şüaları bir araya gətirərək göyqurşağına çevrilir. Tovstonoqov deyirdi ki, hər bir halda teatr insanlara dünyanı başa düşmək sevinci bəxş etməlidir. Mərahim Fərzəlibəyov hər tamaşasında bu sevinci insanlara ötürməyə can atır.

Unudulmaz dramaturqumuz Sabit Rəhmanın yaxşı bir sözü var, deyir “tamaşaçıların bəziləri aktiv tamaşaçı olur, bəziləri passiv tamaşaçı. Aktiv tamaşaçı teatrın dostudur, yaxın köməkçisidir”. Mərahim müəllimi müşahidə eləmişəm, o, zalda hansı tamaşaçının aktiv, hansının passiv seyrçi olduğunu intuitiv olaraq hiss edir.

Qroznı Teatrında təyinat vaxtı bitdikdən sonra Çeçenistanın Mədəniyyət naziri A. Tatayev ona qalıb bu teatrda işləməyi təklif edir. O isə vətənə qayıtmaq, Azərbaycan teatrında tamaşalar hazırlamaq istəyirdi. Sumqayıt Teatrında hazırladığı G. Bokarevin “Poladəridənlər” tamaşasının səsi-sorağı o zaman bütün sovet məkanına yayıldı. Poladəridənlər şəhərində belə bir tamaşanın qoyulması sözün əsl mənasında teatr hadisəsi idi. Xalq artisti Rafiq Əzimov danışır ki, biz o vaxt Bakıdan Sumqayıta bu tamaşaya baxmağa gedirdik. O dövrün ünlü teatrşünaslarından olan Nina Velexova “Pravda” qəzetində bu tamaşa haqqında resenziya yazdı və beləliklə, bütün ölkə bu səhnə əsəri haqqında danışmağa başladı. Tamaşa sovet respublikaları içərisində hazırlanan tamaşalar sırasında birinci yeri tutdu.

Mərahim Fərzəlibəyovu Azərbaycan Dövlət Akademik Milli Dram Teatrına dəvət edirlər. İlk tamaşası görkəmli dramaturqumuz İlyas Əfəndiyevin “Xurşudbanu Natavan” pyesi olur. Tamaşa uğurla nümayiş olunur. Gənc rejissor 33 yaşında Əməkdar İncəsənət Xadimi fəxri adını alır. O vaxtdan rejissor 40 ilə yaxın bu teatrda çalışır və 50-dən çox tamaşaya quruluş verir. Qeyd edək ki, Azərbaycan teatrında mərhələyə çevrilmiş İlyas Əfəndiyev teatrının yaranmasında Mərahim Fərzəlibəyovun müstəsna xidmətləri var. Mərahim müəllim İlyas Əfəndiyevin ən çox inandığı, güvəndiyi rejissorlardan idi. O, Akademik Teatrda görkəmli dramaturqun 10-a yaxın əsərinə səhnə quruluşu verib.

O, XX əsrin tarixi-kulturoloji baxımdan ən maraqlı, intensiv mərhələsində rejissuraya başladı və bir sənətkar kimi bu fəlsəfi, ideoloji, etik-estetik, mənəvi-əxlaqi prosesin içində teatrın yeniləşmə müstəvisində öz sənət hücrəsini qurdu. Gənc rejissor sənətə yenilik gətirmək şövqü ilə axtarışlar aparır, hazırladığı hər tamaşaya bənzərsiz naxışlar vururdu. Rejissor formulası, tükənməz fantaziyası, teatra dəlicəsinə vurğunluğu onu daim axtarışlara sövq edib. O, teatrı bilən, anlayan tamaşaçılara inanaraq bu addımları atıb. Mərahim müəllim teatr prosesini canlı, dinamik saxlamağa çalışan rejissorlardandır. Klassik əsərin müasir mövzu ilə bağlanması baxımından onunla müqayisə olunası çox az rejissor var.

Görkəmli rejissorumuz hal-hazırda Bakı Bələdiyyə Teatrının baş rejissorudur. Yenə də əvvəlki entuziazmla, şövqlə tamaşalar hazırlayır. Bu günlərdə onun 75 yaşı tamam olur. Dəyərli sənətkarımızı təbrik edir, ona cansağlığı, yaradıcı uğurlar diləyirik.

Kənan Hacı

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
24
ikisahil.az

1Источники