RU

700 bal toplayan Şəki məktəblisi: Gələcəkdə süni intellekt sahəsində Azərbaycanı layiqincə təmsil edəcəyimə inanıram

700 bal toplayan Şəki məktəblisi: Gələcəkdə süni intellekt sahəsində Azərbaycanı layiqincə təmsil edəcəyimə inanıram

Dövlət İmtahan Mərkəzinin açıqladığı nəticələrə əsasən, Şəki şəhər 18 nömrəli orta məktəbin məzunu Zərifə İlyasova hər iki mərhələnin cəminə görə maksimal olan 700 bal toplayıb.

ILK.AZ Azərtac-a istinadən xəbər verir ki, dünənin abituriyenti, bu günün tələbəsi Zərifə imtahanın birinci mərhələsində də maksimim nəticə, yəni 300 bal toplamışdı. Zərifə blok imtahanlarından maksimal toplayan zaman əməkdaşımızla söhbətində iyun ayında yeni uğura imza atacağına söz vermişdi. Budur, Şəki məktəblisi 1-ci ixtisas qrupu üzrə ölkə birincisidir.

Yüksək bal toplayaraq ölkə birincisi olan Zərifə İlyasova və sinif yoldaşları ilə onların təhsil aldıqları 18 nömrəli məktəbin həyətində görüşürük. Keçmiş məzunlar hazırda isə tələbə adını qazanan sinif yoldaşları sevincli olsalar da, həyəcanları hələ də getməyib. Onlarla söhbətdən bəlli olur ki, qarşılarına qoyduqları məqsədə tək Zərifə nail olub. Digər sinif yoldaşları növbəti imtahanlara qatılaraq ballarını artırmaq niyyətləri var. Zərifə isə onlara qarşıdakı imtahanlarda kömək edəcəyinə dair söz verir.

Respublika birincisi olan Zərifə isə bizə gələcək arzularından bəhs edir. “Məqsədim xarici şirkətlərdə data analitik kimi fəaliyyət göstərməkdi. Çünki informasiya texnologiyaları gündən-günə inkişaf edir və big data üzrə analiz, big data, biznes analitikası həmçinin süni intellekt üzərində işlər gələcəyin tələbləri olduğuna görə mən də istəyirəm ki, bugünkü əziyyətimin gələcəkdə artıqlaması ilə bəhrəsini görüm”, - deyən Zərifə sözlərinə onu da əlavə edir ki, riyazıyyat, fizika, kimya fənlərinə böyük marağı var. Bu səbəbdən də o, riyazıyyat ixtisası üzrə bakalavr təhsil alacaq. Sonradan isə təhsilini süni intellektin ən yüksək sahələrinə yönləndirəcək.

Məktəbin dərs hissə müdiri Zemfira Rəsulova bildirir ki, 18 nömrəli məktəb Şəkinin ən qədim təhsil ocaqlarından biri sayılır. Hazırda məktəb qəzalı olduğundan bir ildir ki, yaxınlıqdakı digər məktəbdə tədris davam etdirilir. Direktor müavini bildirir ki, yaxın vaxtlarda onlar üçün yeni məktəb binasının bünövrəsi qoyulacaq. Əlbəttə ki, yeni məktəbdə daha böyük uğurlar üçün çalışacaqlar.

XI a sinfinin rəhbəri Billurə Əhmədova artıq 27 ildir pedaqoji sahədə fəaliyyət göstərir. Builki məzunlarının uğuru isə Billurə müəllimənin uzun illər çəkdiyi zəhmətin bəhrəsi kimi yadda qalacaq.

“Hər sinfimin uğurlu nəticələri olub. Ancaq bu sinfimin uğuru daha da çoxdur. Zərifənin təhsil aldığı sinifdə onunla yanaşı, 5 şagirdimiz 600-dən yuxarı, 10 şagirdimiz isə 500-dən yuxarı bal toplayaraq yüksək nəticə göstərib. Bununla yanaşı, 10 şagirdimiz qırmızı fərqlənmə attestatına düşüb. Bütün bu uğurlar məni bir müəllim kimi çox sevindirir”, - deyən Billurə müəllimə sözlərinə onu da əlavə edir ki, şagirdlərinin yüksək nəticə göstərmələrinin əsas səbəbi müəllimləri tərəfindən verilən tapşırıqları layiqincə yerinə yetirmələri, həmçinin daim öz üzərində çalışmalarıdır.

Qeyd edək ki, Şəki-Zaqatala Regional Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil məktəblərinin 6 şagirdi bu il martın 3-də keçirilmiş buraxılış imtahanlarında (XI sinif üzrə) 300 bal toplayaraq maksimum nəticə göstərib. İmtahanlarda yüksək bal toplayan şagirdlərdən 3-ü Şəkini, 3 məktəbli isə Qəbələ rayonunu təmsil edirdi.

Mənbə: AZƏRTAC

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
76
2
ilk.az

3Источники