RU

Misirli ekspert: Azərbaycan Yaxın Şərq regionunda çox mühüm iqtisadi oyunçuya çevriləcək -MÜSAHİBƏ

Misirli

Bakı, 20 iyun, AZƏRTAC

Azərbaycan uzun illərdir ki, ərəb dünyası ilə əlaqələri inkişaf etdirir. Ölkəmizi Fars körfəzi ölkələri ilə təkcə güclü tarixi-mədəni əlaqələr deyil, həm də siyasi əlaqələr bağlayır. Azərbaycan və ərəb ölkələri arasında yüksək səviyyəli səfərlər mütəmadi olaraq baş verir və ticarət, investisiya, turizm və mədəni mübadilə kimi sahələrdə müxtəlif ikitərəfli sazişlərin imzalanması ilə nəticələnir.

Prezident İlham Əliyevin bu yaxınlarda Qahirəyə səfəri də istisna olmadı. Hər iki ölkənin liderləri bir-birinin siyasi proqramlarını, iqtisadi potensialın yaradılması istiqamətində qarşılıqlı səyləri və qlobal gündəmdə olan digər əsas məsələləri dəstəklədiklərini bir daha təsdiq etdilər.

Bu mövzu ilə bağlı beynəlxalq biznes və ticarət sahəsində misirli ekspert Taymur Dvidar AZƏRTAC-ın suallarını cavablandırıb.

- Azərbaycan Prezidenti İlham Əliyev Misirə səfər etdi. Bu səfərin nəticələrini necə qiymətləndirirsiniz və səfər ölkələrimiz arasında iqtisadi əlaqələrin inkişafına necə təsir edəcək?

- İlham Əliyevin Misirə səfərini tarixi adlandırmaq olar. Bu, Misir və Azərbaycan arasında böyük mədəni əlaqələrin başlanğıcı olacaq. Hesab edirəm ki, Azərbaycan Prezidentinin Misirə səfərinin öz mühüm istiqamətləri var. Bunlardan biri də ondan ibarətdir ki, Azərbaycan dünyada siyasi və iqtisadi təsirini sürətlə artırır və yaxın gələcəkdə ölkə təkcə Cənubi Qafqaz regionunda deyil, həm də Yaxın Şərq regionunda çox mühüm iqtisadi oyunçuya çevriləcək. İlham Əliyevin Qahirəyə səfəri də şübhəsiz ki, bununla bağlıdır. Bu səfərin növbəti istiqaməti Azərbaycan investisiyalarının Misirə cəlb edilməsidir. Misirdə dünyadakı bütün qabaqcıl texnologiyalara tələbat var. Bunlar dəmir yolu və aviasiya infrastrukturu sahəsində layihələrdir. Azərbaycan burada digər iri investorlarla yanaşı ciddi oyunçu ola bilər. Üçüncü mühüm məqam ondan ibarətdir ki, Misir əsl neft və qaz xəzinəsidir. Burada daim yeni enerji yataqları tapılır və bu mənada Azərbaycan Misir üçün vacib mütəxəssis kimi çıxış edə bilər. Ümumiyyətlə, bu gün Bakı ilə Qahirə arasında münasibətlərin qurulması çox böyük müsbət addımdır.

- Ərəb dövlətləri ilə əlaqələrin inkişafı Azərbaycanın xarici siyasətinin prioritet istiqamətlərindən biridir. Misirlə Azərbaycan arasında iqtisadi və investisiya əməkdaşlığının inkişafı üçün hansı əsas istiqamətləri daha perspektivli hesab edirsiniz?

