RU

Ekoloji baxımdan faydalı YAŞIL” NƏQLİYYAT - TƏHLİL

Ekologiya və davamlı inkişaf məsələləri global miqyasda, bütün dünyada getdikcə aktuallaşmaqdadır. Görünən odur ki, əsas ekoloji problemlərdən biri də benzin və dizel yanacağı kimi yanacaqlardan istifadə ilə bağlıdır. Əlbəttə ki, bu yanacaqlar nəqliyyatda və sənayedə geniş istifadə olunurlar və nəticədə də ətraf mühitə ciddi mənfi təsir göstərirlər, zərər vururlar. Benzin və dizel yanacağının istifadəsinin əsas istixana qazlarından biri olan karbon qazının əhəmiyyətli dərəcədə emissiyasına, ələlxüsus da, dizel yanacağının daha çox azot oksidi və kükürd dioksidi buraxmasına, bu maddələrin də insan sağlamlığına və ekosistemə mənfi təsir göstərməsinə, turşu yağışlarının və fotokimyəvi dumanın əmələ gəlməsinə səbəb olduğundan bunun qarşısının alınması günün ən vacib, ən aktual məsələsi sayılır.

Enerji keçidi istiqamətində addımların atılmasının zəruriliyi artıq özünü göstərir və bu yöndə müşahidə edilənlər heç də təsadüfi deyil

Benzin və dizel yanacağının istifadəsinin ətraf mühitə və iqtisadiyyata ciddi mənfi təsir göstərməsi, daha dəqiq desək, istixana qazlarının, azot oksidlərinin və hissəciklərin emissiyalarının məhz havanın keyfiyyətinin pisləşməsinə təsiri, xəstəliklərin artmasına və əhəmiyyətli iqtisadi itkilərə səbəb olması nəzərə alınaraq, onlardan imtina etmənin tam zamanıdır. Təsüdafi deyil ki, məhz bir çox ölkələr artıq həmin o sadalanan yanacaqlarla işləyən avtomobillərdən imtina edirlər. Xüsusən də ekologiyaya, ətraf mühitə vurulan mənfi təsirləri, tullantıları, bununla da xoşagəlməz nəticələri minimuma endirmək üçün alternativ enerji mənbələrini fəal şəkildə inkişaf etdirmək, ekoloji proqramlara sərmayə qoymaq və ekoloji cəhətdən təmiz texnologiyalardan istifadəni artıq təşviq etmək gərəkir. Bir növ, qlobal şəkildə enerji keçidi istiqamətində addımların atılmasının zəruriliyi artıq özünü göstərir və bu yöndə müşahidə edilənlər heç də təsadüfi deyil.

Dünyada qlobal enerji keçidi istiqamətində atılan addımlar ən çox “yaşıl” nəqliyyatın inkişafında hiss olunur və artıq etiraf edilir ki, Çin, Avropa İttifaqı və ABŞ bu istiqamətdə liderlik edir. Beynəlxalq Enerji Agentliyinin məlumatına görə, 2024-cü ildə elektrik avtomobillərinin qlobal satışı 17 milyon ədədə çata bilər. Son illər Azərbaycanda da bu tendensiyalar nəzərə çarpır, elektromobillərin və hibridlərin idxalı, satışı, onlar üçün enerji dolduran cihazların idxalı zamanı gömrük və vergi güzəştləri qəbul edilir, ölkədə enerji doldurma infrastrukturu yaradılır. Etiraf etmək lazımdır ki, hökumətin həyata keçirdiyi tədbirlər elektromobillərin populyarlaşmasına kömək edir. Diqqətə çatdıraq ki, məsələn, bu ilin birinci rübündə elektriklə işləyən avtomobillərin idxalı iki dəfə artıb, lakin mütləq rəqəmlərdə onların sayı hibrid avtomobillərin sayından bir neçə dəfə azdır.

Elektrik və hibrid avtomobillərinin ölkəmizdə sayının ildən-ilə artması heç də səbəbsiz sayıla bilməz

