RU

Dünya böyüyən təhlükədə- COP29-dan çox şey asılı olacaq...

Image

“Qlobal istiləşmənin qarşısını almaq üçün bu günə qədər dünya ictimaiyyəti tərəfindən mühüm addımlar atılsa da, qarşımızda hələ də yeni çağırışlar və gündən-günə ciddiləşən təhdidlər dayanır. Eyni zamanda artıq hamı tərəfindən qəbul olunmuş reallıq budur ki, qlobal istiləşməni 1,5 selsi dərəcə səviyyədə saxlamaq məqsədilə beynəlxalq ictimaiyyətin səylərini səfərbər edərək birgə təcili tədbirlərin görülməsi və təxirəsalınmaz addımların atılması üçün vaxtımız azalır”. Bu fikirlər prezident İlham Əliyevin Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə “COP29-a Aparan Yol: Dayanıqlı və Davamlı Gələcək” mövzusunda keçirilən Yüksək Səviyyəli 29-cu Toplantının iştirakçılarına ünvanladığı müraciətdə yer alıb.

Dövlət başçısı onu da qeyd edib ki, Bakıda təşkil ediləcək COP29-da 2025-ci ildən sonrakı dövr üçün iqlim maliyyəsi üzrə yeni kollektiv kəmiyyət hədəfinin razılaşdırılması üzrə danışıqlar aparılacaq: “İqlim dəyişmələri ilə bağlı inkişaf etməkdə olan ölkələrin artan maliyyə ehtiyaclarını ödəmək məqsədilə yeni kollektiv kəmiyyət hədəfinin razılaşdırılması hamımızın qarşısında duran ümdə vəzifə, ortaq gələcəyimizə sərmayə, müasir və gələcək nəsillər qarşısında kollektiv məsuliyyətimizdir. Azərbaycan bu danışıqların şəffaflıq və inklüzivlik şəraitində irəli aparılması, bundan əvvəl götürülmüş öhdəliklərin və vədlərin yerinə yetirilməsinin sürətləndirilməsi istiqamətində bütün zəruri tədbirləri görəcək”. Ekspertlər hesab edir ki, əslində, iqlim dəyişmələrinə qarşı mübarizədə atılacaq addımlar baxımından həqiqətən də vaxt daralır. Elə bu fonda Bakıda keçirləcək COP29-da müvafiq tədbirlərin görülməsi üçün konkret qərarların qəbulu olduqca mühümdür. BMT Baş katibinin müavini, təşkilatın Sivilizasiyalar Alyansının Ali Nümayəndəsi Migel Anxel Moratinos bunun səbəbini belə izah edir: “Bəşəriyyətimiz hərəkətsizliyə və iqlimə görə fəlakətin astanasındadır. Planetin xilası geosiyasi parçalanmanın girovuna çevrilməməlidir. Unutmayaq ki, problemin həlli təkcə iqlimə deyil, iqtisadi rifaha və davamlı inkişafa da kömək etmək imkanı yaradır. İqlim dəyişikliklərini həll etmək planeti və həssas insanları qorumaq deməkdir”. “Reuters” agentliyi də qeyd edir ki, COP29 konfransı bəşəriyyətin gələcəyi çün olduqca mühüm xarakter daşıyır. İlk növbədə o baxımdan ki, təxminən 200 ölkə bu ilin noyabrında Bakıda keçiriləcək BMT-nin COP29 konfransında iqlim dəyişikliyi ilə mübarizənin maliyyələşdirilməsi üzrə yeni qlobal hədəfi razılaşdırmaq istiqamətində səy göstərir. İqlim maliyyəsi daha kasıb ölkələrə istixana qazı emissiyalarını məhdudlaşdırmaq və iqlim dəyişikliyinin səbəb olduğu pisləşən ekstremal hava şəraitinin öhdəsindən gəlmək üçün layihələrə sərmayə qoymağa kömək edən əsas iqtisadiyyatları əhatə edir. 2009-cu ildə inkişaf etmiş ölkələr 2020-ci ildən 2025-ci ilə qədər bu cür fondlara ildə 100 milyard dollar köçürəcəkləri barədə razılığa gəliblər. 