- İki ildən artıqdır ki, Türkiyə ilə Misir arasında münasibətlərin yaxşılaşması konteksti var və bu, hörmətli Prezident Ərdoğanın Qahirəyə son səfəri ilə yadda qalıb. Bu, şübhəsiz ki, Misirin uzunmüddətli ticarət tərəfdaşı olan Azərbaycanla yaxınlaşmağa təkan verir. Ümumiyyətlə, bütün əməkdaşlıq üçün çox mühüm bir faktı qeyd etmək yerinə düşər - Azərbaycan üçün Misir ərəb dövlətləri, həm Şimali Afrika dövlətləri, həm də ümumilikdə bütün Afrika bazarına daxil olmaq üçün real pəncərədir. Azərbaycanın ərəb dünyası ölkələri ilə əməkdaşlığa verdiyi önəmdən danışarkən müxtəlif sahələrdə, o cümlədən iqtisadiyyat, investisiya, kənd təsərrüfatı, rabitə və s. sahələrdə əməkdaşlığın perspektivlərini qeyd etmək vacibdir. Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi dövründə Ərəb Liqasına üzv olan bir sıra ölkələrlə əlaqələrinin daha da genişləndirilməsi mühüm əhəmiyyət kəsb edir. 2020-ci ilin oktyabr ayından etibarən Azərbaycan ilə nüfuzlu ərəb ölkələri, xüsusilə də böyük enerji ixracatçıları arasında münasibətlərdə müsbət dəyişikliklər baş verib. Bu bir neçə amilin nəticəsidir. Onlardan ən mühümü enerji sektorunda dövlətlərin maraqlarının üst-üstə düşməsi və bu ölkələrin karbohidrogen ehtiyatlarından yaşıl iqtisadiyyatların inkişafı üçün istifadə edilməsidir. Türkiyə ilə Körfəz Əməkdaşlıq Şurasının əsas üzvləri, başda BƏƏ və Səudiyyə Ərəbistanının yaxınlaşması bölgəyə sərmayə axınına da töhfə verib. Beləliklə, Azərbaycanla ərəb ölkələri arasında siyasi-diplomatik yaxınlaşma ehtimalı yaranıb və uzunmüddətli perspektivdə onun genişlənməsi gözlənilməlidir.

- Bu il Azərbaycan genişmiqyaslı tədbirə - BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasına Tərəflərin 29-cu Konfransına (COP29) ev sahibliyi edəcək. Azərbaycan və Misir yaşıl enerjinin inkişafı üçün necə əməkdaşlıq edə bilər?

- Ölkələrimiz arasında əməkdaşlığın digər çox mühüm aspekti COP29-dur. Misir iki il əvvəl COP27-yə ev sahibliyi etdi. Bir çox əməkdaşlıq sahələri, o cümlədən iqlimlə bağlı fəaliyyət üçün beynəlxalq maliyyənin səfərbər edilməsinə ehtiyac var. COP29 çox mühüm hadisədir, çünki o, qlobal iqlim məqsədlərinə nail olmaq üçün nə qədər maliyyə tələb olunduğunu nümayiş etdirmək imkanı verir. Afrikanın tullantılara töhfəsi qlobal miqyasda ən azı 4 faiz təşkil edir. Lakin tələblər böyük məbləğdə güzəştli maliyyələşdirməyə ehtiyac olduğunu göstərir. Son beş il ərzində beynəlxalq iqlim əməkdaşlığında mühüm irəliləyişlər əldə edilib. Şarm əl-Şeyx və Dubaydakı müzakirələrdən sonra Bakıda keçiriləcək müzakirələr bu qlobal problemin həllində yeni mərhələnin başlanğıcını qoyacaq.

- Misirin beynəlxalq əməkdaşlıq naziri Rania əl-Maşat ölkələrimiz arasında əməkdaşlığın çox perspektivli istiqamətlərinin olduğunu bildirib. Bunlara infrastruktur, neft-qaz, İKT və əczaçılıq sahələri daxildir. Bu sahələrdə əməkdaşlıq haqqında nə deyə bilərsiniz?

- Biz çalışmalıyıq ki, ölkələrimiz arasında mövcud olan potensialı reallaşdıraq. Rəsmi Bakı ilə Qahirə arasında sərmayə qoyuluşu və qarşılıqlı ticarətin genişləndirilməsi sahəsində əməkdaşlıq üçün mühüm potensial mövcuddur. Məsələn, iki ölkə arasında enerji sektoru tərəfdaşlığı artıq yaxşı qurulub və daha da genişlənməyə hazırdır. Həm Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR), həm də Misir Dövlət Neft Şirkəti artım perspektivlərini göstərən əməkdaşlığı dərinləşdirməyi planlaşdırır. Əczaçılıq məhsullarına gəldikdə, bu gün Misir əczaçılıq məhsullarına olan tələbatının demək olar ki, 100 faizini ödəyir və regionda ən böyük təchizatçıdır. Yerli və xarici sərmayə sayəsində Misir bu gün 158 əczaçılıq fabrikinə malikdir və bu, ölkəni dərman istehsalında Ərəb və Afrika regionunda lider edir. Ucuz işçi qüvvəsi, mövcud infrastruktur və yüksək ixtisaslı mütəxəssislərin olması səbəbindən Misirdə dərman istehsalının nisbətən aşağı maya dəyərini nəzərə alaraq, Azərbaycan Misir dərmanlarını idxal edə bilər ki, bu da ölkənin daxili bazarında əczaçılıq məhsullarının maya dəyərini xeyli aşağı salar.