Görürük ki, ölkəmizdə, Azərbaycanda elektrik və hibrid avtomobillərin sayı ildən-ilə artmaqdadır və bu da təsadüfi sayıla bilməz. “Azərbaycan-2030” strategiyası çərçivəsində hökumətin hədəflərindən biri də ölkədə “yaşıl” nəqliyyatın inkişafı, o cümlədən ekoloji təmiz mühərrikli avtomobillərin payının tədricən genişləndirilməsi üçün ən əlverişli şəraitin yaradılmasıdır. Üç il əvvəl elektriklə işləyən nəqliyyat vasitələrinin idxalı əlavə dəyər vergisindən, 2022-ci ildə isə müəyyən mühərrik həcminə qədər olan hibrid avtomobillərin idxalı və satışı üç il müddətinə ƏDV-dən azad edilib. Xüsusən, elektriklə işləyən avtomobillər gömrük rüsumlarından azad olunub. Hökumətin ekoloji cəhətdən təmiz nəqliyyatın payını artırmaq səyləri “yaşıl” avtomobillərin tədarük dinamikasına çox müsbət təsir göstərdiyi artıq statistik göstəricilərdə özünü biruzə verir. Diqqətə çatdıraq ki, Dövlət Gömrük Komitəsinin məlumatına görə, ötən il Azərbaycana 3,1 mindən çox elektromobil və 14,1 min ədəd hibrid avtomobil idxal edilib. Sevindirici haldır ki, bu müsbət tendensiya, ümumilikdə, bu il də özaktuallığını qoruyub saxlamaqdadır. Dövlət Gömrük Komitəsinin statistik məlumatlarına istinad etsək görürük ki, 2024-cü ilin yanvar-mart aylarında respublikaya 3615 hibrid, həmçinin 830 ikiqat elektrik mühərrikli avtomobil idxal edilib. Bəzi mənbələrə görə, təkcə 2023-cü ildə Azərbaycana 2021-ci illə müqayisədə bütün növ elektrik avtomobilləri 19 dəfə çox idxal edilib. Ölkənin nəqliyyat parkında elektromobillərin payının artırılması üçün ekoloji təmiz və təhlükəsiz nəqliyyatın dövriyyəsinin stimullaşdırılması məqsədilə xüsusi işçi qrupu yaradılıb, müvafiq infrastrukturu inkişaf etdirmək üçün dövlət qurumları və nümayəndələri ilə birgə kompleks işlər aparılır. Bu istiqamətdə atılan ən mühüm addım Azərbaycan Prezidenti İlham Əliyevin “Elektrik mühərrikli avtonəqliyyat vasitələrinin istifadəsinin təşviq edilməsi haqqında” 7 mart 2024-cü il tarixli sərəncamı olubdur. Nazirlər Kabinetinin aprel iclasında dövlətimizin başçısının tapşırığına əsasən, elektrik nəqliyyatından istifadənin genişləndirilməsi, enerjidoldurma məntəqələrinin sayının artırılması, bu sahədə zəruri infrastrukturun yaradılması, həmçinin sahibkarlıq subyektlərini bu işə cəlb etmək üçün qaydaları təkmilləşdirmək ön planda durur.

Enerjidoldurma məntəqələrinin sayı yetəricə olmalıdır ki, elektromobil sahibi olmaq istəyənlər zərrə qədər tərəddüd etməsinlər

Bildiyimiz kimi, elektromobillərin satışının dinamikasına təsir edən amillərdən biri də məhz enerji doldurma məntəqələrinin lazım olan qədər olmasıdır. Elə bütün dünyada olduğu kimi Azərbaycanda həmin dinamikaya, elektromobillərin satış dinamikasına təsir edən məhz enerji doldurma məntəqələrinin sayının yetərincə olması hesab olunur. Amma etiraf etmək lazımdır ki, bununla bağlı öz həllini gözləyən məsələlər var və ölkədə 90-dan bir qədər az enerji doldurma məntəqəsinin olmasını, onların da yarıdan çoxunun paytaxt Bakıda yerləşməsini nəzərə aldıqda əmin oluruq ki, sözügedən ictimai infrastruktur hələ də inkişaf etməyibdir. Məhz buna görə də elektromobillərlə bağlı daxili bazar hələ də son dərəcə dar və əsasən paytaxtda lokallaşdırılıbdır.

“Yaşıl” nəqliyyatın tətbiqinin sürətli templə həyata keçirildiyi dövlətlərin təcrübəsindən görünür ki, optimal vəziyyət hər iyirmi elektrik avtomobili üçün ən azı bir enerji doldurma stansiyasının olması hesab olunur. Bu isə o deməkdir ki, əgər 2025-ci ilə qədər ölkədə təxminən 10 min elektrikli avtomobil olarsa, təxminən 500-dən artıq stansiya da lazım olacaq. Onu da nəzərə almaq lazımdır ki, özü də həmin stansiyalar təkcə paytaxtda deyil, eyni zamanda ölkənin əsas magistral yolları boyunca olmalıdır. Əks halda, yəni, regionlardakı yollarda avtomobili doldurmaq imkanı olmadığı təqdirdə, belə bir avtomobilə yiyələnmək istəyi və elektromobil almaq vətəndaşlar üçün daha az cəlbedici ola bilər. Bir sözlə, enerjidoldurma məntəqələri məsələsi olduqca aktualdır. Bir halda ki, vətəndaşların sadəcə olaraq, avtomobillərini enerji ilə doldurmaq imkanı məhduddur, deməli, həmin avtomobilləri almaq marağı və istəyi də az olacaq. Bu baxımdan da mütləq şəkildə həmin enerjidoldurma məntəqələrinin sayının yetəricə olması məsələsi öz həllini ən yaxın zamanda tapmalıdır. Öz həllini tapmalıdır ki, elektrikli mobil avtomobilə sahib olmaq istəyənlər zərrə qədər tərəddüd etməsinlər. Nəticədə də bu hal, ətraf mühitinin çirklənməsinin minimuma endirilməsi, ekoloji məsələlərin öz həllini tapması, insanların zərərli mühitdə yaşamasının, zəhərli qazların təsirindən zərər görməsinin, xəstələnməsinin qarşısının alınması deməkdir.