Hazırda iqlim dəyişikliyinin pisləşməsi və inkişaf etməkdə olan ölkələrdə təmiz enerji sərmayəsinin olmaması o deməkdir ki, dövlətlər ilk iqlim maliyyəsi hədəfi üzrə razılaşdıqdan sonra tələb olunan məbləğlər kəskin şəkildə artmalıdır. BMT 2023-cü ilə aid müstəqil hesabata istinad edərək bildirir ki, Çin istisna olmaqla, inkişaf etməkdə olan ölkələrin iqlim məqsədlərinə çatmaq və cəmiyyətləri ekstremal hava şəraitindən qorumaq üçün 2030-cu ilə qədər ildə 2,4 trilyon dollar investisiyaya ehtiyacı olacaq. Bu, indiki səviyyələrdən dörd dəfə artıqdır. Səudiyyə Ərəbistanı, BƏƏ və Misirin daxil olduğu ərəb qrupu BMT-yə ildə 1,1 trilyon dollarlıq hədəf təklif edir, 441 milyard dollar isə birbaşa inkişaf etmiş ölkələrin hökumətlərindən qrant şəklində daxil olmalıdır. Hindistan, Afrika ölkələri və kiçik ada dövlətləri də bildiriblər ki, bu məqsədlər üçün 1 trilyon dollardan çox vəsait tələb olunur, ancaq həmin maliyyənin nə qədər hissəsinin dövlət xəzinəsi hesabına ayrılacağı ilə bağlı fikir ayrılıqları mövcuddur. Hazırda yalnız bir neçə, yəni onlarla zəngin ölkədən iqlim maliyyəsini təmin etmək tələb olunur. Maliyyəçi ölkələrin bu siyahısı 1992-ci ildə BMT-nin iqlim danışıqları zamanı müəyyən edilib və o vaxtdan bəri dəyişməyib. Avropa İttifaqı və ABŞ rəsmiləri siyahının köhnəldiyini deyirlər və dünyanın ikinci ən böyük iqtisadiyyatı olan Çin, həmçinin Qətər, Sinqapur və Birləşmiş Ərəb Əmirlikləri kimi adambaşına düşən ÜDM-nin həcmi yüksək olan ölkələr də daxil olmaqla, yeni donorların əlavə edilməsini təklif edirlər. Pekin buna qəti şəkildə etiraz edir. “Reuters” yazır ki, Bakıda keçiriləcək COP29 konfransında hansı ölkələrin ödəniş etməli olduğu sualı əsas mövzuya çevriləcək. Bu tədbirdə müzakirə ediləcək məsələlər arasında qazıntı yanacaqlarına və müdafiə sektoruna vergilər, eləcə də ölkənin iqlim dəyişikliyi ilə mübarizəyə daha çox sərmayə qoyması müqabilində dövlət borcunun bir hissəsinin bağışlandığı borc dəyişdirmə prosesləri daxildir. İstənilən halda COP29 konfransı dünya üçün mühüm bir tədbir olacaq. Onu da xatırladaq ki, COP tədbirlərinin keçirilmə məqsədlərindən biri də inkişaf etmiş ölkələr inkişaf etməkdə olan ölkələrə iqlim dəyişikliyinin təsirini azaltmaq və uyğunlaşmaqda kömək etmək üçün maliyyə yardımı üçün fond toplamaqdır. Üstəlik, COP29 konfransı iştirakçı ölkələr üçün yeni öhdəliklər götürmək və iqlim böhranını həll etmək üçün konkret addımlar atmaq üçün bir fürsətdir. 

Samirə SƏFƏROVA





Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
43
baki-xeber.com

1Источники