- Görüşdə Azərbaycan ilə Misir arasında ticarət dövriyyəsinin bir neçə dəfə artdığı qeyd olundu. Lakin hər iki ölkə üçün rəqəmlər qənaətbəxş deyil. Ticarət dövriyyəsini artırmaq üçün ölkələr nə etməlidir?

- İkitərəfli münasibətlərə gəlincə, ticarət həcminin artması təbii ki, müsbət faktdır. Son statistik məlumatlara görə, bu ilin ilk dörd ayında Azərbaycan ilə Misir arasında ticarət dövriyyəsi 17,4 milyon dollara çatıb ki, bu da əvvəlki illə müqayisədə təxminən 5 dəfə çoxdur. Bu əhəmiyyətli artım diqqətəlayiqdir, xüsusən də nəzərə alsaq ki, bütün 2023-cü il üçün rəqəm cəmi 13,6 milyon dollar olub. Ümumiyyətlə, Azərbaycan ilə Misir arasında iqtisadiyyatın bir çox sahələrində, o cümlədən nəqliyyat və logistika layihələri, investisiyalar, bərpaolunan enerji mənbələri, tikinti sahələrində əməkdaşlıq üçün reallaşdırılmamış əhəmiyyətli potensial mövcuddur.

- Tərəflər birgə hökumətlərarası komissiyanın növbəti iclası barədə razılığa gəliblər. İkitərəfli iqtisadi əlaqələrin inkişafında bu komissiyanın fəaliyyətini necə qiymətləndirirsiniz?

- 2002-ci ilin oktyabrında Azərbaycan və Misir arasında hökumətlərarası iqtisadi, texniki və elmi əməkdaşlıq üzrə birgə komissiya yaradılandan indiyədək 60-a yaxın sənəd imzalanıb, daha 21 sənəd isə müzakirə olunur. Hazırda Azərbaycanda ticarət, sənaye və xidmət sahələrində Misir kapitallı 51-ə yaxın şirkət fəaliyyət göstərir ki, bu da ticarət əlaqələrinin genişləndirilməsi üçün mühüm potensialdan xəbər verir. Hökumətlərarası komissiyanın beşinci iclası 2022-ci il fevralın 25-də Bakıda keçirilib. Görüşün yekunu olaraq 4 anlaşma memorandumu imzalanıb.

- Azərbaycan iqtisadiyyatının hansı sahələri Misirin işgüzar dairələrini maraqlandıra bilər?

- Azərbaycanın təkcə Yaxın Şərqdə deyil, həm də Avropa və Amerikada perspektivlərini xüsusi qeyd etmək istərdim. Azərbaycan sənayeçiləri Misirdən beynəlxalq ticarət, beynəlxalq biznesə başlamaq, istehsal etdikləri texnologiyaları, layihələri, məhsulları, xidmətlərini genişləndirmək üçün çox yaxşı baza kimi istifadə edə bilərlər. Misir bugünkü iqtisadi statusunda qlobal, azad ticarət və azad iqtisadi zonaların yaradılması baxımından “Yaxın Şərqin Sinqapuru” statusunu kifayət qədər uğurla kopyalayır. Təbii ki, bugünkü Azərbaycanın potensialı öz regionunun coğrafiyasından qat-qat genişdir. Bunlara yüngül və kimya sənayesinin brendləri, iqtisadiyyatın bütün sahələrində - qidadan geyim istehsalına qədər innovasiyalar daxildir.

Turizm sektorunda da əlaqələr inkişaf edir. Son illər Misirdən Azərbaycana gələn turistlərin sayı 50 faiz artıb. Eyni zamanda, Azərbaycan və Misir bir sıra mühüm sosial layihələr həyata keçirir. Bu faktlar bir daha sübut edir ki, Azərbaycan-Misir münasibətləri bu gün yeni inkişaf mərhələsinə qədəm qoyub və bu, hər iki xalqın milli maraqlarına cavab verir. İki ölkə arasında əlaqələrin inkişafı üçün böyük potensial var və qarşılıqlı səfərlər səmərəli əməkdaşlığın genişləndirilməsi üçün böyük imkanlar yaradır. Bu prizmadan baxsaq, ikitərəfli əməkdaşlığın daha da möhkəmlənməsinə böyük töhfə verən Prezident İlham Əliyevin Qahirəyə səfəri Azərbaycan ilə Misir arasında əlaqələrin inkişafında yeni səhifə açacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
20
azertag.az

1Источники