Ekoloji fəlakət saçan avtomobillərdən və yanacaqlardan uzaq olaq, elektromobillərin istifadəsi ilə sağlam yaşayışımız üçün əsaslı zəmin yaradaq

Dəfələrlə qeyd olunub ki, insan cəmiyyəti inkişaf etdikcə təbii ehtiyatlardan istifadənin də, onların ətraf mühitə tullantılarının da miqdarı, həcmi artır. Hər dəfə həyəcan təbili çalınır ki, təbii ehtiyatların gələcək nəsillərə də qalması, saxlanılması üçün onlardan olduqca ehtiyatla, lazımi həddə istifadə edilməli, tullantıları da minimuma endirilməlidir. Hər dəfə vurğulanır ki, neft və qaz ixrac edən ölkəmizdə həmin təbii ehtiyatlardan olduqca səmərəli istifadə edilməli, onların əldə edilməsində itgiyə yol verilməməli, tullantılarını isə bacardıqca yox etməliyik. Əslində, həmin təbii ehtiyatlar dedikdə, hamımız bilirik ki, söhbət neft və qaz hasilatından, həmin yanacaq növlərinin əldə edilməsindən, istifadəsindən gedir ki, onların da zərərli olduğu barədə bilməyən yoxdur. Yəni, heç kim üçün sirr deyil ki, neft və neft məhsulları bu gün insan cəmiyyətinin istifadəsi üçün yararlı olması ilə yanaşı, eyni zamanda, zəhərli maddələrin atmosferə buraxılması nəticəsində yaratdığı fəsadlara görə bütövlükdə insanlar üçün zərərlidir.

Zəhərli maddələrin atmosferə buraxılması ilə əlaqədar konkret rəqəmlər də bəllidir. Beləki, Dövlət Statistika Komitəsinin məlumatına görə, 2021-ci ildə stasionar mənbələrdən və avtomobillərdən atmosfer havasına atılan çirkləndirici maddələrin həcminin 880 min ton, 2022-ci ildə 930,6 min ton təşkil etdiyi artıq məlum olub. Təəssüf ki, 2023-cü ildə bu “gəstərici” bir milyon tonu keçib və bu fakt zərərli maddələrin atmosferdə sürətli şəkildə artımı deməkdir. Təbii ki, bu zərərli maddələrin 80 faizdən çoxunun məhz avtomobillərdən atılan tullantılar olduğu da bəllidir. Bütün bunlar isə əsasən onu deməyə əsas verir ki, zərərli maddələrlə atmosferin çirklənməsi, beləliklə də ekologiyanın korlanması, hətta məhv olması xəstəliklərin artmasına zəmin yaradır.

Nəzərə almaq lazımdır ki, xərçəng xəstəliyinin əsas mənbəyi olaraq məhz ekoloji problemlər göstərilir. Məhz Azərbaycanda da xərçəng xəstəliyinin sürətlə artması artıq həyəcan təbilinin çalınmasını vacib edir. Azərbaycanın məhz qlobal iqlim hadisəsi olan COP29-a hazırlaşdığı bir zamanda bu məsələnin yenidən aktuallaşması sözsüz ki, anlaşılandır. Azərbaycanın indi bütün dünyaya yaşıl enerji istehsalı üçün yeni imkanlar təqdim etdiyi bir zamanda bu məsələnin araşdırılması, düzgün intiqamətdə addılar atılması da lazımdır. Dövlətimizin bu istiqamətdə addımlar atması və bundan sonra da atacağı zərrə qədər də şübhə doğura bilməz, çünki lazımi məqamda belə addımların biz dəfələrlə şahidi olmuşuq. Onun da şahidi olmuşuq ki, vətəndaşlarımız həmin lazımi məqamlarda dövlətimizin yanında olub. Yaxşı olar ki, bundan əvvəl olduğu kimi, bu məsələdə də hər birimiz vətəndaş olaraq, dövlətimizin yanında olaq. Yaxşı olar ki, ekoloji fəlakət saçan avtomobillərdən və yanacaqlardan uzaq olaq və inkişaf etmiş ölkələrdə olduğu kimi, hibrid və elektromobillərin həyatımızda daha çox yer almasının yollarını axtaraq və bununla da sağlam yaşayışımız üçün əsaslı zəmin yaradaq. Bir şeyi nəzərdən qaçırmayaq ki, “yaşıl” enerji kimi, “yaşıl” nəqliyyat da ekoloji baxımdan bizim üçün ən faydalı olanıdır.

Müəllif: İnam Hacıyev
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
17
sia.az

1Источники